Qlobal düyü bazarında bahalaşma təhlükəsi: Azərbaycan nə dərəcədə risk altındadır? - Təhlil

Ərzaq bazarlarında qiymətlərin dəyişməsi heç də həmişə istehlakçıların tələbatı və ya istehsalçıların kommersiya qərarları ilə müəyyənləşmir. Bəzən minlərlə kilometr uzaqda baş verən iqlim hadisəsi başqa bir ölkənin bazarında məhsulun qiymətinə, idxal xərclərinə və ərzaq təminatına təsir göstərir. Xüsusilə düyü kimi dünya əhalisinin böyük hissəsinin gündəlik qida rasionunda mühüm yer tutan məhsullar üçün hava şəraitindəki dəyişikliklər təkcə kənd təsərrüfatı məsələsi deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyan amildir.

Hazırda qlobal düyü bazarı məhz belə bir sınaq qarşısındadır. Asiyada yağıntı rejiminin dəyişməsi, əsas istehsalçı ölkələrdə məhsuldarlıqla bağlı narahatlıqlar və ixrac siyasətində mümkün dəyişikliklər təklifin daralması riskini artırır. Üstəlik, düyü istehsalçıları ərzaq bazarının tələbatı ilə yanaşı, bioyanacaq sənayesinin xammal ehtiyacını da nəzərə almaq məcburiyyətindədirlər. Beləliklə, iqlim amili ilə sənaye tələbatının üst-üstə düşməsi dünya bazarında yeni qiymət dalğasının yaranmasına zəmin hazırlayır.

Bu mənzərədə Azərbaycan üçün də vacib suallar meydana çıxır: əsas tədarükçülərdən birində istehsalın azalması ölkənin idxal imkanlarına necə təsir edə bilər? Daxili istehsalın artması xarici bazarlardakı mümkün bahalaşmanın təsirlərini nə dərəcədə yumşalda bilər?

ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) məlumatlarına görə, hazırkı El-Ninyo hadisəsinin 1950-ci ildən bəri ən güclü hadisə olması ehtimalı 83 % qiymətləndirilir. İqlim anomaliyaları ən çox rütubətsevər bitkilərə təsir göstərir və onların arasında düyü xüsusi yer tutur. Cənubi və Cənub-Şərqi Asiyada yağıntı rejiminin dəyişməsi 2026-2027-ci il mövsümündə dünya düyü istehsalının son on ildə ilk dəfə təxminən 2 % azalmasına səbəb ola bilər. USDA (ABŞ Kənd Təsərrüfatı Departamenti) və FAO (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) da 2026/27 marketinq ilində qlobal düyü istehsalının azalacağını proqnozlaşdırır.

Hava şəraitinin pisləşməsi və məhsuldarlığın aşağı düşməsi gözləntiləri fonunda Dünya Bankı düyünün bahalaşmasının davam edəcəyini proqnozlaşdırır. Qurumun qiymətləndirməsinə əsasən, məhsulun dünya bazar qiymətləri 2026-cı ildə 10 %, 2027-ci ildə isə əlavə 12 % arta bilər.

Bioetanol sənayesi düyü bazarına təzyiq göstərir

El-Ninyo qlobal düyü ixracının təxminən 40 %-ni təmin edən Hindistanda nəmlik çatışmazlığına səbəb olur. Yay mussonlarının zəifləməsi nəticəsində ölkənin əsas düyü əkinləri təhlükə altına düşüb. Ekspertlər xəbərdarlıq edirlər ki, məhsuldarlığın azalması Hindistanı 2023-cü ildə olduğu kimi, düyü ixracına sərt məhdudiyyətlər və ya tam qadağa tətbiq etməyə sövq edə bilər. Belə bir qərar təchizat baxımından onsuz da həssas və parçalanmış dünya bazarında ciddi narahatlıq yaradaraq qiymətləri 2008-ci ilin tarixi maksimumlarına – ton üçün 700-750 ABŞ dollarına qədər yüksəldə bilər.

"S&P Global Energy CERA"nın proqnozuna görə, 2026/27 marketinq ilində Hindistanda düyü istehsalı 8 milyon ton azalaraq 146 milyon tona düşə bilər. Məhsula mənfi təsir göstərə biləcək amillər sırasında El-Ninyo ilə yanaşı, ölkənin cənub bölgələrində quraqlıq, "Arnab" siklonu və Çxattisqarh ştatında mövsümdənkənar yağıntılar da yer alır.

Hindistanın daxili bazarında vəziyyəti mürəkkəbləşdirən digər amil isə düyü uğrunda rəqabətin genişlənməsidir. İxracatçılar, yem istehsalçıları və bioetanol sənayesi müəssisələri eyni xammal mənbəyinə maraq göstərirlər. Cari mövsümdə ölkənin bioyanacaq proqramının icrası üçün təxminən 11 milyard litr etanol tələb olunur. Bununla yanaşı, dövlətə məxsus "Food Corporation of India" şirkəti etanol istehsalçılarına 7,2 milyon tondan çox düyü təqdim etməyi planlaşdırır.

Bu vəziyyət Hindistanın ixrac siyasəti ilə bağlı narahatlıqları da artırıb. Yerli ixracatçılar 100 %-lik düyü yarmasının xaricə satışına məhdudiyyətlərin yenidən tətbiq edilə biləcəyindən ehtiyat edirlər. Bu məhsulun ixracına əvvəlki qadağa 2022-ci ilin sentyabrından 2025-ci il martın 7-dək qüvvədə olub.

Sahə nümayəndələri ilə hökumət arasında danışıqlar noyabrın 4-də keçirilib. Noyabrın 5-də bu məhsulun FOB Kakinada şərtləri ilə ixrac qiyməti ton üçün 336 ABŞ dolları təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 5,3 % çoxdur. Bazar iştirakçılarının məlumatına görə, etanol istehsalçılarının, quşçuluq yemi istehsalçılarının və xarici alıcıların artan tələbi fonunda beynəlxalq qiymətlər artıq ton üçün 360 ABŞ dollarını ötür.

Düyü qiymətlərində yeni yüksəliş dalğası

Hindistan bazarındakı gərginlik artıq qiymət göstəricilərində də hiss olunur. Noyabrın 10-na ölkədə düyünün orta pərakəndə satış qiyməti kiloqram üçün 0,52 ABŞ dollarına çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 14 %, oktyabr ayının göstəricisindən isə 7 % çoxdur.

Oxşar tendensiya digər Cənub-Şərqi Asiya ölkələrində də müşahidə edilir. Tayland Düyü İxracatçıları Assosiasiyasının məlumatına görə, 2026-cı il noyabrın 4-də 5 % sınıq dən tərkibli ağ düyünün ixrac qiyməti ton üçün 499 ABŞ dollarına yüksəlib. Bu, 2024-cü ilin dekabrından bəri qeydə alınan ən yüksək göstəricidir.

Düyünün bahalaşması digər əsas taxıl məhsullarının qiymət dinamikasından da fərqlənir. Oktyabrda Filippində düyünün qiyməti illik müqayisədə 21 % artdığı halda, buğda və qarğıdalı kotirovkalarında azalma qeydə alınıb. Bu fərq düyü bazarındakı qiymət artımının ümumi ərzaq inflyasiyasından daha çox, məhsulun istehsalına və təklifinə təsir edən spesifik amillərlə bağlı olduğunu göstərir.

Azərbaycan düyü bazarında yeni mənzərə

Azərbaycan düyüyə olan tələbatının təxminən 70 %-ni idxal hesabına ödəyir. Bu məqsədlə ölkəyə hər il 40-50 min ton civarında düyü gətirilir. Ənənəvi olaraq əsas tədarükçü Hindistandır. Ötən il idxal olunan düyünün 70,3 %-i bu ölkənin payına düşüb. Bu ilin ilk səkkiz ayında da Hindistanın üstünlüyü qorunub – ümumi idxalın 77 %-i həmin ölkənin hesabına formalaşıb.

Hesabat dövründə Azərbaycana ümumilikdə 27,4 milyon ABŞ dolları dəyərində 30 min 355 ton düyü idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25 %, həcm baxımından isə 22 % azdır.

Əsas tədarükçülər üzrə göstəricilər də idxalın azaldığını təsdiqləyir. Hindistandan 23 min 313 ton düyü gətirilib ki, bu da illik müqayisədə 20 % azdır. Qazaxıstandan idxal 10,4 % azalaraq 4 min 692 tona, Pakistandan 3,4 dəfə azalaraq 773 tona, Türkiyədən isə 4,9 dəfə azalaraq 126 tona düşüb. İstisna yalnız Rusiyadır: bu ölkədən tədarük 4,5 dəfə artaraq 1 288 tona çatıb.

Maraqlı məqam idxalın fiziki həcmi ilə yanaşı, bir ton məhsulun idxal dəyərində də dəyişikliklərin qeydə alınmasıdır. Belə ki, bu ilin ilk səkkiz ayında Hindistandan gətirilən düyünün bir tonunun idxal dəyəri 986 manat təşkil edib ki, bu da illik müqayisədə 2,5 % azdır. Qazaxıstandan idxalda bu göstərici 558 manat (19 % az), Rusiyadan 553 manat (18 % az), Pakistandan 889 manat (15 % çox), Türkiyədən isə 1 344 manat (91 % çox) olub.

Beləliklə, əsas tədarükçülər üzrə məlumatlar Azərbaycana gətirilən düyünün böyük hissəsinin idxal dəyərində azalma olduğunu göstərir. Bu isə dünya bazarında bahalaşma gözləntiləri ilə ölkənin idxal göstəriciləri arasında hələlik fərqli mənzərənin mövcudluğuna işarə edir.

