XTQ-nin keçmiş kəşfiyyat rəisi: Hər kəsin arzusu Şuşanı azad etmək idi - Müsahibə

Bəzi insanlar var ki, onlarla tanışlıq və söhbət adi bir müsahibə çərçivəsinə sığmır, illər keçsə də, qürurla xatırlayacağın, yaddaşında xüsusi yer tutan bir xatirəyə çevrilir. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) keçmiş kəşfiyyat rəisi, ehtiyatda olan polkovnik Eldəniz Namazovla söhbət də məhz belə xatirələrdəndir.

Keçdiyi yola ehtiram duyduğumuz, varlığı ilə qürur hissi yaşadığımız, yaşadıqları və şahidi olduqları ilə tariximizin canlı səhifələrini bu günə daşıyan qəhrəmanlarla söhbət etmək hər kəsə nəsib olmur. Hələ bu söhbətin ünvanı onların qarış-qarış azadlığına qovuşdurduqları torpaqlar, uğrunda mübarizə apardıqları Şuşadırsa...

Səhər saat 7-dir. Müsahibimlə birlikdə Şuşaya doğru yola çıxırıq. Bu dəfə söhbətimiz dörd divar arasında deyil, Zəfər yolunda, azadlığına qovuşmuş torpaqlarımızın qoynunda davam edəcək. Bir neçə saat sonra Füzuliyə çatırıq. Yol boyu Qarabağa, keçmişə, xatirələrə dair danışdıqlarımızın arasında müsahibimin asta, bir qədər də kövrək səslə dediyi bir cümlə diqqətimi çəkir - "Siz mənə dünyaları verdiniz... Bir müddətdir, Qarabağa gəlmirdim".

Bu sözlərdən sonra yolun mənim üçün də başqa bir məna daşıdığını hiss edirəm. Qarşımda sadəcə keçmiş döyüş yolunu danışacaq bir müsahib deyil, illər sonra doğma torpaqlara qayıdışın sevincini yaşayan, xatirələri bu yolların hər qarışına bağlı olan bir insan var. İlk sualımı da məhz bu hisslərin içində, Füzulidə, Zəfər yolunun üzərində ünvanlayıram.

- Altı il əvvəl azadlığı uğrunda mübarizə apardığınız Füzuli ilə bu gün yenidən qarşılaşırsınız. Bu illər ərzində dəyişən mənzərə sizdə hansı duyğuları yaradır?

- Biz buraya daxil olanda ərazi tamamilə fərqli idi. Düşmənin yad torpaqda olduğu ilk gündən hiss olunurdu, ona görə ki, daş üstə daş qoymamışdılar. Mən Füzulini əvvəlki dövründə olduğu kimi, böyük və gözəl bir şəhər kimi təsəvvür edirdim. Ancaq şəhər tamamilə xarabalığa çevrilmişdi. İndi isə hər şey dəyişib. Artıq abadlaşan Füzuli şəhəri var. İnsan fəxrlə baxır, qürur duyur. Torpağımız çiçəklənir.

- Cənab polkovnik, altı il əvvələ qayıdaq. Müharibənin başladığı və sizin irəli addımladığınız günü necə xatırlayırsınız?

- Sentyabrın 27-də ilk dəfə qüvvələrimizin tərkibində Murovdağ istiqamətində döyüşlərə qatıldım. Səhər saat 07:30-da aviasiya və artilleriya atəşi ilə müharibə başladı. İnanın ki, ilk atəşlərdən dərhal sonra müharibənin başladığını hiss etdik. Sevincimizdən az qala göylərə uçurduq, çünki bu bizim haqq işimiz idi. Mən o tarixi möhtəşəm gün adlandırardım.

- 44 günlük Vətən müharibəsində müharibənin taleyinə təsir edən mühüm döyüşlər yaşandı. Düşmənə ağır zərbə vurulan, yaddaşınızda iz qoyan belə döyüşlərdən hansını xatırlaya bilərsiniz?

- Oktyabrın 5-də artıq Füzuli-Cəbrayıl istiqamətində idik. Cəbrayılın işğaldan azad edilməsindən cəmi bir gün keçmişdi. Uğurlarımızı, Azərbaycan Ordusunun irəliləyişini gördükcə ruh yüksəkliyimiz daha da artırdı. Əlbəttə, qarşımızda müəyyən hədəflər var idi. Bir neçə şəhərin, rayonun və ya kəndin azad olunması Qarabağın tam azadlığı demək deyildi. Məqsədimiz bütün Qarabağı azad etmək idi.

