Avropa Siyasi Birliyindən qlobal dialoqa - Bakının yeni geosiyasi mövqeyi

Azərbaycanın çoxvektorlu xarici siyasətində son illər baş verən dəyişikliklər göstərir ki, ölkənin beynəlxalq münasibətlər sistemindəki rolu təkcə regional proseslərdə iştirakla məhdudlaşmır. Rəsmi Bakı artıq bir sıra geosiyasi məkanlarda təşəbbüslər irəli sürür, dövlətlər arasında dialoqlar üçün platformalar formalaşdırır, çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak edir. Xüsusilə qarşıdakı iki il Azərbaycanın xarici siyasətinin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Çünki 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammiti Bakıda keçiriləcək. 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına və Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına rəhbərlik edəcək, 2027-ci ildə MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq. İlk baxışdan bu hadisələr diplomatik uğurlar kimi görünsə də, onun siyasi mənası daha dərindir. Azərbaycan Avropa və Asiya, Şərq və Qərb, İslam dünyası kimi müxtəlif geosiyasi məkanlar arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verən gücə çevrilir.

Azərbaycanın Avropa istiqamətində fəaliyyətinin ən diqqətçəkən nümunəsi ASB-dir. 2022-ci ildə Avropada siyasi dialoq və məsləhətləşmələri genişləndirmək, enerji, nəqliyyat, iqtisadiyyat, regional əməkdaşlıq kimi müzakirələri aparmaq üçün qurulan bu platformaya ilk gündən Azərbaycanın dəvət olunması diqqətdən yayına bilməz. Azərbaycan da qısa müddət ərzində ərazi bütövlüyü, regional təhlükəsizlik, enerji təchizatı, nəqliyyat bağlantıları və Ermənistanla münasibətlərin normallaşdırılması kimi məsələləri məhz bu platformada da müzakirə edib.

Praqadan İrəvana-İlham Əliyevin məqsədyönlü diplomatik uğuru

2022-ci ilin 6 oktyabr tarixində Çexiyanın Praqa şəhərində keçirilmiş ASB-nin ilk sammiti əslində Azərbaycan-Ermənistan münasibətləri baxımından mühüm siyasi hadisə sayılır. Prezident İlham Əliyevin düzgün hesablanmış diplomatik gedişləri sayəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü (1991-ci ildə qəbul edilmiş Alma-Ata bəyannaməsinə istinadla), Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul etdi. Prezident üçün prinsipial olan ərazi bütövlüyü məsələsi Avropanın aparıcı siyasi institutlarının rəhbərlərinin iştirakı ilə müzakirə edildi və dördtərəfli görüşün sonunda qəbul edilən bəyannamədə öz əksini tapdı. Bununla da İlham Əliyev Qarabağ məsələsinin beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında müzakirə edilməsinə nail oldu.

İlham Əliyevin Praqadakı diplomatik zəfəri bununla bitmir. Aİ-nin müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi ilə bağlı müzakirələrdə ölkə başçısının mövqeyi nəticəsində missiya sadəcə Ermənistan ərazisinə yerləşdirildi. Bu isə sübut edir ki, Azərbaycan üçün ərazisində hansısa beynəlxalq mexanizmin fəaliyyətinə münasibətdə suveren hüquqlar əsas götürülür.

2023-cü ildə Moldovada keçirilən ikinci sammit Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması müzakirə edildi. Eyni ilin oktyabr ayında Qranadada keçirilən sammitdə Prezident İlham Əliyevin iştirak etməməsi Azərbaycanın mövqeyinin açıq şəkildə ifadəsi idi. Fransanın Ermənistana tərəfkeş olması, Türkiyənin sammitə dəvət edilməməsi məhz bu qərara səbəb olub. Azərbaycanın mesajı aydın idi: "beynəlxalq dialoqa açığıq, amma milli maraqların və suverenlik məsələlərinin nəzərə alınmadığı siyasi yanaşmaları qəbul etmirik".

2024-cü ildə İngiltərədə keçirilən sammitdə artıq Azərbaycanla Avropa arasında iqtisadi və enerji müzakirələri ön plana çıxdı. Dünyada baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi, beynəlxalq marşrutlardakı ləngimələr və əngəllər Avropanı enerji mənbələrini şaxələndirməyə vadar edirdi. Belə bir dövrdə Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi çıxış edirdi. Prezident çıxışında Aİ-yə qaz tədarükünü 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmağı hədəflədiyini bəyan edib. Eyni zamanda hər ötən il Azərbaycandan qaz alan ölkələrin siyahısında artım müşahidə olunur.

2025-ci ildə Tiranada keçirilən sammitdə Aİ rəhbərliyi 2026-cı ilin may ayında sammitin Ermənistanda keçirilməsi təklifi ilə bağlı Prezident İlham Əliyevin fikrini öyrəndi və o, bu təklifi dəstəklədi. Bu, Azərbaycanın 2028-ci ildə ASB sammitinə ev sahibliyi edəcəyi ilə bağlı qarşılıqlı razılaşmanın əsasını qoydu.

2026-cı il mayın 4-də İrəvanda keçirilən səkkizinci sammitdə Prezident İlham Əliyev videobağlantı vasitəsilə çıxış edərək bu prosesin təfərrüatlarını açıqladı. Bu addım iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından da siyasi addım sayılır. Videobağlantı formasında çıxış edən Prezident sülhün praktiki nəticələrini göstərdi. Ermənistan istiqamətində tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması, yük daşımalarının həyata keçirilməsi, neft məhsullarının ixracına başlanılması sülhün yalnız siyasi sənədlərlə deyil, gündəlik iqtisadi münasibətlərlə də möhkəmləndirilməsinin mümkünlüyünü göstərir. Prezident bu addımı ilə Cənubi Qafqazda sülh və sabitliyə doğru əsas addımları Azərbaycanın atdığını bir daha sübut etdi.

