Yeni rəqəmsal arxitekturanın bəhrəsi: BMT-dən Azərbaycana yüksək qiymət

Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə 2026-cı il hesabatında 38-ci yerə yüksəlib.

Bu, ölkənin rəqəmsal transformasiya sahəsində əldə etdiyi nəticələrin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından mühüm amildir.

2024-cü ildə 74-cü sırada qərarlaşmış ölkənin cəmi 2 ildə 36 pillə irəliləməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron platformaların genişləndirilməsi və idarəetmədə texnoloji həllərin tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Xüsusilə Onlayn Xidmətlər İndeksi üzrə 11-ci mövqeyə yüksəliş rəqəmsal dövlət xidmətlərinin inkişafında əldə olunan irəliləyişin miqyasını göstərir.

Azərbaycanın rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyinin yaxşılaşması son illərdə bu istiqamətdə aparılan islahatların nəticələrinin daha aydın görünməsinə şərait yaradır. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hazırladığı Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) ölkəmizin 36 pillə irəliləyərək 38-ci yerdə qərarlaşması təkcə reytinq göstəricisinin dəyişməsi deyil, eyni zamanda dövlət idarəçiliyində rəqəmsal həllərin tətbiqinin genişlənməsinin göstəricisidir.

Hesabata əsasən, Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib. Bu, 2024-cü ildə qeydə alınmış 0,7607 balla müqayisədə 16,3 %-lik artım deməkdir. Beləliklə, Azərbaycan "Çox yüksək EHİİ" kateqoriyasında mövqeyini daha da gücləndirib və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin daxil olduğu V3 altqrupuna yüksəlib.

Onlayn xidmətlər üzrə ilk onluğun bir addımlığında

Hesabatda Azərbaycanın ən nəzərəçarpan irəliləyişi Onlayn Xidmətlər İndeksi (OSI) üzrə qeydə alınıb. Ölkəmiz bu göstəricidə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək 11-ci mövqeyə yüksəlib. Bu nəticə ümumi reytinqdəki yüksəlişin əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilə bilər.

Maraqlı məqam odur ki, Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə bir sıra inkişaf etmiş ölkələri də qabaqlayıb. Belə ki, Azərbaycan bu göstərici üzrə Böyük Britaniya, İslandiya, ABŞ, Kanada, Norveç və Avstraliya kimi dövlətlərdən daha yüksək mövqedə qərarlaşıb. Xidmətlərin təqdim edilməsi altindeksi üzrə 10-cu yerin Estoniya ilə bölüşdürülməsi də diqqət çəkən nəticələrdəndir.

Bu məqamda qeyd edək ki, Onlayn Xidmətlər İndeksi dövlət xidmətlərinin rəqəmsal mühitdə nə dərəcədə inkişaf etdiyini bir neçə istiqamət üzrə qiymətləndirir. Buraya institusional çərçivə, xidmətlərin təqdim edilməsi, rəqəmsal məzmun, texnologiya, eləcə də vətəndaşların iştirakı və cəlb olunması daxildir. Bu meyarlar göstərir ki, yüksək nəticə əldə etmək üçün yalnız elektron xidmətlərin sayını artırmaq kifayət etmir. Həmin xidmətlərin istifadəçi üçün rahatlığı, əlçatanlığı, müxtəlif dövlət qurumları arasında əlaqələndirilməsi və vətəndaşların ehtiyaclarına uyğunlaşdırılması da mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın institusional çərçivə altindeksi üzrə dünyada birinci yerdə qərarlaşması bu baxımdan diqqətə layiq haldır. Bu göstərici rəqəmsal hökumətin inkişafı üçün zəruri olan normativ-hüquqi və institusional əsasların formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini ön plana çıxarır. Yəni rəqəmsal xidmətlərin davamlı inkişafı üçün texniki imkanlarla yanaşı, onların fəaliyyətini təmin edən idarəetmə mexanizmlərinin də mövcudluğu vacibdir.

Xidmətlərin təqdim edilməsi üzrə 10-cu nəticə isə rəqəmsal həllərin artıq praktik müstəviyə keçdiyini göstərir. Vətəndaşın dövlət qurumuna müraciət etmədən, müxtəlif arayış və sənədləri fiziki formada təqdim etmədən xidmət əldə etməsi dövlət-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına imkan verir. Bu model həm vaxt itkisinin, həm də inzibati prosedurların azalmasına xidmət edir.

