Türk dövlətləri kiberəməkdaşlığı siyasi razılaşmalardan texnoloji inteqrasiyaya keçirməlidir.
"Report" xəbər verir ki, bunu Türkiyənin İnformasiya Təhlükəsizliyi Assosiasiyasının baş katibi Oğuz Yılmaz Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı (ICCD 2026) çərçivəsində panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, istənilən kiberittifaq üçqat olmalıdır: "Birinci qat siyasidir. Buraya müqavilələr və strategiyalar daxildir. Bu istiqamət əslində kifayət qədər yaxşı inkişaf edib. Türk Dövlətləri Təşkilatı, Türk Kosmos İttifaqı, NATO və digər müdafiə ittifaqları kimi siyasi birliklərin fəaliyyət göstərməsi üçün artıq müvafiq baza mövcuddur. İkinci qat əməliyyatdır. Buraya CERT-lər arasında əməkdaşlıq, insidentlərə reaksiya və məlumat mübadiləsi daxildir. Bu, Kris Gibsonun rəhbərlik etdiyi İnsidentlərə Cavab və Təhlükəsizlik Qrupları Forumunun (FIRST) 30 ildən artıq müddətdə formalaşdırdığı əməkdaşlıq səviyyəsidir, uzun illərdir uğurla fəaliyyət göstərir, yalnız siyasi razılaşmalara və imzalara deyil, həm də mütəxəssislər arasında formalaşan etimada əsaslanır. Üçüncü qat isə texnologiyadır. Təəssüf ki, bu sahə demək olar ki, boşdur. Hamımızın üzərində işlədiyi məhsullar, platformalar və təchizat zəncirləri ittifaqlar daxilində əlaqələndirilmir. Praktikada ittifaqlar bir-biri ilə təhdid kəşfiyyatı məlumatlarını bölüşür, lakin həmin məlumatları emal etmək üçün ittifaqdan kənardakı qlobal təchizatçılardan alınan alətlərdən istifadə edirlər. Nəticədə, bütün bu sistemlər lazımi səviyyədə inteqrasiya olunmur".
"Bəs biz nə edirik? İttifaq çərçivəsində birlikdə təlimlər keçirir, daha sonra isə yoxlaya və nəzarət edə bilmədiyimiz infrastruktura qayıdırıq. Bu, kifayət qədər ciddi asılılıq yaradır. Belə asılılıq hər bir üzvün muxtariyyətini, eləcə də ittifaqın öz imkanlarını məhdudlaşdırır. Çünki tərəfdaşlıq texnoloji baxımdan istifadə etdiyi infrastrukturdan daha suveren ola bilməz", - deyə ekspert əlavə edib.