Yerli istehsal idxaldan asılılığı zəiflədir

Son illər Azərbaycanda düyü idxalından asılılığın azaldılması və yerli istehsalın genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasətin nəticələri əkin sahələrinin və məhsul istehsalının dinamikasında aydın görünür.

Belə ki, çəltik əkinlərinin sahəsi 2020-ci ildəki 3 min hektardan 2025-ci ildə 5 min hektara çatdırılıb. Ötən il ölkə üzrə orta məhsuldarlıq da 11 % artaraq hər hektardan 35,4 sentner təşkil edib.

Nəticədə düyü istehsalı 2020-ci ildəki 9 min 397 tondan 2025-ci ildə 21 min 226 tona yüksəlib. Başqa sözlə, beş il ərzində yerli istehsal 2,3 dəfə artıb.

İstehsalın genişlənməsi ölkənin özünütəminetmə səviyyəsinə də müsbət təsir göstərib. Düyü ilə özünütəminetmə göstəricisi 2020-ci ildə 14,2 % olduğu halda, 2021-ci ildə 17,7 %, 2022-ci ildə 17,6 %, 2023-cü ildə 20,4 %, 2024-cü ildə 22,3 %, 2025-ci ildə isə 27,9 % təşkil edib. Beləliklə, son beş ildə bu göstərici təxminən 96 %, təkcə ötən il ərzində isə 25 % yüksəlib.

Digər tərəfdən, əhalinin düyü istehlakında da müəyyən dəyişikliklər müşahidə olunur. Adambaşına illik istehlak 2020-ci ildəki 6,4 kiloqramdan 2025-ci ildə 7,3 kiloqrama yüksəlsə də, 2024-cü illə müqayisədə 0,3 kiloqram və ya 4 % azalıb. Bunun nəticəsində əhalinin şəxsi istehlak fondu 2024-cü ildəki 77 min 73 tondan 2025-ci ildə 74 min 863 tona düşüb. Bununla belə, son beş ildə ümumi göstərici 18 % artıb.

Qlobal tədarükün gələcəyi sual altındadır

Dünya düyü bazarının yaxın perspektivi, ilk növbədə, Asiyada hava şəraitinin necə dəyişəcəyindən və bunun əsas istehsalçı ölkələrin məhsuldarlığına təsirindən asılı olacaq. Hazırda bazar eyni vaxtda bir neçə qeyri-müəyyənliklə üz-üzədir: iqlim riskləri, Hindistanda daxili tələbatın artması, bioetanol sənayesinin xammala marağı və Yeni Dehlinin gələcək ixrac siyasəti.

Hindistanın düyü ixracına yenidən məhdudiyyətlər tətbiq etməsi hələlik təsdiqlənmiş qərar deyil və müzakirə mövzusu olaraq qalır. Bununla belə, ölkənin daxili bazarda təklifin artırılması istiqamətində atdığı addımlar diqqət çəkir. Belə ki, noyabrın 6-da Hindistan hökuməti 2026/27 marketinq ili üçün elektron hərraclar vasitəsilə satışa çıxarılacaq düyünün həcmini 2,5 milyon tondan 5 milyon tona çatdırıb.

Bu qərar daxili bazarda təklifin genişləndirilməsi baxımından müsbət siqnal sayıla bilər. Lakin onu qlobal bazardakı riskləri aradan qaldıran amil kimi qiymətləndirmək çətindir. Çünki istehsalın azalması ehtimalı, sənaye və ərzaq sektorları arasında xammal rəqabəti, eləcə də ixrac siyasəti ilə bağlı qeyri-müəyyənlik artıq beynəlxalq qiymətlərə təsir göstərir.

Azərbaycan üçün hazırkı mənzərə isə ikitərəflidir. Bir tərəfdən, ölkənin düyü idxalının azalması və yerli istehsalın artması xarici bazarlardan asılılığın zəiflədiyini göstərir. Digər tərəfdən, tələbatın hələ də təxminən 70 %-nin idxal hesabına ödənilməsi qlobal təchizat zəncirində baş verən dəyişiklikləri ölkə üçün əhəmiyyətli edir. Üstəlik, Hindistanın Azərbaycanın düyü idxalında dominant mövqeyi bu bazardakı mümkün məhdudiyyətləri xüsusi diqqət mərkəzində saxlayır.

Hələlik dünya bazarında gözlənilən bahalaşma Azərbaycanın idxal statistikasında özünü göstərmir. Lakin mövcud idxal dəyəri gələcək qiymət dəyişiklikləri üçün təminat sayıla bilməz. Əgər əsas tədarükçülərdə istehsal azalarsa və ixrac imkanları məhdudlaşarsa, yerli istehsalın artmasına baxmayaraq, ölkənin idxal xərcləri də yüksələ bilər. Bu baxımdan, qarşıdakı dövrdə əsas məsələ tədarük mənbələrini şaxələndirmək və daxili bazarın xarici şoklara davamlılığını gücləndirməkdir.

Digər xəbərlər