Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi

Azərbaycan Ordusu addım-addım irəliləyərək, Ermənistanın işğalı altındakı şəhər və kəndləri bir-birinin ardınca azad etdi. Bu, sadəcə cəbhə xəttinin dəyişməsi deyildi. İnsanlar illərlə həsrətində olduqları torpağın geri qaytarıldığını görürdü. Hər azad olunan yaşayış məntəqəsi həm hərbi uğur, həm də xalqın arzularının gerçəyə çevrilməsi idi.

Noyabrın 8-də Şuşanın geri qaytarılması müharibənin taleyini həll etdi. Dağlıq, çətin ərazidə qazanılan bu hərbi uğur qarşı tərəfin müqavimətini tam sarsıtdı. Azərbaycan üçün tarixi əhəmiyyəti böyük olan şəhərin qaytarılması döyüş meydanından kənarda da böyük əks-səda doğurmuşdu və beynəlxalq təzyiqlərin artmasına səbəb olmuşdu. Lakin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalq-dövlət birliyi və sarsılmaz milli iradə bütün təzyiqlərə üstün gəldi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi.

Döyüş meydanında qazanılan Qələbə işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarının güllə atılmadan geri alınmasına şərait yaratdı. Bu məqam çox önəmlidir. Güclü ordu təkcə hücum və ya müdafiə üçün deyil, qarşı tərəfi danışıq masasında da real addım atmağa məcbur etmək üçün lazımdır. 44 günlük müharibədə Azərbaycan özünün hərbi üstünlüyünü siyasi nəticəyə çevrilməyi bacardı.

"Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi. Mən dəfələrlə bildirirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik",- Prezident İlham Əliyevin Qələbənin 6-cı ildönümü münasibətilə Xankəndidən xalqa müraciətində bildirib.

Qələbəni şərtləndirən amillər. Təbii ki, bu Qələbə yalnız 44 günün uğuru deyildi. Onun arxasında illərlə yorulmadan hədəfə doğru irəliləyən milli iradə dayanırdı.

Qətiyyətli rəhbərlik. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə sosial-iqtisadi cəhətdən gücləndi, beynəlxalq nüfuzu artdı. İşğal illərində kənar təzyiqlər olsa da, Azərbaycan haqlı mövqeyindən geri çəkilmədi. Torpaq məsələsi unudulmadı, güzəştə gedilmədi.

Fəal diplomatiya. Haqqı təkcə döyüş meydanında müdafiə etmək kifayət deyil. Onu dünyaya aydın və ardıcıl şəkildə çatdırmaq da lazımdır. Heç bir beynəlxalq təzyiqə baxmayaraq, güclü ordu və düşünülmüş xarici siyasət bir-birini tamamladı.

Ordu, texnika və milli ruh. Döyüşlər zamanı müasir silahlar və peşəkar hazırlıq mühüm rol oynadı. Azərbaycan Ordusu yüksək nizam və birlik nümayiş etdirdi. Qarşı tərəf isə sonradan öz sıralarında geniş fərarilik olduğunu etiraf etməli oldu. Amma texnika insanı əvəz etmir. Vətəndaş və hərbçi ləyaqəti, xalqın milli ruhu, birlik və həmrəylik qələbənin görünməyən, lakin ən möhkəm dayağı oldu.

Prezident İlham Əliyevin xalqa müraciətində xatırlatdığı faktlar da bunun əyani sübutudur. "Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta bizi daim hədələyirdi. Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, "Qarabağ Ermənistandır və nöqtə" sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir"- ölkə başçısı vurğulayıb.

Antiterror əməliyyatı və tam suverenlik

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi. Bu, uzun münaqişənin hərbi mərhələsinə son qoyan addım oldu. Ölkə öz ərazisini separatçılıq və terror yuvalarından təmizlədi.

"O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, "Qarabağ Azərbaycandır və nida". O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur",- Prezident İlham Əliyev o tarixi günləri xatırladıb.

Tarix isə yalnız keçmiş deyil, həm də gələcək üçün bir dərsdir. Azərbaycanın öz ərazi bütövlüyü və süverenliyinin tam bərpası ilə nəticələnmiş haqq savaşı bir sıra faktorların əyani sübutu oldu.

Hazırlıq qələbədən əvvəl başlayır. Güclü iqtisadiyyat, savadlı insan və nizamlı ordu bir gündə qurulmur. Hər böyük nəticənin arxasında səbirli, ardıcıl əmək durur.

Birlik ən böyük dayaqlardandır. Xalq və dövlət arasında vəhdət olanda ən çətin yolu da keçmək mümkün olur. Bu birliyin olmaması isə ən güclü orduları belə aciz edir.

Qətiyyət kor-koranə hərəkət demək deyil. Ədalət heç də özü-özlüyündə qələbə qazanmır. Haqlı mövqe ağıllı diplomatiya və soyuqqanlı siyasətlə birləşəndə daha böyük nəticə verir.

Qələbədən sonra da iş bitmir. Azad olunmuş torpaqlarda yolların, evlərin, məktəblərin və iş yerlərinin bərpası qələbəni möhkəmləndirən amillərdir. Eyni zamanda diplomatiya və informasiya "cəbhə"lərində mübarizə hələ də davam edir. Beynəlxalq təzyiqlər də dayanmayıb, lakin bölgədə formalaşmış yeni reallıqların və sülh gündəliyinin müəllifi olan Azərbaycanın Qələbəni əldə etdiyi kimi, davamlı sülhü də tam bərqərar edəcəyinə şübhə yoxdur.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin Vətən Müharibəsindəki şanlı Qələbənin altıncı ildönümü münasibətilə xalqa müraciətini Xankəndidə ucaldılmış Zəfər Tağının önündə etməsi təsadüfi sayıla bilməz. Çünki "Qarabağ Azərbaycandır və nida" bəyanatının nida işarəsi 2023-cü ildə məhz burada qoyulmuşdu.

Digər xəbərlər