Bu ilin noyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 38,37 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin noyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, oktyabr ayına nisbətən 0,31 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,76 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 1,91 faiz bəndi azalaraq, il ərzində isə 1,16 faiz bəndi artaraq 18,56 % olub. Beləliklə də sosial şəbəkənin bazar payı ardıcıl olaraq üçüncü aydır azalır.
Növbəti yerdəki “Pinterest”in bazar payı oktyabra nisbətən 3,12 faiz bəndi, 2023-cü ilin noyabr ayı ilə müqayisədə 4,21 faiz bəndi azalaraq 16,24 %-ə düşüb.
Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 2,61 faiz bəndi, illik isə 1,65 faiz bəndi artaraq 13,67 %-ə çatıb.
İlk beşliyi 7,95 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı oktyabr ayına nisbətən 2,44 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,44 faiz bəndi artıb.