Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq Azərbaycanın qadın voleybolu üçün çox mühüm hadisədir.

Bunu "Report"a açıqlamasında "Turan" klubunun oyunçusu Yuliya Kərimova deyib.

Voleybolçu Bolqarıstanın "Maritsa" komandasına qarşı cavab görüşü barədə fikirlərini bölüşüb:

"İlk oyundakı qələbədən sonra psixoloji üstünlüyümüz var idi. Lakin cavab qarşılaşmasının asan keçməyəcəyini anlayırdıq. Rəqibə hörmətlə yanaşaraq və üzərimizə düşən məsuliyyəti dərk edərək meydana maksimum konsentrasiya ilə çıxmışdıq. Məqsədimiz yalnız oynamaq deyil, əvvəlki görüşdə əldə etdiyimiz nəticəni təsdiqləmək idi".

O, tribunaların yaratdığı ab-havanın komandaya əlavə ruh yüksəkliyi verdiyini qeyd edib:

"Azarkeşlərin dəstəyi bizim üçün çox vacib idi. Oyun boyunca onların enerjisini və səmimiyyətini hiss edirdik. Belə atmosfer insana əlavə güc və motivasiya verir. Göstərdikləri dəstəyə və bizə olan inamlarına görə hamıya böyük təşəkkürümü bildirirəm. Həmçinin, məqsədimizə çatmağımız naminə gördükləri bütün işlər üçün klub rəhbərliyinə xüsusi minnətdaram. Yalnız irəli, yalnız qələbə!".

Oyunçu CEV Çempionlar Liqasının qrup mərhələsindəki hədəflərindən də danışıb:

"İlk növbədə, klubumuzu və Azərbaycanı Avropa arenasında layiqincə təmsil etmək istəyirik. Qarşıda bizi ciddi rəqiblərin və çətin oyunların gözlədiyini anlayırıq. Məqsədimiz keyfiyyətli voleybol nümayiş etdirmək, hər görüşdə mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni əldə etməkdir".

Y.Kərimova qazanılan qələbənin ölkə idmanı üçün əhəmiyyətini vurğulayıb:

"Bu, bütün Azərbaycan qadın voleybolu üçün çox mühüm addımdır. Belə uğurlar klublarımızın qitə səviyyəsində rəqabət aparmaq gücündə olduğunu göstərir. Ümid edirəm ki, nailiyyətimiz gənc voleybolçular üçün əlavə stimul olacaq və ölkəmizdə bu idman növünün inkişafına yeni təkan verəcək".

Qeyd edək ki, CEV Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" kollektivini səfərdə 3:0 hesabı ilə məğlub edən "Turan", Tovuz Olimpiya İdman Kompleksində baş tutan cavab görüşündə də rəqibindən üstün olub (3:0) və qrup mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər