Paşinyanın iki stul siyasətinin acı sonu: Avropa qapıları açmır, Moskvanın səbri tükənir

Son günlər Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı ilə bağlı ortaya çıxan xəbərlər Ermənistanın xarici siyasətinin artıq dalana dirəndiyindən xəbər verir. Eyni zamanda rəsmi İrəvanın xarici siyasət məqsədləri və hədəfləri, bunları reallaşdırmaq imkanları arasındakı dərin uçurum getdikcə daha çox üzə çıxır. Bu isə erməni hökumətinin xarici siyasət kursunun gah nala, gah da mıxa vurmaq üzərində qurulduğundan, Paşinyan komandasının səhv addımlarının ölkəni uçuruma sürüklədiyindən xəbər verir. Qısası, bu gün İrəvan həm Əli aşından, həm də Vəli aşından məhrum olub. Başqa sözlə, bu gün Paşinyan Aİ-yə inteqrasiya kursundan danışsa da, konkret nəticələr, iqtisadi təminatlar və real mənzərə barədə cəmiyyəti məlumatlandıra bilmir. Eyni zamanda Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda ölkənin iqtisadiyyatı və ixrac imkanları ciddi itkilərlə üzləşir. Paralel olaraq atılan səhv addımlar Aİİ ilə vidalaşmaqla nəticələnə bilər ki, bu da Ermənistan iqtisadiyyatı üçün faciəyə çevrilə bilər. Qısacası, rəsmi İrəvan bir tərəfdən Avropaya üz tutsa da, digər tərəfdən hələ də asılı olduğu iqtisadi və siyasi sistemlə gah qarşıdurma yaşayır, gah da böyük imkanlardan danışır.

Aİ-yə böyük ümidlər, verilən vədlər və bağlanan qapı

Nikol Paşinyan Aİ kursunu ölkənin gələcəyi kimi təqdim edir, Avropa bazarları, vizasız gediş-gəliş, böyük investisiyalar, böyük layihələr vəd edir. Amma ortada olan reallıq odur ki, Aİ kursu heç də üzvlük dmeək deyil və aralarında böyük məsafə, böyük boşluq var. Həm də Aİ rəsmilərinin bəyanatları, yaratdıqları "iqtisadi imkanlar" Ermənistanın Aİ-yə qəbul ediləcəyinə dair təminat yaratmamaqla yanaşı, ittifaqın qapılarının rəsmi İrəvan üçün bağlı olduğuna işarə edir.

Finlandiya Prezidenti Aleksandr Stubb 26 oktyabr tarixində Aİ-nin genişlənmə siyasəti ilə bağlı açıqlama verib və 30 ildən sonra ittifaqın 40 üzvü ola biləcəyini bildirib. Stubb eyni zamanda hazırda 27 üzvü olan ittifaqa gələcəkdə hansı ölkələri üzv görmək istədiyini də açıqlayıb. Bu sıraya Qərbi Balkan ölkələri, Ukrayna və Moldova xüsusi olaraq qeyd edilib. Eyni zamanda İslandiya, Norveç və İsveçrə, Böyük Britaniyanın da adını üzvlər arasında görmək istədiyini arzulayıb. Avropa İttifaqının rəsmi məlumatına görə, hazırda 9 ölkə namizəd statusuna malikdir: Monteneqro, Serbiya, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Türkiyə, Ukrayna, Moldova və Gürcüstan. Ermənistan isə bu siyahıda yoxdur. Ermənistan məsələsinə gəldikdə isə bildirib ki, üzvlük perspektivi Ermənistan, Gürcüstan kimi ölkələr üçün onların gələcək inkişafından asılıdır.