Cənubi Qafqazda rəqəmsal hökumət üzrə lider

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə Azərbaycanın əldə etdiyi nəticə ölkənin təkcə qlobal miqyasda deyil, regional səviyyədə də mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini göstərir. Belə ki, Azərbaycan 2026-cı il hesabatında Cənubi Qafqaz ölkələri arasında ilk sırada qərarlaşıb. Ermənistanın 55-ci, Gürcüstanın isə 58-ci yerdə olması Azərbaycanın rəqəmsal hökumətin inkişafı sahəsində regionda lider mövqeyini təsdiqləyir.

Bu nəticə Azərbaycanın dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin regional müqayisədə də üstün nəticələr verdiyini nümayiş etdirir.

Azərbaycan MDB ölkələri arasında da mövqeyini yaxşılaşdıraraq 2024-cü ildəki 6-cı yerdən 3-cü sıraya yüksəlib. Daha diqqətçəkən nəticə isə Onlayn Xidmətlər İndeksi üzrə əldə olunub. Azərbaycan bu göstəricidə MDB, Türk Dövlətləri Təşkilatı və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDC) arasında birinci yerdə qərarlaşıb.

Türk dövlətləri ilə müqayisədə də Azərbaycanın göstəricisi diqqət çəkir. Belə ki, Onlayn Xidmətlər İndeksi üzrə Türkiyə ilə fərq cəmi 0,0008 bal təşkil edir. Bu, Azərbaycanla Türkiyənin rəqəmsal dövlət xidmətlərinin inkişafı baxımından bir-birinə çox yaxın göstəricilərə malik olduğunu ortaya qoyur.

Ümumilikdə, Azərbaycanın həm Cənubi Qafqazda liderliyə yüksəlməsi, həm MDB-də ilk üçlükdə yer alması, həm də bir sıra beynəlxalq qruplar üzrə onlayn xidmətlər sahəsində birinci olması ölkənin rəqəmsal hökumət sahəsində regional mərkəzə çevrilmək potensialını gücləndirir.

Rəqəmsal transformasiyanın institusional əsasları

Azərbaycanın beynəlxalq reytinqdə əldə etdiyi nəticəni yalnız ayrı-ayrı elektron xidmətlərin tətbiqi ilə əlaqələndirmək düzgün olmazdı. Son illərdə rəqəmsal transformasiya dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahədə strateji sənədlərin qəbulu, hüquqi bazanın təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi vahid rəqəmsal inkişaf modelinin formalaşmasına zəmin yaradıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi bu istiqamətdə siyasi iradənin, məsələyə sistemli yanaşmanın göstəricisidir. Rəqəmsal İnkişaf Konsepsiyası, həmçinin "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" kimi sənədlər qarşıdakı dövr üçün əsas prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Bu sənədlər çərçivəsində rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsilə yanaşı, məlumat infrastrukturunun inkişafı, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və dövlət idarəçiliyində səmərəliliyin artırılması kimi istiqamətlər ön plana çıxır. Eyni zamanda, İKT sektorunda fəaliyyət göstərən şirkətlərin və startapların dəstəklənməsi, vençur maliyyələşdirilməsi və kraudfandinq mexanizmlərinin inkişafı, texnoparkların hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi rəqəmsal iqtisadiyyatın institusional bazasının genişləndirilməsinə xidmət edir.

Bu yanaşmanın mühüm tərəfi rəqəmsal transformasiyanın yalnız dövlət sektorunun daxili ehtiyacları ilə məhdudlaşdırılmamasıdır. Rəqəmsal iqtisadiyyatın inkişafı üçün özəl sektorun, texnologiya şirkətlərinin və innovativ təşəbbüslərin prosesə cəlb edilməsi də vacibdir. Çünki yeni texnologiyaların hazırlanması və tətbiqi, rəqəmsal məhsulların bazara çıxarılması, müasir həllərin dövlət və biznes münasibətlərinə inteqrasiyası ümumi inkişaf tempinə təsir göstərir.

Bu istiqamətdə koordinasiyanın təmin olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti də əhəmiyyətlidir. Rəqəmsal transformasiya müxtəlif dövlət qurumlarının səlahiyyət və fəaliyyət sahələrini əhatə etdiyindən, vahid yanaşmanın təmin edilməsi, qərarların uzlaşdırılması və təşəbbüslərin icrasına nəzarət xüsusi önəm daşıyır. Qurumlararası koordinasiyanın gücləndirilməsi rəqəmsal layihələrin ayrı-ayrı istiqamətlər üzrə deyil, ümumi dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilməsinə imkan verir.