Bütün fəaliyyətlərimizi də bu istiqamətdə qurmuşduq. Oktyabrın 5-də tapşırıq aldım. Cəbrayıldan Dağ Tumas və Dördyol həddindən Mincivan istiqamətində irəliləməli idik. Əsas məqsədimiz Qubadlı və Laçın istiqamətində, Arazqırağı ərazilər boyunca irəliləmək idi. Həmin istiqamətdə düşmənin böyük müqaviməti ilə qarşılaşmışdıq.

Bütün planlamalar aparılmışdı. "Yaşma" briqadasının Xüsusi Təyinatlı Qüvvələrinin 4-cü taboru avanqard taborun tərkibində hərəkət etməli idi. Biz də həmin taborla birlikdə fəaliyyət göstərməli idik. Eyni zamanda, sərəncamımıza dörd tankdan ibarət bir taqım verilmişdi. Məqsədimiz düşmənin müqavimət ocağına doğru irəliləmək, onu aşkar edərək məhv etmək idi.

Həmçinin, düşmən qüvvələri avtomatik olaraq bizim bölmələrimizin, xüsusilə də həmin taborun fəaliyyətinə qarşı cavab verməli idi. Bu baxımdan, həmin əməliyyat bir növ kəşfiyyat xarakteri də daşıyırdı. Düşmənin gizlədilmiş mövqelərini, əsas silahlarını və atəş açacağı istiqamətləri müəyyənləşdirməli, daha sonra digər qoşun növlərinin köməyi ilə həmin hədəfləri məhv edərək yaranmış vəziyyətdən istifadə etməli idik. Bu məqsədlə hazırlıqlar gedirdi.

Maskalanaraq ərazidə yerləşmişdik və düşmənin bizim mövqeyimizdən xəbəri yox idi. Oktyabrın 7-si idi. Səhər saat 10 radələrində artıq əmrin veriləcəyini gözləyirdik. Həmin vaxt yuxarı rəhbərlik rabitə vasitəsilə əlaqəyə çıxdı. Bizə bildirildi ki, düşmən kənd Horadiz istiqamətində təxminən 8-10 tank və çox sayda canlı qüvvə ilə irəliləyərək bizim təminat və təxliyə yolumuzu bağlamağa çalışır.

Biz Cəbrayılı işğaldan azad etmişdik, əsas qüvvələrimiz Cəbrayıl və Füzuli istiqamətində, cəbhəboyu ərazilərdə yerləşirdi. Ehtiyat və arxa cəbhə qüvvələrimiz isə Horadiz qəsəbəsi istiqamətində idi. Beləliklə, əsas qüvvələrlə onların təminat mənbələri arasında əlaqənin kəsilməsi təhlükəsi yaranmışdı.

Həmin istiqamətə ən yaxın bölmə bizim yerləşdiyimiz tabor idi. Komandan dərhal tapşırıq verdi ki, müdaxilə edək və düşmənin yolu tamamilə bağlamasına imkan verməyək. Digər qüvvələr köməyə gələnədək düşmənin irəliləməsinin qarşısını almalı idik.

Dərhal tabor komandiri mayor Emin Almuradovu və taborun qərargah rəisi vəzifəsini icra edən kapitan Elçin İsmayılovu çağırdım. Qısa müddətdə xəritə üzərində planlama apardıq və əməliyyatın icrasına hazırlaşdıq. Taborun şəxsi heyətinin sayı az idi. Təxminən 70-80 nəfərdən ibarət idik. Bundan əlavə, sərəncamımızda bir tank taqımı var idi.

Planlamanı elə qurduq ki, düşmən həm aldadılsın, həm də gözləmədiyi istiqamətlərdən zərbələrə məruz qalsın. Beləliklə, düşmənlə birbaşa təmasa girdik və yaxınməsafəli döyüş başladı. Düşmən gözləmədiyi vəziyyətlə qarşılaşmışdı. Şəxsi heyətimizin sayı az olsa da, Xüsusi Təyinatlı Qüvvələrin bir əsgərinin döyüş hazırlığı və peşəkarlığı bəzən düşmənin 10-15 əsgərinə bərabər ola bilər.

Planımıza uyğun olaraq düşmənin öndə və arxada yerləşən tanklarını, eləcə də digər texnikalarını vuraraq sıradan çıxardıq. Bu, düşmən arasında ciddi təşviş yaratdı. Onlar tanklarının vurulduğunu gördükdən sonra vəziyyətin nə qədər ciddi olduğunu anladılar. Düşmənin texnikaları bir-bir sıradan çıxarıldıqca şəxsi heyəti arasında təşviş daha da artdı. Onlar texnikalardan düşərək qaçmağa başladılar. Bu zaman sağ və sol cinahlardan irəliləyən qüvvələrimiz də düşmənin arxa hissəsinə çatmışdı. Beləliklə, düşmən atəş çənbərinə salındı və 4-cü taborun şəxsi heyəti tərəfindən güclü atəşə məruz qaldı. Düşmən qüvvələrinin böyük hissəsi həmin ərazidə məhv edildi. Nəticədə, əsas qüvvələrin köməyinə belə ehtiyac qalmadı.

