TDT və İƏT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Mirvohid Azimov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) inzibati və maliyyə məsələləri üzrə Baş katibinin yeni təyin olunmuş köməkçisi, səfir Bağdad Amreyevlə görüşüb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, noyabrın 19-da İstanbulda, TDT Katibliyinin mənzil-qərargahında keçirilən görüşdə tərəflər qarşılıqlı təbriklərini çatdırıb, yeni vəzifələrində bir-birlərinə uğurlar arzulayıblar.

Qeyd olunub ki, Bağdad Amreyev İƏT Baş katibinin köməkçisi vəzifəsinə təyin edildikdən sonra ilk rəsmi səfərini TDT Katibliyinə edib.

Görüşdə Mirvohid Azimov Bağdad Amreyevin TDT-nin Baş katibi vəzifəsində çalışdığı müddətdə təşkilatın institusional inkişafına, eləcə də türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.

Tərəflər TDT ilə İƏT arasında dialoq və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, iki təşkilatın katiblikləri arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlərdə praktiki əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Digər xəbərlər