Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür

Süni intellekt (Sİ) alimlərin onilliklərdir üzərində çalışdığı bir sıra mürəkkəb riyazi məsələləri həll edib. Lakin tədqiqatçılar hələ də bu həllərin necə əldə edildiyini tam başa düşmürlər.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, süni intellektin bu nailiyyətləri elmi ictimaiyyətdə heyrətlə yanaşı, riyaziyyatçı peşəsinin gələcəyi, əqli mülkiyyət hüquqlarının qorunması və təklif olunan sübutların mahiyyəti tam anlaşılmadan əldə edilən nəticələrin elmi dəyəri ilə bağlı narahatlıqlar da yaradır.

Ədədlər nəzəriyyəsi üzrə mütəxəssis Donqryul Kim nəşrə bildirib ki, "OpenAI" şirkətinin son riyazi kəşflərindən biri onun tədqiqat işini asanlaşdırıb. Bununla belə, alim süni intellektin təqdim etdiyi sübutun necə əldə edildiyi ilə bağlı suallarının qaldığını deyib.

"Riyazi baxımdan bu məsələnin həll olunmasının yaxşı olduğunu düşünürəm. Lakin bunun necə edildiyinə gəlincə, bu sübutu kiminsə həqiqətən anlayıb-anlamadığını bilmirəm. Bu, bizi olduqca qəribə vəziyyətə salır", – riyaziyyatçı vurğulayıb.

Digər xəbərlər