Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) 36 pillə irəliləyərək 38-ci mövqeyə yüksəlməsi ölkədə rəqəmsal transformasiya istiqamətində həyata keçirilən sistemli siyasətin və ardıcıl islahatların mühüm nəticəsidir.
Bunu "Report"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev bildirib.
"Xüsusilə onlayn xidmətlər üzrə 11-ci, xidmətlərin təqdim edilməsi altindeksi üzrə 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdə qərarlaşmağımız Azərbaycanın rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyinin və institusional imkanlarının əhəmiyyətli dərəcədə gücləndiyini göstərir", - deyə o qeyd edib.
Sədr müavininin sözlərinə görə, bu nailiyyətin əldə olunmasında ölkə rəhbərliyinin müəyyən etdiyi strateji hədəflər, formalaşdırılan normativ-hüquqi baza və dövlət qurumları arasında koordinasiyalı fəaliyyət mühüm rol oynayıb: "İRİA olaraq rəqəmsal hökumət infrastrukturunun inkişafı, xidmətlərin təkmilləşdirilməsi və qurumlararası inteqrasiyanın genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. "mygov"un ölkənin vahid rəqəmsal hökumət platforması kimi formalaşdırılması, "digital.bridge" üzərindən məlumat mübadiləsinin genişləndirilməsi və "Kağızsız hökumət" prinsiplərinin tətbiqi bu fəaliyyətin əsas istiqamətlərindəndir".
"Əldə olunan nəticə yalnız beynəlxalq reytinqdə irəliləyiş deyil, həm də dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan, çevik və səmərəli təşkili baxımından mühüm göstəricidir. Bu istiqamətdə əsas rəqəmsal platformamız olan "mygov"un istifadəçi sayının 5 milyona çatması rəqəmsal dövlət xidmətlərinə ictimai marağın və etimadın artdığını nümayiş etdirir. Növbəti mərhələdə əsas diqqətimiz xidmətlərin həyat hadisələrinə uyğunlaşdırılmasına, proaktiv xidmət modelinin genişləndirilməsinə, süni intellekt əsaslı həllərin tətbiqinə, məlumatların təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsinə yönələcək. Hədəfimiz əldə olunan nailiyyətləri davamlı inkişafla möhkəmləndirmək, rəqəmsal hökumət ekosisteminin imkanlarını genişləndirmək və ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirməkdir", - deyə Ş.Əliyev əlavə edib.