Nazir: "Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı azalır"

Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı getdikcə azalmaqdadır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub: "Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Ötən il sektorun ÜDM-in nominal dəyərindəki payı 71,5 %-ə çatıb".

Bundan başqa, nazir deyib ki, Azərbaycanın dövlət büdcəsi gəlirlərində qeyri-neft-qaz sektorunun çəkisi artır: "10 ayda büdcə gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 55 %-i ötüb. Bu rəqəm 2021-ci ildə 49 % idi. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 %-dən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır. Son 5 ildə isə büdcənin qeyri-neft-qaz gəlirləri 9,3 milyard manat artıb - 2021-ci ildəki 12,9 milyard manatdan 2026-cı ildə 22,2 milyard manata çatıb".

Digər xəbərlər