Hər dayanacaqda bir tarix, hər döngədə bir mənzərə - Qarabağdan Reportaj

"Bir-birindən xoş ola ötən hər bir çağımız, günü-gündən ucala bu Vətən torpağımız..."

Radioda səslənən bu misraların fonunda Ağdam postuna çatırıq. Dilimizdə şükür, qarşımızda isə günü-gündən ucalan azad Qarabağ var.

Qarabağa iki günlük səfərimizdə görmək istədiyimiz tarixi məkanlar, haqqında çox eşitdiyimiz, amma ilk dəfə öz gözlərimizlə görəcəyimiz ərazilər çoxdur. Bu səfərdə məqsədimiz sadəcə bir neçə tarixi abidəni ziyarət etmək deyil, həm də azad edilmiş ərazilərin kəndlərini, yollarını, təbiətini, bir sözlə, bu gün bu torpaqların necə göründüyünü lentə almaq, yaddaşımıza həkk etməkdir.

Qarabağa uzanan yolun hər döngəsində fərqli bir mənzərə, hər nöqtəsində başqa bir tarix qarşımıza çıxır. İşğalın geridə buraxdığı xarabalıqları yeni, geniş yollar, abad kənd və şəhərlər əvəz edir. İlk dayanacağımız Ağdərə rayonunun Vəngli kəndidir. Kəndə çatmağımız axşam saatlarına təsadüf edir. Ətraf artıq qaranlığa qərq olub, səhərin açılmasını və buranı gündüz gözü ilə gəzməyi səbirsizliklə gözləyirik.

Səhər açılır. Gecələdiyimiz evin eyvanından bir qədər uzaqda, kəndin ən hündür nöqtələrindən birində yerləşən əzəmətli Gəncəsər monastırı görünür. Heç tərəddüd etmədən ilk ziyarət ünvanımızın məhz ora olacağını qərarlaşdırıb, abidəni daha yaxından görmək üçün yola düşürük.

Gəncəsər sadəcə dağların arasında yerləşən qədim tikili deyil, bura orta əsrlərdə Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri olmaqla yanaşı, on illərlə erməni saxtakarlığının qurbanına çevrilmiş abidələrimizdəndir. Elmi ədəbiyyatda "Xəznədağ məbədi" adı ilə də tanınan bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə də müqəddəs məkan sayılıb. Rus çarı I Nikolay tərəfindən 1836-cı ildə Alban Katolikosluğu ləğv edildikdən sonra Gəncəsər də digər alban kilsələri ilə yanaşı erməni qriqoryan kilsəsinə tabe edilib. Bundan sonra monastırın erməniləşdirilməsi başlayıb, tikililər və daş kitabələr saxtakarlığa və qanunsuz müdaxilələrə məruz qalıb, tarixi alban memarlıq üslubu bilərəkdən dəyişdirilib. Hətta ermənilər 2012-ci ildə bu abidənin divarlarını mərmər daşlarla üzləməyə belə cəhd ediblər. Bu gün isə bu abidə yenidən öz əzəli sahiblərinin ixtiyarındadır və tarixi irsimizin nadir xəzinəsi kimi qorunur.

Monastırı qarış-qarış gəzdikdən sonra kəndin mərkəzinə doğru qayıdırıq. İnsanlar doğma yurdlarına dönərək burada yenidən qurub-yaradır, təsərrüfatlarını bərpa edirlər. Sakinlərin böyük hissəsi kənd təsərrüfatı ilə məşğuldur. Bu mənzərənin fonunda bir çoban diqqətimizi çəkir. O, sürüsünü otara-otara uzaqdan bizə əl edir və səslənir:

"Vəngliyə xoş gəlmisiniz! Gəlin, qonağım olun, sizin üçün bir quzu kəsim!"

Ona təşəkkür edib, iş başında olduğumuzu deyirik.

"Heç olmazsa bir çayımızı için. Yaxşı balımız var" - deyə qonaqpərvər kəndli israr edir.

Bu sadə, səmimi dəvətin arxasında böyük bir doğmalıq yatır. İllər sonra öz yurduna qayıdan insanın tanımadığı qonağa "xoş gəlmisiniz" deməsi qayıdış sevincinin ifadəsidir. Kənd sakini ilə bir az ayaqüstü söhbətləşib, yolumuza davam edirik.

Vənglini cəlbedici edən yalnız füsunkar dağ mənzərələri və tarixi məkanları deyil; burada həyatın özünəməxsus ahəngi, ruhu var. Bu gün Vəngli həm də geniş turizm imkanları ilə diqqət çəkir. Kənddə fəaliyyətə başlayan restoranlar, hotel və digər xidmət obyektləri buranın gələcək potensialından xəbər verir.

Yol kənarında xanımlar sac asıb kətə, yuxa bişirirlər. Təndirdən yayılan isti çörək ətri isə bu yerlərin doğmalığını bir az da artırır. Kəndin mərkəzinə toplaşan sakinlərlə həmsöhbət oluruq. Ağsaqqallardan biri qayıdış haqqında sualımızı bir cümlə ilə cavablandırır: "Elə bil dünyaya yenidən gəlmişəm".

Bir qədər aralıda isə uşaqlar oynayır. Onlardan biri qarğıdan özünə at düzəldib. Uşaqlığımızın o sadə, lakin unudulmaz oyunlarından biri bu gün Vənglinin küçələrində yenidən canlanır.

