Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyinə yönəlmiş yeni platforma istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) uşaqların, valideynlərin və müəllimlərin rəqəmsal təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə ölkədə analoqu olmayan "CERT Kids" – www.certkids.az maarifləndirici veb-platformasını istifadəyə verib.

"Report" xəbər verir ki, bu barədə MKA məlumat yayıb.

Layihənin əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına dəstək göstərmək, onların rəqəmsal savadlılığını artırmaq, eləcə də kiçik yaşlardan etibarən təhlükəsiz internet davranışı vərdişlərini formalaşdırmaqdır.

"CERT Kids" platforması uşaqların internetdən istifadə zamanı qarşılaşa biləcəkləri risklər, fərdi məlumatların mühafizəsi və rəqəmsal təhlükəsizlik qaydaları üzrə biliklərinin artırılmasına xidmət edir. Resursda hər üç hədəf auditoriyası – uşaqlar, valideynlər və müəllimlər üçün ayrıca bölmələr nəzərdə tutulub.

Platformada istifadəçilər üçün maarifləndirici məqalələr, təlimatlar, tövsiyələr və video materiallar təqdim olunur. Öyrənmə prosesinin daha interaktiv və maraqlı təşkili məqsədilə platformaya viktorinalar, pazllar və rəngləmə tapşırıqları da daxil edilib. Bundan əlavə, kibertəhlükəsizlik sahəsinə aid əsas terminlərin sadə və anlaşıqlı dildə izah olunduğu xüsusi bölmə istifadəçilərin ixtiyarına verilib.

Platforma vasitəsilə uşaqlar rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını interaktiv və əyləncəli üsullarla öyrənə, valideynlər və müəllimlər isə uşaqların onlayn təhlükəsizliyinin təmin olunması istiqamətində faydalı məlumat və metodiki materiallardan yararlana bilərlər.

MKA rəqəmsal təhlükəsizlik mədəniyyətinin erkən yaşlardan formalaşdırılması və uşaqların kiberməkanda müdafiəsinin gücləndirilməsi istiqamətində maarifləndirmə fəaliyyətini davam etdirir.

Platforma ilə www.certkids.az ünvanından tanış olmaq mümkündür.

Digər xəbərlər