ABŞ-də keçirilən prezident və konqres seçkiləri istər-istəməz beynəlxalq marağa səbəb olur. Ötən gün Ştatlarda aralıq seçkilər keçirilib.
Aralıq seçkilər nədir? Bu siyasi kampaniya zamanı Konqresin Aşağı, Nümayəndələr Palatasının bütün 435 üzvü, Yuxarı Palata, Senata isə 100 yerdən 35-i yenidən seçilir. Bəzi ştatlarda qubernator seçkiləri də keçirilir.
Bu kampaniya hazırkı prezident Donald Trampın, partiyasının Konqresdə çoxluğu saxlayıb-saxlaya bilməyəcəyini də müəyyənləşdirir. Aralıq seçkilər müəyyən mənada prezidentin daxili, xarici, iqtisadi siyasət üzrə fəaliyyətinə verilən ictimai qiymət kimi də sayıla bilər.
Konqresdə müxalifət qalib gələcəyi halda prezidentin qanunverici təşəbbüslərinin qəbul edilməsində problem yaranır, yaxud əngəllənir.
Hazırkı araşdırmalara əsasən, seçkilərin nəticələrinə görə, müxalif Demokratlar Partiyası Nümayəndələr Palatasındakı 435 yerdən 228-ni qazanıb. Palatada çoxluqda olmaq üçün 218 yer kifayətdir. Hakim Respublikaçılar Partiyası isə 139 yer əldə edib. Onlar 100 yerdən 44-nü qazanaraq 54 mandat əldə etmiş Demokratlara Yuxarı Palatada uduzublar.
Prezident Donald Tramp seçkilərin nəticələrinə görə rəqiblərini təbrik edib: "Demokratları təbrik edirəm. Ölkəmizin maraqları naminə onlarla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm".
ABŞ lideri onu da vurğulayıb ki, Demokratlar Partiyası Konqresdə çoxluğa nail olsalar da, iradələrini qəbul etdirməyə qadir deyillər. O, demokratların qanun layihələrini bloklamaq üçün veto hüququndan istifadə etmək niyyətində olduğunu da gizlətməyib. Donald Tramp qeyd edib ki, bu, prezidentin ən güclü səlahiyyətlərindəndir. O, demokratların Ağ Evə göndərəcəyi "absurd qanunlara" veto qoyacağını istisna etməyib.
Tramp seçkilərdə qalib gəlmiş müxalifət nümayəndələri, o cümlədən iki senator və Nümayəndələr Palatasının üç üzvü ilə danışıqlar apardığını bildirib. O əlavə edib ki, daha üç demokrat onunla əlaqə saxlamaq imkanını gözləyir. ABŞ lideri vurğulayıb ki, müxalifət düşərgəsində, Demokratlar Partiyasında çoxlu dostları var: "Onlar mənimlə danışıqda maraqlı olduqlarını bildirirlər".
Donald Tramp seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyəti barədə deyib ki, uğursuzluqlarının səbəbi İranla müharibə deyil, onun nəticəsində benzinin qiymətinin artması olub. O, vətəndaşlarının İranla bağlı atdığı addımlarla razılaşdıqlarını qeyd edərək bildirib ki, onlar qısa müddətə benzin üçün daha çox pul ödəməyə hazır deyildilər. Prezident bunun başadüşülən olduğunu vurğulayıb. Bununla belə, Tramp İranda missiyalarının hələ başa çatdırmadıqlarını da söyləyib.
ABŞ prezidenti lideri olduğu hakim partiyanın uğursuzluqlarından birini adının seçki bülletenində olmadığında görüb. Dövlət başçısının iddiasına əsasən, iştirak edəcəyi halda respublikaçılar böyük fərqlə qalib gələrdi.
Konqresin hər iki palatasında demokratların müxalifət olaraq üstünlüyü Donald Trampın layihələrinin bu qurumlarda qəbuluna problem yaradacaq.
Konqresdə yaranan indiki şərait 2028-ci ildə ABŞ-də keçiriləcək növbəti prezident seçkisinə təsir edə bilər. Aralıq seçkilər ABŞ-nin siyasi, elitar həyatı üçün lakmus da sayılır. Çünki bunu mövcud hakimiyyətə də etimad olaraq qiymətləndirirlər.
Bu baxımdan, Prezident Donald Tramp yenidən prezidentliyə namizəd olarsa, qalib gəlməsi çətinləşəcək. Yeri gəlmişkən, o, prezidentlik uğrunda üçüncü dəfə mübarizə aparmaq istədiyini də bildirib.