Rəqəmsal hökumətin əsas alətləri

Rəqəmsal hökumətin inkişafında ən vacib məsələlərdən biri dövlət xidmətlərinin vahid rəqəmsal mühitdə birləşdirilməsidir. Bundan qabaq vətəndaşın müxtəlif xidmətlərdən yararlanması üçün ayrı-ayrı qurumların sistemlərinə müraciət etməsi, eyni məlumatları təkrar təqdim etməsi və müxtəlif prosedurlardan keçməsi tələb oluna bilirdi. Yeni yanaşma isə bu proseslərin sadələşdirilməsini və xidmətlərin daha inteqrasiya olunmuş formada təqdim edilməsini nəzərdə tutur.

Bu baxımdan "mygov" platforması dövlət xidmətlərinin vahid rəqəmsal məkanda birləşdirilməsi istiqamətində mühüm vasitələrdən biridir. Bu platforma müxtəlif dövlət qurumlarının xidmətlərinə vahid mühitdən çıxış imkanı yaratmaqla vətəndaşların gündəlik inzibati prosedurlarını asanlaşdırmağa xidmət edir. Burada əsas məqsəd yalnız mövcud xidmətlərin elektron formaya keçirilməsi deyil, onların istifadəçi üçün daha rahat və operativ model əsasında təşkili olmalıdır.

Əlbəttə ki, rəqəmsal hökumətin effektivliyi birbaşa dövlət qurumları arasında məlumat mübadiləsinin səviyyəsindən də asılıdır. Buna görə də "digital.bridge" əsasında məlumat mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müxtəlif qurumların informasiya sistemlərinin əlaqələndirilməsi eyni məlumatların təkrar toplanması ehtiyacını azalda, xidmətlərin göstərilməsi zamanı prosedurları sadələşdirə və dövlət orqanlarının fəaliyyətində operativliyi artıra bilər.

Digər mühüm istiqamət Rəqəmsal Sənəd Dövriyyəsi və "Kağızsız hökumət" prinsiplərinin tətbiqidir. Sənədlərin elektron formada hazırlanması, ötürülməsi və saxlanılması həm inzibati xərclərin azaldılmasına, həm də qərarların qəbulunda çevikliyin artırılmasına imkan verir. Bu, xüsusilə çoxsaylı sənəd dövriyyəsi həyata keçirən dövlət qurumları üçün əhəmiyyətlidir.

Bununla belə, rəqəmsal platformaların mövcudluğu özlüyündə son nəticə hesab edilməməlidir. Əsas məsələ həmin platformaların gündəlik istifadədə nə dərəcədə effektiv olması, xidmətlərin fasiləsiz işləməsi, məlumatların aktuallığı və istifadəçilərin ehtiyaclarına uyğunlaşdırılmasıdır. Vətəndaşın bir xidmət üçün bir neçə sistemə müraciət etmək məcburiyyətində qalmaması, məlumatların qurumlar arasında təhlükəsiz şəkildə ötürülməsi və müraciətlərin mümkün qədər avtomatlaşdırılması rəqəmsal hökumətin növbəti inkişaf mərhələsini müəyyən edən amillər olacaq.

İnsan kapitalı və telekommunikasiya infrastrukturu həlledici amil kimi

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi yalnız onlayn xidmətlərin vəziyyətini qiymətləndirmir. İndeksin digər iki əsas komponenti Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksidir (HCI). Bu yanaşma rəqəmsal hökumətin inkişafının kompleks xarakter daşıdığını göstərir.

Telekommunikasiya infrastrukturu elektron xidmətlərin əlçatanlığı üçün əsas şərtlərdən biridir. İnternetə çıxış imkanlarının genişliyi, rabitə infrastrukturunun keyfiyyəti və texnoloji imkanlar dövlət xidmətlərinin rəqəmsal mühitdə fasiləsiz təqdim olunmasına birbaşa təsir göstərir. Xüsusilə regionlarda yaşayan əhalinin elektron xidmətlərdən istifadə imkanlarının artırılması rəqəmsal transformasiyanın inklüziv xarakter daşıması baxımından vacibdir.

Bu məsələdə yaş, yaşayış yeri və rəqəmsal bacarıqlar baxımından fərqlənən sosial qrupların ehtiyacları nəzərə alınmalıdır. Əks halda, elektron xidmətlərin sayının artması ilə onların faktiki istifadə səviyyəsi arasında fərq yarana bilər. Buna görə də rəqəmsal hökumətin inkişafı texnoloji imkanların yaradılması ilə yanaşı, həmin imkanlardan bütün əhali qruplarının yararlanmasını təmin etməlidir.

Süni intellekt və yeni inkişaf mərhələsi

EHİİ-nin 2026-cı il hesabatında rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlərin nəzərə alınması rəqəmsal hökumət anlayışının dəyişdiyini göstərir. Artıq beynəlxalq qiymətləndirmədə əsas diqqət yalnız elektron xidmətlərin mövcudluğuna deyil, onların nə dərəcədə inteqrasiya olunmasına və vətəndaşın ehtiyaclarını qabaqlamaq imkanlarına da yönəlir.

Bu baxımdan, proaktiv xidmət modelinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Belə modeldə vətəndaşın hər bir xidmət üçün ayrıca müraciət etməsi əvəzinə, dövlət qurumları mövcud məlumatlar əsasında onun ehtiyaclarını müəyyənləşdirərək müvafiq xidmətləri təqdim edə bilirlər. Məsələn, müəyyən həyat hadisəsi ilə əlaqədar bir neçə dövlət xidmətinə ehtiyac yarandıqda, həmin proseslərin vahid mexanizm vasitəsilə əlaqələndirilməsi vətəndaşın üzərinə düşən inzibati yükü əhəmiyyətli dərəcədə azalda bilər.

Süni intellekt texnologiyaları da dövlət idarəçiliyində yeni imkanlar yaradır. Bu texnologiyalardan müraciətlərin emalı, məlumatların təhlili, xidmətlərin fərdiləşdirilməsi və qərar qəbuletmə proseslərinə dəstək məqsədilə istifadə oluna bilər. Bununla yanaşı, süni intellekt həllərinin tətbiqi məlumatların qorunması, alqoritmlərin şəffaflığı və təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılmasını tələb edir.

Rəqəmsal dövlət xidmətlərinin genişlənməsi kibertəhlükəsizlik məsələlərinin əhəmiyyətini də artırır. Dövlət qurumlarının informasiya sistemlərində böyük həcmdə məlumatların toplanması və mübadiləsi onların qorunması üçün daha yüksək tələblər yaradır. Bu səbəbdən informasiya təhlükəsizliyi rəqəmsal transformasiyanın sonrakı mərhələsində əsas prioritetlərdən biri olaraq qalmalıdır. Vətəndaşların elektron xidmətlərə etimadının qorunması da məhz məlumatların təhlükəsizliyindən və sistemlərin etibarlılığından asılıdır.

Əldə olunan nəticələrin davamlılığı əsas hədəf olacaq

Azərbaycanın EHİİ üzrə 38-ci yerə yüksəlməsi ölkənin rəqəmsal inkişaf gündəliyində mühüm nailiyyətdir. Xüsusilə Onlayn Xidmətlər İndeksi üzrə 11-ci mövqe dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əldə olunan nəticələrin miqyasını nümayiş etdirir. Bununla belə, beynəlxalq reytinqdə yüksəliş qarşıdakı dövr üçün işlərin başa çatması deyil, daha yüksək hədəflərə çatmaq üçün əlavə imkanların yaranması kimi qiymətləndirilməlidir.

Növbəti mərhələdə əsas diqqətin rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına, onların bütün əhali qrupları üçün əlçatanlığına, dövlət qurumları arasında məlumat mübadiləsinin daha da genişləndirilməsinə və proaktiv xidmət modelinin inkişafına yönəldilməsi vacibdir. Eyni zamanda, telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, insan kapitalına investisiyaların artırılması, rəqəmsal savadlılığın yüksəldilməsi və kibertəhlükəsizlik mexanizmlərinin gücləndirilməsi əldə olunan nəticələrin davamlılığını təmin edə bilər.

Bir sözlə, Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləməsi rəqəmsal transformasiyanın artıq ayrı-ayrı elektron xidmətlərin tətbiqindən daha geniş mərhələyə keçdiyini göstərir. Qarşıdakı dövrdə əsas məsələ bu nailiyyəti vətəndaşların gündəlik həyatında hiss olunan nəticələrə çevirmək, dövlət xidmətlərini daha çevik, əlçatan və inteqrasiya olunmuş formaya gətirmək olacaq. Beləliklə, rəqəmsal hökumətin inkişafı yalnız beynəlxalq reytinqlərdə mövqenin yaxşılaşdırılması deyil, dövlət idarəçiliyinin səmərəliliyinin və vətəndaş məmnunluğunun artırılması baxımından da əhəmiyyət daşıyacaq.

Digər xəbərlər