İrəvan üçün problem də elə budur: Avropa istiqaməti siyasi ritorikada strateji seçim kimi təqdim olunsa da, bu seçimin son nəticəsi qeyri-müəyyən olaraq qalır. Otuz ildən sonrakı Avropa haqqında səsləndirilən proqnozla bugünkü Ermənistanın real üzvlük perspektivi eyni məsələ deyil. Bir dövlətin gələcəyini onilliklər sonrakı ehtimallara bağlamaq, indiki iqtisadi risklərə cavab verməmək xalıq illüziyalarla aldatmaqdan başqa bir şey deyil. Üstəlik, Avropa İttifaqının genişlənməsi təkcə siyasi iradə ilə həll edilən məsələ deyil. Üzvlük namizəd ölkənin hüquqi, iqtisadi və institusional uyğunlaşmasını, eləcə də üzv dövlətlərin siyasi razılığını tələb edir. Ermənistanın Avropa ilə münasibətlərini inkişaf etdirməsi mümkündür, lakin bu prosesin avtomatik olaraq tamhüquqlu üzvlüklə nəticələnəcəyini düşünmək üçün əsas yoxdur.

Məhz bu məqam da İrəvanın xarici siyasətdə zəifliyini üzə çıxarır. Paşinyan Avropa kursunu ön plana çəkir, amma bu kursun konkret nəticələrini təmin edən iqtisadi və siyasi şərtlər heç formalaşmayıb və real iqtisadi analizlərə baxsaq, uzun müddət formalaşması da üfüqdə görünmür. Şərtlərin formalaşmasından sonrakı həll dövrü də uzun müddət aparacaq. Qısacası, Stubbun açıqlamasını "Avropa İttifaqının qapıları Ermənistan üçün uzun müddət bağlı qalacaq" kimi oxumaq lazımdır.

Aİ-nin İrəvan üçün qapıları bağlamasının digər forması iqtisadi dəstəklə üzə çıxıb. Niderlandın XİN rəhbəri Tom Berendsen gül yetişdirən erməni fermerlər üçün praktiki dəstək elan edib. Dünyanın ən böyük gül hərracı olan Royal Flora Holland bazarını erməni istehsalçılarına açır. Paşinyan hökuməti bunu Rusiya bazarını itirmiş fermerlər üçün bir xilasetmə xətti kimi təqdim etsə də, reallıq başqadır. Sözügedən bazar dünyanın hər yerindən gül satan bir hərrac platformasıdır. Yəni, bağlı qapı açılmayıb. Həm də standartlara cavab verirsə və alıcı varsa, erməni gülləri orada satıla bilər. Burada əsas məsələ elə standartlar məsələsidir və Ermənistan fermerləri Aİ bazarına çıxmaq üçün müxtəlif sertifikatlar təqdim etməli və standartlara uyğunlaşmalıdır ki, bu da uzunmüddətli bir perspektivdir. Əgər bunlar da həll olunsa, erməni gülləri hərracdakı digər məhsullarla qiymət, keyfiyyət və logistika rəqabətinə də tab gətirməlidir. Ermənistandan Avropaya gül çıxarmaq isə kifayət qədər riskli və xərc aparan məsələdir. Brendsen açıq qapıdan, Paşinyan iqtisadi imkanlardan danışanda Ermənistanda başqa mənzərə üzə çıxır: fermer Rusiya bazarını itirdiyi üçün məhsulu yerli bazarda dəyər-dəyməzinə satır, ziyanını qarşılamağa çalışır. Ortada qalan isə boş anbarlar, yığılan borclardır.

Bu mənzərə də öz növbəsində Avropanın "dəstəyinin" vahid prinsiplə işlədiyini göstərir: böyük vədlər, rəqəmlər və layihələr. Reallıqda isə Ermənistan sonsuz şərtləri yerinə yetirməlidir ki, vəd ediləni ala bilsin. Bu "tamaşada" Ermənistan üzərinə minnət borcu qoyulan tamaşaçı, Aİ isə səxavətli xeyirxah kimi təqdim olunur.

