Rumıniyalı ekspert: "Süni intellekt xarici siyasətdə yeni qaydalar müəyyənləşdirir"

Süni intellekt xarici siyasətdə yeni qaydalar müəyyənləşdirir.

"Report" xəbər verir ki, bunu Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun baş direktoru Adrian-Victor Vevera Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) bildirib.

"Bu gün biz elə bir dövrdə yaşayırıq ki, süni intellekt artıq sadəcə innovasiya aləti deyil, xarici siyasətdə və diplomatiya üçün yeni qaydaların müəyyənləşdirilməsində həlledici amildir. Bu, diplomatiya haqqında və texnologiya haqqında müzakirədir, kiber diplomatiya isə bu sahədə düzgün yoldur, yeni yanaşmadır. Buna görə də biz mürəkkəb çağırışları cavablandırmağa çağırılırıq: informasiya müharibəsinin idarə edilməsindən, rəqəmsal əsrdə həqiqətin müdafiəsindən tutmuş, kiberməkanda məsuliyyətli dövlət davranışının və hesabatlılığın müəyyənləşdirilməsinə qədər", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, dövlət qurumları üçün ən mühüm suallardan biri heç bir ölkənin nəzarət etmədiyi texnoloji infrastruktura və ekspertizaya arxalanmaqla qərar vermək üçün manevr imkanlarının olub-olmamasıdır: "Strateji muxtariyyət və beynəlxalq əməkdaşlıq məhz burada bir araya gəlir. Ona görə də mən strateji muxtariyyəti ölkənin adi seçimləri artıq əlçatan olmadıqda hələ də verə biləcəyi qərarlarla ölçərdim. O, vacib xidmətlərin fasiləsiz işləməsini təmin edə bilirmi? Vəziyyəti özü qiymətləndirə bilirmi? Tərəfdaşlara üz tuta bilirmi, həm də tamamilə onlardan heç birindən asılı olmadan? Bu baxımdan yanaşdıqda, güclü tərəfdaşlıq hər bir tərəfə hərəkət etmək üçün daha geniş imkanlar verir. O, hər bir tərəfdaşa özündə olmayan imkanlara çıxış verir və öz ölkəsində istifadə edə biləcəyi imkanlar yaratmağa kömək edir. Əməkdaşlığı strateji muxtariyyətlə uzlaşdıran məhz budur. Və bu sual enerji, nəqliyyat və rəqəmsal şəbəkələrin Rumıniyanın böyük maraq göstərdiyi Qara dənizlə Azərbaycanın böyük maraq göstərdiyi Cənubi Qafqazı birləşdirdiyi regionda xüsusi əhəmiyyət kəsb edir. Kiber insident bir operatorda başlaya bilər, lakin vacib xidmətlərin işlək vəziyyətdə saxlanılması bir neçə ölkədəki qurumların birgə işləməsini tələb edə bilər. Süni intellekt problemi daha tez aşkarlamağa kömək edə bilər. Birlikdə cavab vermək qabiliyyətimiz insidentdən əvvəl qurduğumuz münasibətlərdən və mənzərə hələ tam aydın olmadıqda belə bildiklərimizi bölüşmək istəyimizdən asılıdır".

Digər xəbərlər