Bu ilin 10 ayı ərzində "myGov"un istifadəçi bazası 2,2 dəfə artaraq 5 milyon unikal istifadəçini keçib.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov X Beynəlxalq Bank Forumunda deyib.
Onun sözlərinə görə, bunun 60 % hissəsi aylıq aktiv istifadəçidir: "Xidmətlərin istifadəsi, "myGov" vasitəsilə təqdim olunan xidmətlərdən istifadə 4,5 dəfə, məlumatlardan istifadə 2,2 dəfə artıb. Təbii ki, qarşımızda duran başlıca hədəf nəinki vətəndaş istiqamətində, eyni zamanda hüquqi şəxslərə münasibətdə dövlət xidmətlərinin vahid pəncərə platforması üzərindən həyata keçirilməsidir və yaxın gələcəkdə artıq myGov business platformasının ilkin pilot versiyasının istismara verilməsi nəzərdə tutulub".
F. Osmanov xatırladıb ki, Azərbaycan ilk dəfə olaraq elektron hökumətin inkişafı indeksində 36 pillə irəliləyərək 74-cü yerdən 38-ci yerə artıb: "Bu, yüksək inkişaf etmiş icra səviyyəsində ən yuxarı artım edən ölkə kimi Azərbaycan öz yerini tapıb. Xüsusilə qeyd etmək lazımdır ki, bu indeksdə Azərbaycan onlayn xidmətlər indeksi alt komponentində dünya üzrə, rəqəmsal transformasiya üzrə 11-ci yerə gəlib çatıb. Rəqəmsal transformasiyada vətəndaş və biznes mərkəzli dövlət xidmətlərinin təşkili əsas strateji hədəflərimizdən biridir. Təbii ki, bunun həyata keçirilməsində əsas rəqəmsal platforma vahid pəncərə, bir pəncərə funksiyasını daşıyan "myGov" həyata keçirir".
O bildirib ki, rəqəmsal transformasiya, innovasiya və süni intellekt Azərbaycanın dövlət siyasətinin mühüm tərkib bir elementidir: "Bunun bariz nümunəsi ötən bir-iki il ərzində qəbul olunmuş strategiyalar, siyasətlər, qanunvericilik dəyişiklikləri özündə bir daha ehtiva etməsidir. Xüsusilə qeyd etmək istərdik ki, 2025-ci ildən başlayaraq ölkəmizdə rəqəmsal inkişaf konsepsiyasının, ardınca süni intellekt strategiyasının qəbul olunması və cari ilin fevral ayında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-28-ci illəri əhatə edən fəaliyyət planının qəbul olunması bir daha ölkə rəhbərliyinin məhz ölkəmizin şaxələnən iqtisadiyyatın daha çox drayveri kimi bu rəqəmsallaşmanın, süni intellektin vacib bir fundamental elementə çevrilməsi kimi görür".
O bildirib ki, bu sahədə sürətli inkişafın təmin edilməsi üçün regionda və beynəlxalq aləmdə əlaqələndirilmiş və koordinasiyalı fəaliyyət çox mühümdür: "Bu fəaliyyəti bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir və fəaliyyət üzrə siyasi qərarların qəbul olunması Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərliyi ilə idarə olunan Rəqəmsal İnkişaf Şurası çərçivəsində tənzimlənir. Məhz bu effektiv əlaqələndirmə son dövrdə rəqəmsallaşma istiqamətində xüsusi töhfələrə gətirib çıxarıb".