Ziyafət Əsgərov: "Heç bir dövlət kibertəhdidlərin qarşısını təkbaşına ala bilməz"

Heç bir dövlət kibertəhdidlərin qarşısını təkbaşına ala bilməz.

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.

"Bu gün süni intellektin, kiberimkanların və yeni nəsil texnologiyaların qlobal güc balansını yenidən formalaşdırdığı tarixi bir dönüş nöqtəsindəyik. Bu texnoloji transformasiya sadəcə təhlükəsizlik mühitini dəyişmir, o, dövlətlərin xarici siyasət strategiyalarını, milli maraqlarını qoruma üsullarını və beynəlxalq alyansların xarakterini kökündən yeniləyir. Məhz belə bir mürəkkəb mənzərədə kiber diplomatiya dövlətlərin kiberməkanda məsuliyyət davranışının təşviqi, transsərhəd risklərin idarə olunması və etimad mühitinin qurulması üçün ən vacib strateji alətə çevrilir", - deyə o qeyd edib.

Z.Əsgərovun sözlərinə görə, süni intellektin sürətli inkişafı isə bu prosesə yeni bir ölçü əlavə edərək informasiya müharibələrindən və "deepfake" texnologiyalarından tutmuş kiberhücumların mənbəyinin müəyyən edilməsinə və kritik infrastrukturların mühafizəsinə qədər tamamilə yeni çağırışlar formalaşdırır: "Eyni zamanda iri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri strateji müstəqilliklə beynəlxalq tərəfdaşlıq arasında yeni və həssas bir balans tapmağa vadar edir. Müasir dünyada rəqəmsal texnologiyalar dövlətlərin iqtisadi inkişafının, sosial rifahının və idarəetmə sistemlərinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Lakin texnoloji tərəqqi görünməmiş miqyasda kiber hücumlar, kritik infrastrukturlara yönələn hədəfli təhdidlər və hibrid müharibə elementlərini də özü ilə yanaşı gətirir".

"​Bu gün kibertəhdidlər artıq heç bir dövlətin təkbaşına qarşısını ala biləcəyi qlobal xarakter daşıyır, ala bilməyəcəyi qlobal xarakter daşıyır. İstənilən dövlətin rəqəmsal sərhədlərinin təhlükəsizliyi əslində bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ayrılmaz tərkib hissəsidir", - deyə sədr müavini əlavə edib.

Digər xəbərlər