Bu ilin oktyabrında keçirilmiş rəy sorğularının nəticələrinə əsasən, onun reytinqi 36 %-ə düşüb. Mayda isə bu göstərici 39 % olub. Həmin ayda partiyadaşlarının 76 %-i isə onu dəstəklədiyini bildirib. Oktyabr sorğusunda bu göstərici 72–73 % səviyyəsində qiymətləndirilib. Bu da tərəfdarları üçün rekord aşağı göstərici sayılır. Ötənaykı rəy sorğusuna görə, respondentlərin 66 %-i ondan narazılığını ifadə edib. Sorğunun nəticələrinə görə, respondentlərin 71-72 %-i Donald Trampın siyasətini həddən artıq radikal hesab edib və ölkənin yanlış istiqamətdə irəlilədiyini bildiriblər. Rəy sorğularının nəticələrinin əksəriyyətində onun reytinqi azalıb.
Heç şübhəsiz, buna daxili və xarici amillər çox ciddi təsir göstərib. "Krallara yox" ("No kings") hərəkatının fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Bu ictimai hərəkat Donald Trampın ikinci prezidentlik dövründəki siyasətinə, icraedici hakimiyyəti həddindən artıq genişləndirməsinə və avtoritar meyillərinə qarşı yaranıb. O, ölkə tarixinin ən böyük kütləvi etiraz hərəkatlarındandır.
Onlar icraedici hakimiyyətin genişlənməsi, sərt miqrasiya siyasəti, xarici siyasət və müharibəyə qarşı çıxır, sosial-iqtisadi problemlərə diqqətin artırılmasını tələb edirlər. Bu il oktyabrın 17-də "Saxtalaşdırıla bilməyəcək qədər böyük" ("Too big to rig") şüarı ilə aralıq seçkilərinə dair aksiya keçiriblər.
Ona görə də ehtimal etmək olar ki, Donald Tramp 2028-ci ilədək başladığı planları uğurla başa çatdırmazsa, respublikaçı namizədin, o cümlədən özünün seçilməsi çətin olacaq.
Nəzərə almaq lazımdır ki, daha öncəki prezident Cozef Baydenin uğursuz fəaliyyətinə görə təmsil etdiyi demokratların nümayəndəsi prezident seçilə bilməyib.
ABŞ-də bir partiya liderinin iki dəfə seçilməsi müəyyən mənada ənənəyə çevrilib. Bu zəncir Trampın prezidentliyinin birinci dönəmində sınsa da, onun 2024-cü ildə yenidən prezident seçilməsi ilə bərpa edilib.
Bir sıra hadisələr həm də ABŞ-nin dövlət siyasətidir. Başqa sözlə, siyasi mənsubiyyətindən asılı olmayaraq, hakimiyyətə gələcək şəxs onu icra edir. Odur ki, Donald Trampın prezidentliyi dövründə icra olunan bir sıra planların uğursuzluqlarının onun adına yazılması müəyyən mənada haqsızlıq sayılar. Ancaq seçici adətən nəticəyə səs verir.
Bu baxımdan, Donald Trampın 2028-ci ildə namizəd olacağı halda demokratların üstünlük təşkil etdiyi Konqresi də təkbaşına uda biləcəyi çətinləşəcək.
İnflyasiyanın səviyyəsinin artması, yürüdülən sərt miqrasiya siyasəti, hərbi əməliyyatlar, yaşayış xərclərinin artması, vergi güzəştlərinin əsasən milyarderlərə yönəlməsi, səhiyyə və ekoloji mühafizə proqramlarının olmaması və başqa bu kimi sosial problemlər, "Krallara yox" hərəkatının daha da fəallaşması Donald Trampın Ağ Evə üçüncü rəhbərliyi yenidən əldə etməyin asan olmayacağını ehtimal etməyə əsas verir.
Ancaq tarixdə respublikaçı prezidentin demokrat Konqreslə yola getdiyinə dair faktlar da var. Ştatların tarixində respublikaçı prezident Konqresin hər iki palatasında çoxluqda olduqları zaman 22 dəfə ölkəni idarə edib. Bura 22 təqvim ili, Konqresin ikiillik 11 çağırışı aiddir. Yaxın dövrlərdə 1987–1989 -cu illərdə Konqresin 100-cü çağırışında Prezident respublikaçı Ronald Reyqan, 1989–1991 və 1991–1993-cü illərdə 101 və 102-ci çağırışlarda respublikaçı böyük-Corc Buşun hakimiyyəti illərini örnək göstərmək olar.
