Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri iki ölkənin müttəfiqliyinin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O, Şuşada Azərbaycan və Türkiyə liderlərinin birgə mətbuata bəyanatlarında verilən vacib mesajlara diqqət çəkib:
Türkiyə Azərbaycanın ən çətin tarixi sınaqlarından keçdiyi dövrdə onun yanında olduğunu nümayiş etdirdi. Azərbaycan isə öz növbəsində bu qardaşlığı strateji müttəfiqlik səviyyəsinə yüksəldərək regional və beynəlxalq siyasətdə ortaq maraqların müdafiəsinə mühüm töhfə verir".
K.Nurullayeva qeyd edib ki, İlham Əliyevin səsləndirdiyi digər mühüm mesaj isə iki ölkənin birliyinə qarşı yönələn cəhdlərlə bağlı idi: "Bu bəyanat onu göstərdi ki, Azərbaycan və Türkiyə öz milli maraqlarını, təhlükəsizlik prioritetlərini və regional siyasətini müstəqil şəkildə müəyyən edən dövlətlərdir. Bu strateji müttəfiqlik isə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin mühüm amillərindən birinə çevrilib. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, regional bağlantılar və Zəngəzur dəhlizi məsələləri iki ölkənin ortaq geoiqtisadi maraqlarının əsas istiqamətləridir. Prezident İlham Əliyevin bəyanatında bu məsələlərin müzakirə olunduğunun xüsusi vurğulanması səfərin strateji gündəliyinin genişliyini göstərdi".
Deputat əlavə edib ki, prezidentlərin Şuşadan verdiyi mesajların digər mühüm istiqaməti Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri ilə bağlı idi:
"Ərdoğan Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Türkiyənin bu prosesə bundan sonra da töhfə verməyə hazır olduğunu bildirdi.
Azərbaycanın regionda sülhün bərqərar olması istiqamətindəki səyləri rəsmi Ankara tərəfindən də dəstəklənir.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdiyini, sülh sazişinin paraflandığını, lakin hələ imzalanmadığını diqqətə çatdırdı. Bu, Azərbaycanın sülh gündəliyinə sadiqliyini nümayiş etdirməklə yanaşı, prosesin yekunlaşması üçün mövcud maneələrin aradan qaldırılmasının vacibliyini göstərir".