Emin Mahmudovun Azərbaycan millisindən uzaqlaşması hələ tez idi.
Bunu "Report"a açıqlamasında veteran futbolçu, yığmanın sabiq kapitanı Tərlan Əhmədov deyib.
Mütəxəssis 34 yaşlı oyunçunun ölkə futbolu qarşısındakı xidmətlərini yüksək qiymətləndirib:
"Emin Mahmudovun milli komandada keçirdiyi oyunlar və vurduğu qollar göz qabağındadır. Onun yığma və ölkə futbolu üçün nə qədər dəyərli oyunçu olduğunu hamımız bilirik və görmüşük. Uzun müddət kollektivin lideri kimi formalaşıb, kapitan sarğısını daşıyıb. Bu gün ölkəmizdə onun səviyyəsində oyunçular azdır, son illərdə belə istedadlar yetişmir. Baxmayaraq ki, Emin Azərbaycan futbolunun yetirməsi deyil, o, bizim doğmamız olub, canla-başla Azərbaycana xidmət edib. Qurban Qurbanovun da yerli futbolda öz əməyi var. O isə 2016-cı ildən millinin şərəfini qoruyur. Səhv etmirəmsə, 2017-ci ildə "Neftçi"də çalışdığım vaxt onu Portuqaliyadan Azərbaycana gətizdirdim. Mənə müraciət olundu, onu tanıdığım üçün dəvət edilməsini istədim. Həmin vaxtdan paytaxt klubunda karyerasını davam etdirdi, komandanın liderinə çevrildi, həm çempionluqda, həm də uğurlu çıxışlarda pay sahibi oldu".
Sabiq kapitan futbolçunun oyun üslubuna toxunaraq son illərdə ona qarşı müəyyən haqsızlıqların olduğunu bildirib:
"Eminin bu gün birdən-birə belə qərar verməsini və ya uzaqlaşdırılmasını ədalətli saymaram. Çünki 34 yaşlı oyunçunu çox tez silirik. O, hələ bir neçə il meydana çıxıb həm "Neftçi"yə, həm də milli komandaya fayda verə bilərdi. Mahmudovun öz oyun üslubu var. Bəlkə də bəzi məşqçilər millidə və ya "Neftçi"də onu düzgün taktikada oynatmadıqları üçün son illərdə kölgədə qaldı. Onun futbolu müdafiə yox, yaradıcılıq üzərində qurulub. Meydançada açılması, mövqe seçməsi və ötürmələri mükəmməldir. Eminin yanında yarımmüdafiənin mərkəzində "qara iş"i görən 2 futbolçu olmalıdır ki, o, daha yaxşı çıxış etsin. Yaradıcı oyunçu olmasına baxmayaraq, ondan müdafiə və ağır fiziki işlər tələb olunurdu. Bu isə onun üçün qəbuledilməz idi, çünki oyun fəlsəfəsi tamamilə fərqlidir və ondan düzgün yararlanmaq lazımdır. Üstəlik, son illərdəki haqsızlıqlar, uğursuz çempionatlar və kapitan kimi ona yönələn iradlar istər-istəməz karyerasında kiçik enişə səbəb oldu".
Veteran futbolçu ölkədə yerli oyunçu yetişdirilməsi ilə bağlı problemlərə diqqət çəkərək Mahmudovun hələ ən azı 2 il yaşıl meydanlarda çıxış edə biləcəyini söyləyib:
"Ümid edək ki, Emin "Neftçi" üçün bir müddət oynayıb fayda verəcək və öz davamçılarını yetişdirəcək. Azərbaycanda son 15-20 ildə, ümumiyyətlə, futbolçu yetişdirməmişik. Legionerlərə daha çox üstünlük vermişik, yerli istehsala az diqqət ayırmışıq. Hazırda nə Emin Mahmudov səviyyəsində oyunçu yetişdirmişik, nə də kənardan tapmışıq. Vaxtilə Rusiya çempionatında çıxış edən bəzi futbolçuların Azərbaycan millisində oynamaqdan imtina etdiklərini görmüşük. Emin isə sırf azərbaycanlı kimi dövlətinə, vətəninə xidmət etmək üçün sevə-sevə bura gəldi və uzun müddət çıxış etdi. Düşüncəmə görə, onun üçün hələ tezdir. O, ən azı 2 il mübarizə apara, həm klubuna, həm də yığmaya fayda verə bilər. Ondan səmərəli istifadə olunmalıdır. Oyuna yanaşması ilə komanda yoldaşlarının lider kimi formalaşmasında əməyi ola bilər və bundan yararlanmalıyıq. Mahmudovun Azərbaycan futbolu üçün gördükləri danılmazdır. Onun futboldan və ya yığmadan uzaqlaşması hələ tezdir".
Qeyd edək ki, Emin Mahmudov ötən gün Azərbaycan millisinin Andorra ilə beynəlxalq yoldaşlıq matçından sonra yığma karyerasını bitirib.