Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması tədricən yalnız texnoloji inkişaf məsələsi olmaqdan çıxaraq mühüm iqtisadi amilə çevrilir.
Bunu "Report"a açıqlamasında iqtisadi ekspert Azad Həsənov Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə son reytinqdə mövqeyini 36 pillə yaxşılaşdıraraq 2024-cü ildəki 74-cü yerdən 38-ci yerə yüksəlməsini şərh edərkən bildirib.
"Dövlət xidmətləri nə qədər operativ göstərilərsə, inzibati prosedurlar nə qədər şəffaf olarsa və dövlət qurumları arasında məlumat mübadiləsi nə qədər səmərəli təşkil edilərsə, biznesin dövlətlə qarşılıqlı əlaqəyə sərf etdiyi vaxt və resurslar da bir o qədər azalar. Nəticə etibarilə, bu, şirkətlərin məhsuldarlığına, ölkənin investisiya cəlbediciliyinə və milli iqtisadiyyatın rəqabət qabiliyyətinə təsir göstərir", – deyə o bildirib.
Ekspertin fikrincə, Azərbaycanın rəqəmsal hökumətin inkişafı sahəsində BMT-nin hesabatında əksini tapan uğuruna ayrıca bir nailiyyət kimi deyil, uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsi kimi baxmaq lazımdır.
"Ölkənin rəqəmsal transformasiyası müasir platforma və xidmətlərin yaranmasından xeyli əvvəl başlayıb. Hələ 2003-cü ildə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya qəbul edilib. Sonrakı illərdə "Elektron Azərbaycan" dövlət proqramları həyata keçirilib, ASAN xidmət sistemi yaradılıb, elektron dövlət xidmətlərinin əhatə dairəsi genişləndirilib, "myGov" rəqəmsal platforması və dövlət qurumları arasında məlumat mübadiləsini təmin edən "Digital Bridge" sistemi inkişaf etdirilib.
Beləliklə, Azərbaycanın BMT reytinqindəki hazırkı mövqeyi illər ərzində toplanmış təcrübənin, ardıcıl islahatların və dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasına sistemli yanaşmanın məntiqli nəticəsidir. Ölkə sadəcə ayrı-ayrı texnoloji həlləri tətbiq etməyib, həm də dövlət, vətəndaşlar və biznes arasında daha müasir qarşılıqlı əlaqə modelinə keçid üçün zəruri infrastrukturu mərhələli şəkildə formalaşdırıb", - deyə A.Həsənov vurğulayıb.
Onun fikrincə, BMT reytinqində ilk 40 ölkə sırasına daxil olmaq hədəfinin hələ bu ilin yayında elan edilməsi də diqqətəlayiqdir. Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov məlumat vermişdi:
"Bu gün artıq həmin hədəfə nail olunub. Növbəti məqsəd ilk 30 ölkə sırasına daxil olmaqdır. Bu da ölkənin əldə etdiyi nəticələrlə kifayətlənməmək və rəqəmsal idarəetmə modelini daha da təkmilləşdirmək niyyətindən xəbər verir".
Ekspert hesab edir ki, hazırda Azərbaycan rəqəmsal transformasiyanın növbəti mərhələsinə – müxtəlif dövlət qurumlarının vahid rəqəmsal infrastruktur vasitəsilə qarşılıqlı fəaliyyət göstərə biləcəyi daha inteqrasiya olunmuş dövlət idarəetmə sisteminin formalaşdırılmasına keçir. Belə bir sistemdə vətəndaşların və sahibkarların bir məsələnin həlli üçün müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etməsinə ehtiyac qalmayacaq.
"Məhz bu mərhələdə rəqəmsallaşma xüsusi iqtisadi əhəmiyyət qazanır. Onun təsiri İT sektorunun hüdudlarından xeyli kənara çıxır və bütövlükdə iqtisadiyyatın səmərəliliyinin artırılması ilə birbaşa əlaqəlidir.
İqtisadi nəzəriyyədə transaksiya xərcləri anlayışı mövcuddur. Bu, sənədlərin rəsmiləşdirilməsi, icazələrin alınması, məlumatların axtarılması və yoxlanılması, qərarların razılaşdırılması və inzibati prosedurların yerinə yetirilməsi ilə bağlı xərclərdir. Bu proseslər nə qədər mürəkkəb və uzunmüddətli olarsa, əsas fəaliyyətdən bir o qədər çox resurs – vaxt, pul və əmək sərf etmək lazım gəlir.
Dövlət informasiya sistemləri arasında avtomatlaşdırılmış məlumat mübadiləsi və müxtəlif qurumlara təkrar müraciət etmədən xidmətlərdən istifadə imkanı bu cür xərcləri əhəmiyyətli dərəcədə azaltmağa şərait yaradır. Biznes üçün bu, inzibati yükün azalması, əməliyyatların sürətlənməsi və qənaət edilən resursların inkişafa, investisiyalara, məhsuldarlığın artırılmasına və fəaliyyətin genişləndirilməsinə yönəldilməsi imkanı deməkdir", – deyə ekspert bildirib.