Bu mənzərəyə baxanda adam istər-istəməz düşünür, bəlkə də, bu uşaqlar, fərqində belə olmadan, valideynlərinin, babalarının, nənələrinin burada yarımçıq qalmış uşaqlığını yaşadırlar. Vaxtilə bu torpaqlarda böyüyən nəsillərin yaddaşında donub qalan həyat indi yeni nəslin gülüşündə, oyunlarında və gündəlik qayğılarında yenidən cücərir.

Qarabağda həyatın ən böyük gözəlliyi də elə budur. Tarix burada həm qədim daş divarlarda yaşayır, həm də gələcək nəsillərin səsində, küçələrdən ucalan uşaq gülüşlərində, isti çörəyin ətrində hiss olunur. Buralar təkcə yenidən qurulmur, həm də öz ruhuna, doğma həyat ritminə qovuşur.

Vənglidən zəngin təəssüratlarla ayrılıb yolumuza davam edirik. Kənd arxada qaldıqca mənzərə də dəyişməyə başlayır. Yol bizi daha yüksək, sərt dağlıq ərazilərə aparır. Əzəmətli dağlar yaxınlaşır, yollar daralır, döngələr sərtləşir. Bu çətin yolun sonunda bizi Azərbaycanın ən qədim tarixi məkanlarından daha biri, Kəlbəcərdə yerləşən Xudavəng monastırı qarşılayır.

Uca dağların əhatəsindəki Xudavəng kompleksi müxtəlif dövrlərə aid tikililəri, əsrlərin izini daşıyan alban memarlığının unikal nümunələrini qoruyub saxlayıb. Burada bir müddət dayanıb ətrafa baxanda Xudavəngin sadəcə quru daşlardan ibarət olmadığını bütün varlığınla hiss edirsən. Bu divarlar əsrlər boyu baş verən tarixi hadisələrin ən səssiz şahidləridir. İşğalın son 10–20 ili ərzində ermənilər tərəfindən monastırda qanunsuz "bərpa" işləri aparılmışdı və bunun yeganə məqsədi tarixi saxtalaşdırmaq idi. Kompleksdə Həsən Cəlal (Albanəsilli Xaçın knyazı, Qafqaz Albaniyasının son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçın dövlətini qurub-red) nəslindən olan hökmdarların təsvir edildiyi nadir freskaların, eləcə də qədim Alban tarixi irsini sübut edən rəmz və naxışların silinərək zədələnməsi tarixi həqiqətlərə qarşı açıq təxribat idi. Dağların qoynunda əsrlərə meydan oxuyan bu abidə indi tamam fərqli bir ab-havadadır. Vaxtilə azərbaycanlılar üçün girişin mümkünsüz olduğu bu ərazilərdə bu gün rahatlıqla dayanıb şanlı tariximizə toxunmaq mümkündür.

Xudavəngdən ayrıldıqdan sonra marşrutumuz yenə dağların arasından keçir. Az sonra qarşıda bizi tamam başqa, əsrarəngiz bir mənzərə qarşılayır: Sərsəng su anbarı...

Dağların arasında qəfildən qarşıya çıxan bu nəhəng su hövzəsi insanda dərin təəssürat yaradır. Bir tərəfdə vüqarlı, uca dağlar, digər tərəfdə isə sakitcə uzanan mavi sular... Yol boyu şahidi olduğumuz bütün gözəlliklər içərisində Sərsəngin görüntüsü xüsusilə yaddaşlara həkk olunur. Tərtərçay üzərində yerləşən Sərsəng su anbarı Qarabağın ən böyük su təsərrüfatı obyektlərindən biridir. İşğal illərində bu su anbarına nəzarət edən Ermənistan, su ehtiyatlarından Tərtər və ətraf rayonların təminatına zərbə vurmaq, bölgədə süni quraqlıq yaratmaq məqsədilə təzyiq və ekoloji terror vasitəsi kimi istifadə edirdi. Bu gün isə ərazidə su təsərrüfatı infrastrukturunun bərpası və ondan səmərəli istifadə istiqamətində ciddi işlər aparılır. Vaxtı ilə təhdid silahına çevrilmiş Sərsəng bu gün Qarabağın dirçəliş və həyat rəmzlərindən birinə çevrilib. Sahildə dayanıb bu mənzərəni izləyərkən onun sıradan bir su anbarı olmadığını anlayırsan, ətrafındakı yaşıl dağlarla bütövləşən Sərsəng Qarabağın ən füsunkar təbiət incilərindən biridir.

İki gün ərzində qət etdiyimiz yollar bizi bir kənddən digərinə, bir tarixdən başqa bir tarixə apardı. Vənglidə həyatın yenidən canlandığını görüb, Gəncəsərdə əsrlərin izinə toxunduq, Xudavəngdə daşlara həkk olunmuş qədimliyin qarşısında sükuta daldıq, Sərsəngdə isə Qarabağ təbiətinin möhtəşəmliyinə şahidlik etdik. Bəlkə də, bu səfərin ən yaddaqalan tərəfi elə budur ki, Qarabağda hər yolun, kəndin, dağın özünün danışılmamış bir hekayəsi var. Bu hekayələri oxumağın ən yaxşı yolu isə uzaqdan eşitmək deyil, sadəcə yola çıxıb həmin yerləri öz gözlərinlə görməkdir.

Bizim iki günlük səfərimiz burada başa çatır. Amma gördüklərimiz bir daha sübut edir ki, Qarabağda sadəcə yol bitə bilər, bu müqəddəs torpaqların yenidən yaradılış, dirçəliş hekayəsi isə hələ yeni başlayır və əbədi davam edəcək.

Digər xəbərlər