Türkiyənin "Haber Global" televiziya kanalı Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı videomaterial hazırlayıb.
"Report"un məlumatına görə, videomaterialda AK Partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Kürşad Zorlu Azərbaycan-Türkiyə münasibətlərini dəyərləndirib.
O bildirib ki, Azərbaycan xalqının 6 il əvvəl Qarabağı işğaldan azad etməsi həm qürur, həm də sevinc mənbəyidir:
"Bu gün həm qürurlu, həm də xoşbəxtik. Çünki Azərbaycan bundan 6 il əvvəl Qarabağı işğaldan azad edib. Bu gün həm də Türk dünyasının Zəfər günü kimi tarixə düşüb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin, eləcə də bu qələbəyə gedən yolda Türkiyənin və türk millətinin qardaş Azərbaycan xalqının yanında olduğunun əhəmiyyətini bir daha vurğuladılar. Bu münasibətlər Türk dünyası üçün də yeni ümidlərin yaranmasına yol açıb".
K. Zorlu qeyd edib ki, Türkiyə, Azərbaycan və digər türk dövlətləri eyni ailənin üzvləridir. Onun sözlərinə görə, bu ailəyə daxil olan ölkələr arasında zaman-zaman fikir ayrılıqları və fərqli yanaşmaların olması mümkündür:
"Ancaq biz bütün bunların öhdəsindən gələ bilmişik. Prezident İlham Əliyevin də dediyi kimi, bizim birliyimiz sarsılmazdır. Gələcəyimiz eyni istiqamətə doğru addımlayır".
Deputat vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri yalnız bu günə deyil, əsrlərə söykənir və əbədi qardaşlıq xarakteri daşıyır.
O əlavə edib ki, bu qardaşlıq münasibətləri ortaq layihələr vasitəsilə də möhkəmlənir və dünyanın müxtəlif bölgələrində özünü göstərir.
Daha ətraflı süjetdə: