Dövlət sektorunda çalışan 15 mindən çox əməkdaş milli rəqəmsal savadlılıq təlimlərini uğurla başa vurub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən "Rəqəmsal Üfüqlər" Milli Rəqəmsal Savadlılıq Təlim Proqramını uğurla başa vuran iştirakçılara bu günədək 15 000-dən çox sertifikat təqdim edilib.

Oktyabr ayında start götürən və ölkənin bütün bölgələrini əhatə edən proqramda 271 dövlət qurumunun əməkdaşları iştirak edib. Qısa müddətdə proqram üzrə 18 427 nəfər qeydiyyatdan keçib, təlimləri uğurla başa vuran iştirakçılara isə ümumilikdə 15 714 sertifikat təqdim edilib. Sertifikatların 13 146-sı "Təməl", 2 568-i isə "Orta" səviyyə üzrədir. Proqram dövlət qulluqçularının rəqəmsal səriştələrinin sistemli şəkildə inkişaf etdirilməsinə, müasir texnologiyaların tətbiqi, süni intellekt, kibertəhlükəsizlik və digər prioritet istiqamətlər üzrə nəzəri bilik və praktiki bacarıqlarının artırılmasına yönəlib.

"Rəqəmsal Üfüqlər" Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı dövlət sektorunda rəqəmsal səriştələrin artırılması, rəqəmsal transformasiya prosesinin dəstəklənməsi və müasir texnologiyaların tətbiqi üzrə insan kapitalının inkişafına yönəlib. Təlimlər vahid rəqəmsal platforma üzərindən onlayn formatda ödənişsiz əsaslarla həyata keçirilir. Avropa Rəqəmsal Səriştələr Çərçivəsi – EU DigComp 3.0 əsasında hazırlanan tədris proqramı rəqəmsal alətlərdən səmərəli istifadə, məlumat savadlılığı, süni intellekt, kibertəhlükəsizlik, bulud texnologiyaları və rəqəmsal dövlət xidmətləri üzrə bilik və bacarıqların inkişafını əhatə edir. Adaptiv öyrənmə modeli əsasında iştirakçıların ilkin bilik və bacarıq səviyyəsi qiymətləndirilir və nəticələrə uyğun olaraq onlar "Təməl" və "Orta" səviyyə üzrə təlimlərə yönləndirilirlər.

Qeyd edək ki, proqram "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın 8.1.12-ci yarımbəndinə və "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın (2025–2027) 2.4-cü bəndinə uyğun olaraq həyata keçirilir.

Proqramın növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur. Təlimlərin davamlı təşkili dövlət sektorunda rəqəmsal səriştələrin inkişafına və müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların genişləndirilməsinə xidmət edəcək.

Digər xəbərlər