Elnur Məmmədov: Azərbaycan inklüziv əməkdaşlıq üçün dialoqun davam etdirilməsini dəstəkləyir

Azərbaycan etimad quruculuğu və inklüziv əməkdaşlıq üçün mühüm platforma təmin edən yeni yaradılmış qlobal mexanizm vasitəsilə dialoqun davam etdirilməsini dəstəkləyir.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.

Onun sözlərinə görə, Azərbaycan 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası çərçivəsində milli kiberdayanıqlığını gücləndirir:

"Azərbaycan həmçinin BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələr arasındadır və Budapeşt Konvensiyasının iştirakçısıdır. Biz BMT-nin İKT təhlükəsizliyi üzrə Açıq Tərkibli İşçi Qrupunda fəal iştirak etmişik və onun yekun hesabatının konsensus əsasında qəbulunu alqışlayırıq. Etimad quruculuğu və inklüziv əməkdaşlıq üçün mühüm platforma təmin edən yeni yaradılmış qlobal mexanizm vasitəsilə dialoqun davam etdirilməsini dəstəkləyirik. Bu öhdəliklər praktiki əməkdaşlıq, vaxtında məlumat mübadiləsi və daha güclü kollektiv dayanıqlılıq çağırışımızı möhkəmləndirir".

E.Məmmədov həmçinin süni intellektin dünyanın qarşılaşdığı təhdidləri sürətləndirdiyini vurğulayıb:

"Biz etimadın qurulmasına, məlumat mübadiləsinə və ümumi təhlükəsizliyimizin asılı olduğu əməkdaşlığın qorunmasına da eyni aktuallıqla yanaşmalıyıq".

Digər xəbərlər