Bununla belə, demokratlar həmin illərdə ABŞ-nin sərt xarici siyasi kursunun qarşısını ya almayıb, ya da buna qadir olmayıblar.
1969-1975-ci illərdə prezident olmuş Riçard Niksonun dövründə qlobal əhəmiyyətli hərbi əməliyyatlarla bağlı hadisələr olub. O, hakimiyyətə gələndə Vyetnam müharibəsi pik nöqtəsində olub. O, "Vyetnamlaşdırma" siyasəti ilə qoşunlarını mərhələli şəkildə Vyetnamdan geri çəkib. 1973-cü ildə imzalanan Paris Sülh Sazişi ilə ABŞ bu müharibədəki birbaşa hərbi iştirakını başa çatdırıb.
Riçard Nikson Konqresdən xəbərsiz, onun birbaşa icazəsi olmadan 1969-1970-ci illərdə Şimali Vyetnama tədarük yollarının kəsilməsi məqsədilə Kamboca və Laosun bombalanması əmrini verib. Onda bu əməliyyatlara geniş miqyasda etirazlar edilmişdi. Niksonun bu addımı "Müharibə Səlahiyyətləri Qətnaməsi" ("War Powers Resolution – 1973") ilə prezidentin müharibə aparmaq səlahiyyətlərinin məhdudlaşdırılması ilə nəticələnmişdi. Bu sənədə əsasən, prezident hərbi əməliyyatlara başladıqdan sonra 48 saat ərzində Konqresə hesabat verməli və Konqresin rəsmi icazəsi olmadan qoşunları 60-90 gündən artıq döyüş bölgəsində saxlamamalıdır.
Ronald Reyqanın prezidentliyi (40-cı prezident) dövründə SSRİ-nin və sosializm düşərgəsinin süqutu, Almaniyanın bütövləşməsi, Avropa İttifaqının genişlənməsi prosesi başlayıb.
Ştatların 41-ci Prezidenti Böyük Corc Buşun hakimiyyəti illərində ABŞ Yaxın Şərqdə və Latın Amerikasında başlıca hərbi münaqişədə birbaşa iştirak edib. Bunlardan biri Panama müharibəsi adlanır. 1989-cu ilin dekabrında ABŞ ordusu "Ədalətli iş" ("Operation Just Cause") adı altında Panamaya müdaxilə etmişdi. Bu əməliyyat nəticəsində narkotik ticarətində ittiham olunan diktator Manuel Noryeqa hakimiyyətdən uzaqlaşdırılaraq həbs olunmuşdu.
İkincisi isə 1990-1993-cü illərdəki körfəz müharibəsidir. Həmin dövrdə prezident Səddam Hüseynin rəhbərlik etdiyi İraq Küveyti işğal etmişdi. ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri "Səhrada fırtına" əməliyyatı ilə dövləti azad edib.
Demokratların Konqresdə üstünlük təşkil etdikləri dövrdə prezidentliyə respublikaçı namizəd dörd dəfə qalib gəlib. 1867–1869-cu illərdə Endryu Conson, 1956-cı ildə Duayt Eyzenhauer, 1968 və 1972-ci illərdə Riçard Nikson, 1988-ci il - Corc Buş-böyük uğur qazanıblar.
Yeri gəlmişkən, respublikaçıların hər iki palatada çoxluq təşkil etdikləri illərdə demokratlar - Qrover Klivlend (19-cu əsrin sonlarında), Yaponiyaya atom bombasının atılması əmrini vermiş Harri Trümen, Bill Klinton prezident seçiliblər.
Prezident seçkisində namizədin partiyasından çox, şəxsi göstəricilərinə, fəaliyyətinə, dövlətinə və cəmiyyətinə faydalılığına səs verirlər. Bu baxımdan, Yaponiyaya atom bombası atmış demokrat Trümen 1945-ci ildən 1953-cü ilədək prezident ola bilirsə, o zaman demokratların Konqresdəki üstünlüyü şəraitindən asılı olmayaraq, respublikaçı yeni namizədin, yaxud Trampın yenidən prezident seçilməsi də mümkündür, çünki seçici Konqresi elə, prezidenti isə belə görür. Bu, cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışının da göstəricisidir.