Biz irəliləməyə davam etdik. Düşmən geri çəkildikcə qüvvələrimiz də irəliləyirdi. Kənd Horadiz və Dördyol daxil olmaqla, itirilmiş mövqeləri və vəziyyəti bərpa etdik. Düşmənin uzun müddətdir, planlaşdırdığı əməliyyatın qarşısını aldıq. Həmin əməliyyata çox sayda qüvvə cəlb etmişdilər.

Sadəcə, düşmən bir məqamı nəzərə almamışdı: qarşılarında Xüsusi Təyinatlı Qüvvələr dayanırdı. Mən sizi əmin edirəm ki, Xüsusi Təyinatlı Qüvvələrin başqa bir bölməsi və ya zabiti orada olsaydı, yaxud Azərbaycan Ordusunun ordu korpuslarına məxsus kəşfiyyat və əməliyyat taborları həmin tapşırığı alsaydı, onlar da bu işi böyük müvəffəqiyyətlə yerinə yetirərdilər. Sadəcə, həmin şans bizə nəsib oldu.

Düşmənin həmin döyüşdə, bildirilənə görə, 700 nəfərə qədər canlı qüvvəsi məhv edilmişdi. Çox az sayda şəxsi heyəti qaçaraq canını qurtara bilmişdi. Doqquz tank və bir BMP-2 qənimət olaraq ələ keçirildi. İki tank və üç BMP yandırılaraq sıradan çıxarıldı. Bundan başqa, çox sayda silah-sursat da qənimət götürüldü. Düşmənin bu qədər itki verdiyi həmin döyüşdə Xüsusi Təyinatlı Qüvvələrin taborunda bir nəfər də olsun yaralanmadı. Ancaq, təəssüf ki, iki şəhidimiz oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

- Məqsədiniz Şuşaya çatmaq idi. Lakin bu istiqamətdə irəliləmək üçün uzun və çətin bir yol qət etməli idiniz. Həmin yol boyunca hansı maneələrlə qarşılaşırdınız?

- Buradan (Zəfər yolunun əvvəlindən – red.) Şuşaya qədər çox böyük məsafə var idi. Dağlıq ərazi olduğundan həmin yolu piyada qət etmək lazım gəlirdi. Texnikalardan istifadə etmək isə qeyri-mümkün idi. Ona görə də düşmənin gec duyuq düşməsi bizim üçün əlverişli idi. Bu yollar çox dar, bəzi yerlərdə isə sadəcə köhnə dağ cığırlarından ibarət idi. Xüsusi Təyinatlı Qüvvələr həmin yollardan istifadə edərək irəliləməyə başladılar. Eyni zamanda, gələcəkdə texnikaların hərəkətini, təminat və təxliyə yollarını təmin etmək məqsədilə yolun genişləndirilməsinə və açılmasına başlanıldı.

İndi burada yol çəkildiyinə görə hər şey rahat görünür. Halbuki əvvəllər iki texnika qarşı-qarşıya gələndə onların yan-yana keçməsi belə mümkün olmurdu. Palçıqlı, yağışlı havada, sıldırım qayalardan keçən yollar hərəkəti həddindən artıq çətinləşdirirdi. Bu da bizim irəliləyişimizə ciddi təsir göstərirdi. Düşmən bütün gücünü sərf edirdi ki, yüksəkliklər boyunca qüvvələrimizin hücumunu dayandırsın və bizim Şuşaya doğru yaxınlaşmağımıza imkan verməsin...

Söhbətimiz davam etdikcə yolun mənzərəsi də dəyişməyə başlayır. Şuşaya doğru irəlilədikcə dağların arasından süzülən duman yavaş-yavaş yolumuzu alır, yolun hər iki tərəfini sirli bir mənzərəyə çevirir.

- Yeri gəlmişkən, Şuşanın dumanlı havası ilə tanışıq. Bəs döyüş zamanı bu cür hava şəraiti əməliyyatların gedişinə, irəliləməyinizə necə təsir göstərirdi?