Aİİ və Ermənistanın qaça bilmədiyi reallıq

Ermənistanın xarici siyasət kursunun zəifliyi burada da özünü göstərir. Aİ kursunu irəli sürən Paşinyan komandası Rusiya və Aİİ ilə iqtisadi əlaqələri dərhal əvəz edə biləcək alternativ modelə malik deyil və ümumiyyətlə belə bir modelin mövcudluğu da ciddi sual altındadır. Bu, İrəvanın xarici siyasətinin ən ciddi strateji səhvidir.

Oktyabrın 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİİ çərçivəsində ölkəsinin üzərinə götürdüyü öhdəlikləri pozmadığını və ittifaqdakı iştirakının dayandırılmasına dair hüquqi arqumentlərlə razılaşmadığını bildirib. O, Ermənistanın müstəqil qərarvermə hüququnu vurğulayıb və tərəfdaşlarının da öz öhdəliklərini yerinə yetirməsini gözlədiklərini deyib. Amma erməni diplomatın unutduğu bir məqam var ki, suverenlik yalnız müstəqil qərar qəbul etmək deyil, həm də o qərarların iqtisadi və siyasi nəticələrinə hazır olmaqdır. Yəni, İrəvan Avropa istiqamətini seçərkən Aİİ ilə münasibətlərdə yarana biləcək problemləri nə dərəcədə hesablayıb? Əgər Rusiya ilə münasibətlərin pisləşməsi ixrac məhdudiyyətlərinə və iqtisadi təzyiqlərə yol açırsa, alternativ bazarlar və logistika kanalları nə dərəcədə əvvəlcədən hazırlanıb?

Mirzoyanın açıqlaması isə iqtisadi əlaqələri qorumaq, gərginliyi azaltmağa yönəlib. Bu fikirlər Ermənistanın Aİİ-dəki iştirakını davam etdirmək, iqtisadi əlaqələri saxlamaq və mümkün məhdudiyyətlərin qarşısını almaq cəhdidir. Rəsmi İrəvan dərk edir ki, qarşıdurmanın dərinləşməsi erməni iqtisadiyyatının kollapsı ilə nəticələnə bilər. Çünki aradan keçən müddət ərzində Aİ hələ də Ermənistana iqtisadi cəhətdən ciddi dəstək göstərməyib. Arada verilən bir neçə milyon avroluq dəstək payı heç bir işə yaramır. Bütün fikirlər, açıqlamalar, bəyanatlar hələ ki sözdə qalıb və bunun əziyyətini erməni fermerləri, istehsalçıları çəkir.

Başqa sözlə, Ermənistan hökumətinin səhv xarici siyasəti və iki stulda eyni anda oturmaq istəyi artıq dalana dirənib. Aİ kursundan əl çəkməyən və Aİİ-dəki üstünlükləri itirmək istəməyən Paşinyan komandası Moskva ilə ziddiyyətləri dərinləşdirən addımların nəticələrini düzgün hesablaya bilməyiblər. Bir-birinə zidd olan iki qurumdan eyni vaxtda siyasi və iqtisadi divident qazanmaq arzusu artıq suya düşüb. Bu gün rəsmi İrəvan artıq Moskva və Brüssel arasında seçim etmək məcburiyyəti ilə üzləşir. Bu seçim ölkənin gələcəyini müəyyən edəcək. Amma ortada yaranan ciddi bir problem var. Avropa İttifaqı dəstəkdən dəm vursa da, ortada real nəticə yoxdur, üstəlik üzvlüyə gedən qapı bağlanıb. Aİİ və Moskva ilə münasibətlərin də əvvəlki məcraya qayıtması bu gün məchul görünür. Bu isə göstərir ki, Ermənistan, daha konkret Nikol Paşinyanın uğursuz xarici siyasəti böyük strateji səhvlərlə nəticələnib.

Nəticə olaraq, Paşinyanın Avropa vədləri ilə Rusiyanın iqtisadi boyunduruğunda qalması Ermənistanın xarici siyasətini geosiyasi dalana dirəyib. Bu savadsız və avantürist xarici siyasətin yekun hesabını isə erməni fermeri, erməni istehsalçısı ödəyir...

Kamil Məmmədov

Digər xəbərlər