Azərbaycanda dollarlaşma səviyyəsi tarixi minimuma enib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Valyuta bazarında həm nağd, həm də qeyri-nağd seqmentində təklif tələbi kəskin üstələyir. Vətəndaşların manata və bank sektoruna inamı artır. Dollarlaşma illik əsasda 3,3 faiz bəndi azalaraq 25,2 %-ə düşüb. Bu isə tarixi minimumdur. Ümumiyyətlə, 2021-ci ilin sonu ilə müqayisə etdikdə dollaşlaşma səviyyəsi 15,4 faiz bəndi azalıb. 10 ayda AMB-nin valyuta ehtiyatları 34 % və yaxud 3,9 milyard ABŞ dolları artaraq 15,4 milyard ABŞ dollarına çatıb. Bu, tarixi maksimumdur", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, 2027-ci ildə monetar siyasətin əsas hədəfi qiymət sabitliyidir və pul siyasətinin əsas lövbəri olan məzənnə sabitliyi mövcud alətlərdən istifadə etməklə təmin olunacaq: "Maliyyə sektoruna gəldikdə, 2024–2026-cı illəri əhatə edən strategiya yekunlaşmaqdadır və icra səviyyəsi 91 %-dir. Bu ilin sonuna qədər isə 2027–2030-cu illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyasının hazırlanması planlaşdırılır. Bu istiqamətdə əsas diqqət real sektorun maliyyələşdirilməsinə, rəqəmsallaşmaya, innovativ xətlərin tətbiqinə, maliyyə xidmətlərinin inklüzivliyinin artırılmasına, eləcə də tənzimləmə siyasətinin təkmilləşdirilməsi yolu ilə maliyyə sektorunun dayanıqlığının təmin edilməsinə yönəldiləcək".