- Dumanlı hava şəraiti hərəkət sürətimizi müəyyən qədər ləngitsə də, eyni zamanda bizə üstünlük verirdi. Ən azı uzaq məsafədən düşmənin bizi müşahidə və aşkar etməsinin qarşısını alırdı. Bu da bölmələrimizin qısa müddətdə irəliləməsini təmin edirdi. Dumanla bağlı bir hadisəni də qeyd etmək istəyirəm. Şuşa istiqamətində artıq yüksəkliklərə qalxmaq, qoşunlarımızı Şuşa-Laçın dəhlizinə doğru irəlilədərək keçidi təmin etmək lazım idi.

Hamı bilir ki, düşmən, demək olar, bütün yüksəkliklərdə yerləşmişdi və ərazini tam müşahidə edirdi. Buna görə də hərəkəti təmin etmək olduqca çətin idi. Axşama doğru qəfil duman yarandı. Sanki arzuladığımız kimi ərazini tamamilə duman bürüdü. Qoşunlarımız bundan istifadə edərək çox qısa müddətdə həmin yolu keçməyə nail oldular. Mövqelərimizi yenicə tutmuşduq ki, duman tamamilə çəkildi. Yəni, Allah da bu işdə bizə kömək edirdi. Allah bizim haqq yolunda olduğumuzu görürdü və yanımızda idi. Bu, həqiqətən belə idi. Dumanın bizə bu cür faydası dəymişdi.

- Döyüş meydanında Azərbaycan əsgərinin ruhunu, mübarizə əzmini necə təsvir edərdiniz? Bu döyüşdə Qarabağı heç vaxt görməyən, bu torpaqlarla bağlı xatirəsi olmayan oğullar belə Vətən torpağını azad etmək üçün böyük şücaət göstərirdilər. Onları irəli aparan əsas güc nə idi?

- Bax elə qarşıdakı ağacın yaxınlığında (qarşıdakı ağacları göstərir) döyüşlər gedirdi. Yaxınməsafəli döyüş idi. Əsgərlər yaralıları özləri və ya onlara kömək edən digər şəxslər vasitəsilə buradan çıxarırdılar. Bəziləri yüngül yaralı olduqları üçün özləri yeriyərək gəlirdilər. Ancaq qan içində olan əsgərlər də gözümüzün qabağından keçirdi. Birdən həmin istiqamətə baxanda gördük ki, 18-19 yaşlarında olan gənc bir əsgəri yaralı vəziyyətdə bir əsgəri döyüş sahəsindən çıxara bilmirlər. Yoldaşları onu təxliyə etmək istəyirdilər, ancaq əsgər razılaşmırdı.

Deyirdi ki, "Yox, mən döyüşürəm, məni döyüşdən çıxarmayın". Hər dəfə buradan keçəndə həmin 18-19 yaşlı əsgər yadıma düşür. İki güllə yarası almasına baxmayaraq, yenidən döyüşə qayıtmağa can atırdı. Bu, onların ürəyində həqiqətən nə qədər böyük təpər, Vətən sevgisi və döyüş əzmi olduğunu göstərirdi. Hamının fikri Şuşaya yönəlmişdi. Hamı Şuşaya doğru irəliləmək istəyirdi. Məsafə də artıq çox deyildi. Hamının arzusu Şuşaya çatmaq, onu görmək idi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Təəssüf ki, aralarında Şuşanı görmək qisməti olmayanlar da oldu. Amma, inanın ki, hər kəsin arzusu Şuşanı azad etmək, oraya çatmaq idi.

- Cənab polkovnik, Şuşa hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan şəhər idi. Hamımızın ürəyi Şuşa ilə döyünür, o torpaqları yenidən görəcəyimiz günü səbirsizliklə gözləyirdik. İnanıram ki, sizin də bir hərbçi kimi üzərinizə düşən vəzifədən əlavə, bir azərbaycanlı olaraq Qarabağda görmək, ayaq basmaq istədiyiniz xüsusi yerlər var idi. Şuşadan başqa, hansı ünvanları ziyarət etməyi arzulayırdınız?

- Ümumiyyətlə, Qarabağ haqqında o qədər düşünmüşdük, Qarabağı o qədər xəyalımızda canlandırmışdıq ki, elə bir ərazisi, elə bir kəndi yoxdur ki, onun hər qarışı bizim üçün əziz olmasın. Qarabağın hər qarışı Vətəndir. Ancaq Şuşanın xüsusi yeri var. Həmişə deyirdilər ki, Qarabağ bir üzükdür, Şuşa isə onun qaşıdır. Şuşanın işğaldan azad olunması bizim üçün çox böyük məna daşıyırdı. İçimizdə belə bir inam var idi ki, Şuşa azad olunubsa, deməli, Qarabağ da azaddır.

