Cey Payper: Azərbaycanın azad edilmiş əraziləri sürətlə inkişaf edir

Azərbaycanın azad edilmiş ərazilərində yeni yolların, körpülərin və binaların tikilməsi regionun sürətli inkişafından xəbər verir.

Bunu "Report"un müxbirinə ABŞ-dən olan səyyah Cey Payper Zəngilanda bildirib.

"Bu, mənim ilk səfərimdir (Qarabağa və Şərqi Zəngəzura - red.) və burada baş verən bütün irəliləyişləri - yolları, binaları, infrastrukturu və yeni körpüləri görməkdən çox məmnunam. Tərəqqi göz qabağındadır", - o qeyd edib.

Payper vurğulayıb ki, bu, onun Azərbaycana ikinci səfəridir, ilk səfəri 2008-ci ildə baş tutub. Bu müddət ərzində hətta Bakının özündə belə olduqca böyük dəyişikliklər baş verib.

Azərbaycanın azad edilmiş ərazilərinə səfərdən danışan səyyah Ağdam şəhərini xüsusi qeyd edib: "Buraya gəlməzdən əvvəl Ağdam haqqında oxumuşdum və onun tamamilə dağıdıldığını bilirdim. Dünən bütün yeni tikililəri və bu şəhərin necə bərpa olunduğunu öz gözlərimlə görmək həqiqətən heyranedici idi".

Səyyah bir neçə ildən sonra regiona qayıtmaq niyyətində olduğunu bildirib: "Mən daha çox irəliləyiş görmək üçün buraya yenidən gələcəyəm. Ümid edirəm ki, bir neçə ildən sonra turistlər bu yerləri sərbəst ziyarət edə biləcək, iqtisadiyyata kömək edəcək və Azərbaycanın bu regionu necə inkişaf etdirdiyini müşahidə edəcəklər".

Digər xəbərlər