Dublin sammiti - Avropa ilə münasibətlərdə yeni mərhələyə keçid

2026-cı ilin 12 noyabr tarixində İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən sayca 9-cu ASB sammiti Azərbaycanla Avropa münasibətlərinin yeni mərhələyə keçidi sayılır. Sammitin əsas mövzusu "Güclü, təhlükəsiz və əlaqəli Avropa"dır. Gündəlikdə qitənin təhlükəsizlik problemləri, iqtisadi rəqabətqabiliyyətliliyi, innovasiya, enerji və nəqliyyat bağlantıları yer alır. Dublin sammitinin əhəmiyyətini Azərbaycanın 2028-ci ildə bu platformanın ev sahibi olacağı ölkə kimi iştirakı kontekstində də qiymətləndirmək lazımdır. 2028-ci ildə ASB sammitinin Bakıda keçirilməsi Azərbaycana Avropanın müxtəlif siyasi mövqelərə malik dövlətlərinin liderlərini bir araya gətirmək imkanı verəcək. Bu platformanın əsas üstünlüyü Aİ üzvləri ilə yanaşı, digər Avropa ölkələrini də əhatə etməsidir. Sammitin digər mühüm tərəfi Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyidir. Ermənistanın Azərbaycanın ev sahibliyinə dəstək verməsi və Paşinyanın Bakıda keçiriləcək tədbirdə iştirak etmək niyyətini ifadə etməsi normallaşma prosesi baxımından diqqətəlayiq siyasi mesajdır. Eyni zamanda, Bakı sammiti Azərbaycanın enerji təhlükəsizliyi, yaşıl enerji, Orta Dəhliz və Avropa-Asiya nəqliyyat əlaqələri ilə bağlı təşəbbüslərini geniş beynəlxalq auditoriyaya təqdim etməsi üçün mühüm fürsət olacaq. Beləliklə, Azərbaycan yalnız sammitə ev sahibliyi etməyəcək, həm də Avropanın gələcək siyasi və iqtisadi gündəliyinin müzakirəsində fəal rol oynamaq imkanı qazanacaq.

Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti

Əgər bir neçə il əvvəl Azərbaycan Avropa üçün enerji resursları ilə zəngin bir ölkə idisə, bu gün tərəflərin münasibəti adi tərəfdaşlıq çərçivəsini çoxdan aşıb. Artıq Bakı Avropanın enerji təhlükəsizliyinin əsas istiqamətlərinin, yəni təchizatın şaxələndirilməsi, "yaşıl enerji"yə keçid və nəqliyyat bağlantılarının qurulmasında kilid mövqeyə yüksəlib. Cənub Qaz Dəhlizi Xəzərin enerji resurslarını Avropa bazarlarına çatdırmaqla, qitənin enerji təchizatında alternativ marşrutların işləkliyini təmin edən geosiyasi layihədir.

Əlavə olaraq, külək, günəş enerjisi imkanları, regional elektrik şəbəkələrinin inteqrasiyasını da Azərbaycan gələcək ixrac strategiyasının tərkib hissəsinə çevirib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Yaşıl Enerji Dəhlizi, Xəzər-Qara dəniz-Avropa elektrik bağlantısı layihəsi, Mərkəzi Asiyanın da bərpaolunan enerji potensialının Avropa bazarlarına çıxarmaq təşəbbüsü də ikitərəfli münasibətlərin dinamik inkişafının göstəricisidir. Orta Dəhlizlə bağlı Azərbaycanın strateji mövqeyi də Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən bu marşrut Azərbaycanı qitələrarası ticarət və logistika sisteminin əsas bağlantı nöqtələrindən birinə çevirir.

Qeyd etmək yerinə düşər ki, qarşıdakı illərdə Azərbaycan Mərkəzi Asiya, İslam dünyası, MDB məkanı və Asiya istiqamətlərində də mühüm diplomatik mövqelər qazanacaq. 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Görüşü formatına sədrlik edəcək. Bu isə öz növbəsində Orta Dəhlizin inkişafı üçün yeni imkanlar deməkdir. Eyni ildə İslam Əməkdaşlıq Təşkilatına sədrlik və XVI İslam Zirvə Konfransına ev sahibliyi isə Azərbaycanın İslam dünyasında siyasi və humanitar dialoqa töhfəsini artıracaq. Əlavə olaraq, 2028-ci ildə MDB-yə sədrlik etməsi yeni əməkdaşlıq gündəliyinin formalaşdırılması, Azərbaycanın format üçün təşəbbüsləri irəli sürməsi deməkdir. Bu tədbirlər də öz növbəsində Azərbaycanın diplomatik mövqeyini möhkəmləndirəcək, dünyada və regionda nüfuzunu artıracaq. Azərbaycan müxtəlif geosiyasi məkanlarla münasibətlərini paralel inkişaf etdirərək beynəlxalq siyasi çəkisini artırır.

Yekun olaraq, Azərbaycan bu gün müxtəlif geosiyasi mərkəzlər arasında əməkdaşlığa töhfə verən mühüm siyasi aktora çevrilib. 2028-ci il ASB sammitinə ev sahibliyi isə ölkənin beynəlxalq müstəvidə söz sahibinə, etibarlı dialoq və əməkdaşlıq mərkəzinə çevrildiyini göstərir…

Kamil Məmmədov

Digər xəbərlər