Şuşa ilə yanaşı, Qarabağın bütün ərazilərini görmək istəyirdim. Mənim üçün onların hamısı əziz idi. Ancaq ən çox da bir döyüş yoldaşım, silahdaşım, polkovnik Nəsimi Şadmanovun kəndini görmək istəyirdim. Onda ən çox sevdiyim xüsusiyyətlərdən biri Vətəni sevmə tərzi idi. Biri var, Vətəni sadəcə öz torpağın, özününkü olduğu üçün sevəsən, biri də var, onu böyük həsrətlə, yanğı ilə sevəsən. Mən Nəsiminin gözlərində əsir düşmüş torpağın acısını görmüşəm.

Sanki həmin torpaq özü də bir insan idi. Bunu dəfələrlə yaşamışam. Hinal dağı yüksəkliyindən Kəlbəcər görünürdü. Onun Kəlbəcərə baxarkən gözlərindən süzülən yaşları heç vaxt unutmamışam. Ona görə də həmişə deyirdim: "Allah bizə ömür versin. Bu qədər qanlı-qadalı günlərdən keçirik. Kaş səninlə birlikdə Kəlbəcərə gedə biləydim, Kəlbəcərin azadlığını görəydim. O zaman həqiqətən çox rahat olardım".

Mənim üçün ümumilikdə Qarabağın azadlığı nə qədər vacib idisə, Kəlbəcər rayonunun, onun balaca Zivel kəndinin azadlığı da bir o qədər əziz idi.

Nəsimi bu kəndi mənə o qədər gözəl təsvir etmişdi, o qədər həsrətlə, yanğı ilə danışmışdı ki, insanın bir kəndi necə sevə biləcəyini onun timsalında başa düşürdüm. Torpağını, suyunu, hətta balaca daşını, otunu, bitkisini belə nə qədər sevmək olarmış...

44 günlük müharibədən sonra düşmənin bir güllə atmadan Kəlbəcəri qaytarması da bizim üçün böyük bir qələbə idi. Mənim üçün daha bir xoşbəxtlik isə Kəlbəcərin təhvil alınmasında iştirak etmək oldu. Noyabrın 25-də Kəlbəcəri düşməndən təhvil almaq üçün Xüsusi Təyinatlı Qüvvələrin tərkibində mən də həmin əraziyə getdim və bir istiqamət üzrə rəhbər təyin olundum. Hansı istiqamətdə fəaliyyət göstərirdimsə, bütün əraziləri çəkərək Nəsimiyə göndərirdim. Elə bil dünyalar mənim idi.

O, həmin vaxt başqa vəzifədə, başqa tapşırıqda olduğuna görə bu istiqamətdə deyildi. Mən onun kəndini əvvəllər yalnız xəritədə görmüşdüm. Kəşfiyyatçı idim və ərazini bilməli idim. Ancaq heç özüm də bilmədən onların evini tapmışdım. Şəkilləri çəkib Nəsimiyə göndərdim və yazdım: "Qardaşım, artıq sizin evinizdəyik. Kəlbəcər azaddır, Zivel bizimdir!". Əvvəllər onun gözlərində gördüyüm həsrət hissini bu dəfə sevinc kimi yaşayırdım. Necə ki, vaxtilə onunla birlikdə Kəlbəcərin həsrətini çəkirdim, indi də qayıdış sevincini yaşayırdım.

Bu an ikimiz də kövrəlirik. Müsahibimin sözləri məni də duyğulandırır. Amma bu kövrəkliyin içində kədərdən daha çox sevinc, qürur və mənəvi rahatlıq var. Sanki illərin ağrısı, yaşananların ağırlığı bir anlıq öz yerini qürura verir. Müsahibim söhbətimizin sonunda, gözlərindəki o kövrəkliyə baxmayaraq, sözlərini böyük bir inamla tamamlayır: "Bu yolda xidmət etdiyim üçün şərəf duyuram. Bir də dünyaya gəlsəm, yenə bu yolu seçərəm, yenə hərbçi olaram. Vətənimin hər qarışı uğrunda ölməyə, döyüşə getməyə hazır olaram".

Bəzən bir insanın Vətənə sevgisini ifadə etmək üçün uzun cümlələrə ehtiyac qalmır. Bir ömrün seçimini, bir ömürlük sədaqəti ifadə edən bu sözlər isə yaddaşımda müsahibənin ən təsirli anı kimi qalır. Çünki bu, sadəcə bir hərbçinin peşəsinə bağlılığı deyil, Vətən yolunda yaşanmış bir ömrün qürurla verilən hesabatıdır.

Digər xəbərlər