Onun sözlərinə görə, bu təsir xüsusilə kiçik və orta biznes üçün daha nəzərəçarpan ola bilər. Çünki belə müəssisələrin maliyyə, kadr və vaxt resursları çox vaxt məhdud olur, inzibati prosedurlar isə onlar üçün əlavə yük yarada bilir.
"Bu baxımdan dövlət idarəçiliyinin səmərəliliyi ölkənin investisiya cəlbediciliyini müəyyən edən amillərdən birinə çevrilir. Potensial investor üçün yalnız vergi şərtləri, bazarlara çıxış imkanları və ya işçi qüvvəsinin dəyəri deyil, həm də inzibati proseslərin proqnozlaşdırıla bilməsi, qərarların qəbul edilmə sürəti, prosedurların şəffaflığı və dövlət orqanları ilə qarşılıqlı əlaqənin keyfiyyəti mühüm əhəmiyyət daşıyır. Buna görə də rəqəmsallaşma biznes mühitinə müsbət təsir göstərə, ticarət, sənaye, kənd təsərrüfatı, logistika və real iqtisadiyyatın digər sahələrində səmərəliliyi artıra bilər.
Bununla belə, rəqəmsal dövlətin gələcək inkişafı təkcə texnoloji infrastrukturdan və xidmətlərin əlçatanlığından deyil, həm də əhalinin bu xidmətlərdən istifadəyə hazırlığından asılıdır. Buna görə də rəqəmsal savadlılığın artırılması uğurlu transformasiyanın əsas şərtlərindən birinə çevrilir. Azərbaycanda 2030-cu ilə qədər əhalinin rəqəmsal savadlılıq səviyyəsini 70 %-ə çatdırmaq hədəfi müəyyən edilib. Bu, mühüm məsələdir, çünki rəqəmsal həllərin səmərəliliyi yalnız onların mövcudluğu ilə deyil, həm də vətəndaşlar tərəfindən nə dərəcədə geniş istifadə edilməsi və əhalinin müxtəlif qrupları üçün nə qədər əlçatan olması ilə müəyyənləşir", – deyə A.Həsənov vurğulayıb.
Ekspert əlavə edib ki, bu kontekstdə BMT-nin "Rəqəmsal hökumətdən agent əsaslı dövlət idarəçiliyinə doğru" adlı yeni hesabatının həsr olunduğu agent əsaslı dövlət idarəçiliyi konsepsiyası da xüsusi diqqətə layiqdir. Maraqlıdır ki, Azərbaycan hələ hesabat dərc olunmazdan əvvəl qarşıdakı üç il ərzində özünün agent əsaslı hökumət modelini hazırlamaq planlarını açıqlamışdı.
"Söhbət rəqəmsallaşmanın növbəti mərhələsindən gedir. Bu mərhələdə süni intellekt sadəcə məlumat təqdim etməklə, vətəndaşların sorğularını cavablandırmaqla və ya dövlət xidmətləri arasında istiqamət tapmağa kömək etməklə məhdudlaşmayacaq. O, istifadəçinin razılığı əsasında müəyyən inzibati əməliyyatları yerinə yetirə və bütün proses boyunca onu müşayiət edə biləcək. Bu isə vətəndaşın lazımi xidməti müstəqil şəkildə axtardığı və həmin xidmətdən yararlanmaq üçün bütün mərhələləri ardıcıl keçdiyi modeldən dövlətlə daha proaktiv və fərdiləşdirilmiş qarşılıqlı əlaqə modelinə keçməyə imkan verəcək.
Belə bir modelin iqtisadi potensialı, ilk növbədə, xidmətlərin əldə edilməsinə sərf olunan vaxtın daha da azaldılmasında, inzibati xərclərin aşağı salınmasında, dövlət qurumlarının fəaliyyətinin optimallaşdırılmasında və məhsuldarlığın artırılmasındadır. Nəticə etibarilə, bu, dövlət idarəçiliyi proseslərini daha operativ, biznes və vətəndaşların dövlətlə qarşılıqlı əlaqəsini isə daha sadə və səmərəli edə bilər.
Beləliklə, Azərbaycanın BMT reytinqində əldə etdiyi nəticələr yalnız dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində irəliləyişi deyil, həm də institusional inkişafın yeni mərhələsinə keçidi əks etdirir. Əvvəlki islahatlar əsasən xidmətlərin elektron formata keçirilməsinə və rəqəmsal infrastrukturun yaradılmasına yönəlmişdisə, hazırda prioritet sistemlərin inteqrasiyası, proseslərin avtomatlaşdırılması və süni intellektin dövlət idarəçiliyində tətbiqidir.
Məhz bu dəyişikliklərin ardıcıllığı – baza rəqəmsal infrastrukturunun formalaşdırılmasından intellektual idarəetmə mexanizmlərinin tətbiqinə qədər keçilən yol – Azərbaycana yalnız qlobal tendensiyalara uyğunlaşmaq deyil, həm də öz rəqəmsal dövlət modelini formalaşdırmaq imkanı verir", – deyə A.Həsənov fikrini yekunlaşdırıb.