MSİM Harvard Universitetinin iştirakı ilə dövlət qurumlarının rəhbər şəxsləri üçün beynəlxalq təlim proqramına start verib

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə dövlət sektorunun rəhbər şəxsləri üçün süni intellektin idarəetmədə praktiki tətbiqinə həsr olunmuş beynəlxalq təlim proqramına start verilib.

16-19 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən "Süni intellekt agentləri dövründə dövlət idarəçiliyində liderlik" (Public Leadership in the Age of Agentic AI) adlı proqram "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın icrası çərçivəsində təşkil olunur.

Müxtəlif nazirlik və dövlət qurumlarından 100-dən çox rəhbər şəxsi bir araya gətirən proqram ABŞ-nin Harvard Universitetinin professoru Endryu Stori (Andrew Storey) və proqram meneceri Corciann Vilton (Georgianne Wilton) tərəfindən aparılır.

İkigünlük proqramın əsas məqsədi dövlət sektorunun rəhbər heyətinin süni intellekt sahəsində strateji qərarvermə və idarəetmə bacarıqlarını gücləndirmək, texnologiyanın institusional transformasiyada yaratdığı imkanlara dair praktiki biliklərini inkişaf etdirməkdir.

Təlim çərçivəsində süni intellekt agentlərinin dövlət idarəçiliyində tətbiqi, məlumatlara əsaslanan qərarvermə, təşkilati proseslərin optimallaşdırılması və texnoloji transformasiyanın idarə olunması məsələləri nəzərdən keçirilir. İnteraktiv sessiyalarda real idarəetmə ssenariləri əsasında süni intellekt həllərinin tətbiq imkanları və rəhbər şəxslərin bu prosesdəki strateji rolu müzakirə olunur.

Proqramın sonunda iştirakçılara sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, proqram "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın Tədbirlər Planının 8.3.1-ci bəndində nəzərdə tutulan "Ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə dövlət qurumlarının rəhbər heyəti üçün süni intellekt və data təliminin təşkil edilməsi" tədbirinin icrası çərçivəsində həyata keçirilir. Təşəbbüs beynəlxalq akademik təcrübənin dövlət idarəçiliyində tətbiqinə və süni intellekt üzrə institusional potensialın gücləndirilməsinə xidmət edir.

Digər xəbərlər