Bakı-Ankara münasibətlərində liderlərin rolu və siyasi məsuliyyət - Təhlil

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 21-də baş tutan telefon danışığı ikitərəfli münasibətlərin inkişafına qarşılıqlı siyasi iradəni nümayiş etdirdi. Əməkdaşlığın perspektivlərinin müzakirəsi, qardaşlıq münasibətlərinin vurğulanması və Azərbaycan liderinin Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə dəvət olunması müsbət gündəliyin davam etdiyini göstərir.

Bu təmasın əhəmiyyəti son həftələrdə ictimai müstəvidə yaranan gərginlik fonunda daha aydın görünür. İki prezident arasındakı etimadın davamlılığını təmin edən mühüm siyasi amildir. Bununla yanaşı, həmin etimadın qorunması bütün vəzifəli şəxslərin məsuliyyətli davranışını tələb edir.

Türkiyədə bəzi siyasi şəxslərin Azərbaycanın məktəbli geyimi ilə bağlı qərarlarına münasibəti dövlətlərarası əlaqələrdə siyasi üslub və məsuliyyət məsələsini yenidən gündəmə gətirib. Müzakirənin əsas məqamlarından biri yüksək vəzifəli şəxslərin başqa dövlətin daxili siyasətinə hansı dillə münasibət bildirməsidir.

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AKP təmsilçisi Leyla Şahin Ustanın Azərbaycanın mövqeyindən geri dönməsini gözlədiklərini ifadə edən çıxışları bu baxımdan diqqət çəkir.

Baş müşavir statusunun yaratdığı məsuliyyət

Oktay Saralın açıqlamasına verilən reaksiyanı onun daşıdığı vəzifədən kənar qiymətləndirmək mümkün deyil. Prezidentin baş müşaviri statusu bəyanatın ictimai çəkisini artırır və onun siyasi məna ilə qəbul olunmasına səbəb olur.

Belə vəzifə sahibindən gözlənilən qarşı tərəfin mövqeyini dəqiqləşdirmək, həssaslığı nəzərə almaq və münasibətlərə təsiri əvvəlcədən qiymətləndirməkdir. Azərbaycanın qərarını yanlış elan edərək dəyişdirilməsini gözləmək isə bərabərhüquqlu münasibətlərin ruhuna uyğun görünmür.

Baş müşavirin açıqlamasının hansı nəticələr yaratdığına siyasi qiymət verilməsi buna görə əsaslı tələbdir. Burada meyar şəxsin niyyətinə dair ehtimallar deyil, açıq çıxışının məzmunu və təsiridir.

Partiya mövqeyi ilə dövlətlərarası münasibətlərin sərhədi

Leyla Şahin Ustanın yanaşması da oxşar sual doğurur. Siyasətçi öz ideoloji baxışlarını müdafiə edə bilər. Lakin həmin baxışların başqa dövlətin daxili qərarları üçün meyar kimi təqdim olunması qarşılıqlı hörmət baxımından problem yaradır.

Azərbaycan öz təhsil siyasətini daxili institutları vasitəsilə müəyyənləşdirir. Bu siyasət ətrafında müzakirə aparılması onun müstəqil qərarvermə hüququnu şübhə altına almağa əsas vermir.

Vəzifəli şəxslərin ifadə azadlığı onların siyasi məsuliyyətini aradan qaldırmır. Xüsusilə yaxın müttəfiqlə bağlı bəyanatlarda seçilən sözlər münasibətlərin ictimai dayaqlarına təsir edir.

Məsuliyyət fərdiləşdirilməlidir

Yeni Azərbaycan Partiyasının 13 oktyabr tarixli açıqlamasında Saralın və AKP deputatlarının bəyanatlarına etiraz bildirilməsi, Azərbaycanın daxili işlərinə hörmət çağırışının səsləndirilməsi bu çıxışların doğurduğu siyasi narazılığı göstərir.

Belə vəziyyətlərdə əsas sual münasibətlərin hansı prinsiplərlə qorunacağıdır. Azərbaycan və Türkiyə arasında yaxınlıq hər iki dövlətin müstəqilliyinə, suveren qərarvermə hüququna və qarşılıqlı hörmətə əsaslanır. Ortaq milli kimlik bu prinsipləri daha da möhkəmləndirməlidir.

Məktəb geyimi ilə bağlı fikir ayrılığının ölkənin bütövlükdə siyasi kursuna münasibətlə əvəzlənməsi müzakirəni ilkin mövzusundan uzaqlaşdırır. Azərbaycanın daxili qərarlarına hökmverici dillə yanaşılması isə ictimai etimad üçün əlavə çətinlik yaradır.

Bu baxımdan yüksək vəzifəli şəxslərin açıqlamaları xüsusi diqqət tələb edir. Onların sözləri daşıdıqları statusdan ayrı qəbul olunmur. Şəxsi münasibət kimi təqdim edilən bəyanat belə dövlətlərarası əlaqələr haqqında ictimai təsəvvürə təsir göstərə bilər.

Bununla belə, ayrı-ayrı şəxslərin mövqelərini bütövlükdə Türkiyə dövlətinə və cəmiyyətinə aid etmək düzgün olmaz. Qiymətləndirmə konkret bəyanat, onun müəllifi və daşıdığı status əsasında aparılmalıdır.

Çıxışlar arasında təşkilati əlaqənin olub-olmaması ayrıca araşdırma mövzusudur. Ancaq belə əlaqənin müəyyənləşdirilməsindən asılı olmayaraq, hər siyasətçi öz sözlərinə görə məsuliyyət daşıyır.

Azərbaycan-Türkiyə münasibətlərinin qorunması bu məsuliyyətin aydın qəbul edilməsini tələb edir. Siyasi yaxınlığın ən mühüm göstəricilərindən biri qarşı tərəfin suveren iradəsinə münasibətdə nümayiş etdirilən hörmətdir.

Liderlərin rolu

Liderlərin telefon danışığı yaranmış mühitdə müsbət siyasi istiqaməti önə çıxarıb. Lakin bu imkanın davamlı nəticə verməsi üçün münasibətlərin aşağı siyasi və ictimai səviyyələrdə də eyni məsuliyyətlə qorunması vacibdir.

Gələcək üçün əsas vəzifə oxşar gərginliklərin qarşısını erkən siyasi dialoqla almaqdır. Həssas mövzularda qarşı tərəfin izahını dinləmək, açıq ittihamlardan əvvəl birbaşa əlaqə imkanlarından istifadə etmək və vəzifəli şəxslərin bəyanatlarında dəqiqliyi təmin etmək bu məqsədə xidmət edər.

Azərbaycan-Türkiyə münasibətlərinin strateji dəyəri onların ayrı-ayrı siyasi təşəbbüslərin təsirinə buraxılmamasını tələb edir. Liderlərin nümayiş etdirdiyi əməkdaşlıq iradəsinin bütün siyasi təmsilçilərin davranışında qarşılıq tapması münasibətlərin gələcəyi üçün mühüm şərtdir.

Digər xəbərlər