Şuşadan dünyaya birlik mesajı: Azərbaycan–Türkiyə qardaşlığı sarsılmazdır - Rəy

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi Qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsidir. Bu möhtəşəm günün altıncı ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfər etməsi və Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada olması Azərbaycan–Türkiyə qardaşlığının, strateji müttəfiqliyinin və sarsılmaz birliyinin növbəti parlaq təzahürüdür.

Bu fikirləri "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

Deputatın sözlərinə görə, Türkiyə Prezidentinin məhz Zəfər Günündə Azərbaycanın mədəniyyət paytaxtına səfəri dərin siyasi və mənəvi məna daşıyır:

"Bu səfər iki dövlət arasında münasibətlərin adi diplomatik çərçivədən çox-çox kənara çıxdığını, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlığa söykəndiyini bir daha nümayiş etdirir. Şuşa milli yaddaşımızın, tarixi kimliyimizin və Qarabağ Zəfərinin rəmzidir. Məhz belə bir şəhərdə iki dövlət başçısının bir araya gəlməsi Azərbaycan–Türkiyə birliyinin sarsılmaz xarakterini bütün dünyaya nümayiş etdirən mühüm siyasi hadisədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bu birliyin mahiyyətini və prinsipial xarakterini bir daha ortaya qoydu. Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan və Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt öz arzularına çata bilməyəcəklər. İki xalqın və iki liderin heç kimə onların arasına girməyə imkan verməyəcəyini vurğulayan Prezident İlham Əliyev bu münasibətlərin əbədi və sarsılmaz olduğunu qətiyyətlə ifadə etdi".

Prezident İlham Əliyevin dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlərin olmadığını bəyan etdiyini xatırladan deputat bildirib ki, bu bağlılığın ən böyük sınaqlarından biri 44 günlük Vətən müharibəsi zamanı yaşanıb:

"2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar xalqımızın onilliklər boyu gözlədiyi tarixi Qələbəni təmin etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin günlərdə Azərbaycanın haqq işinə verdiyi açıq və qətiyyətli siyasi dəstək isə iki ölkə arasındakı müttəfiqliyin sözdə deyil, əməli fəaliyyətdə təsdiqini tapdığını göstərdi. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bu dəstək xalqımızın mənəvi gücünü artırmaqla yanaşı, dövlətimizin beynəlxalq mövqeyini də möhkəmləndirdi".

Parlamentari qeyd edib ki, hərbi Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, Böyük Qayıdışın təmin edilməsi və qazanılmış tarixi uğurların dayanıqlı inkişafla möhkəmləndirilməsidir.

S.Salmanova Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında Şuşa Bəyannaməsinin xüsusi yer tutduğunu vurğulayıb:

"2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi-siyasi çərçivə formalaşdırdı".

Deputatın fikrincə, Azərbaycan və Türkiyə bu gün regionun sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafı baxımından mühüm rol oynayan güclü tərəfdaşlardır.

"Azərbaycan və Türkiyə münasibətləri zamanın sınaqlarından çıxmış, tarixin müxtəlif mərhələlərində möhkəmlənmiş və bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərdir. Şuşadan bir daha təsdiqləndi ki, bu birliyin təməlində ortaq tarix, qardaşlıq, qarşılıqlı etimad və milli maraqlar dayanır. Şuşa bu dəfə də tarixə iki qardaş ölkənin sarsılmaz birliyinin, həmrəyliyinin və ortaq gələcəyə inamının rəmzi kimi həkk olundu", - deputat əlavə edib.

Digər xəbərlər