Azərbaycanın U-19 millisinin beynəlxalq turnirlərdə böyük hesabla uduzmasının səbəbi 50-60 dəqiqədən sonra komandanın gücünün tükənməsidir.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Emin Mustafayev deyib.
Mütəxəssis fiziki hazırlığın və daxili çempionatdakı şəraitin oyunların gedişatına təsir etdiyini bildirib:
"Futbolçularımız bu cür rəqibləri yalnız beynəlxalq turnirlərdə görürlər. Nə milli, nə də klub səviyyəsində belə komandalarla qarşılaşmaq imkanımız var. Fiziki hazırlığımız da buna təsir edən amillərdəndir. Bir hissə və yaxud 50-60 dəqiqə oynadıqdan sonra gücümüz tükənir, nəticədə böyük hesablar ortaya çıxır. Bunun səbəblərindən biri uşaqların çıxış etdiyi daxili birinciliyin səviyyəsidir. Oradakı temp və meydançalar qitə turnirinin seçmə mərhələsindəki rəqiblərlə müqayisədə tam fərqlidir".
Baş məşqçi komandanı psixoloji cəhətdən toparlamağa çalışdıqlarını və Farer adaları ilə görüşdə qələbə hədəflədiklərini diqqətə çatdırıb:
"Uşaqları psixoloji cəhətdən hazırlamaq çox çətindir. Amma mümkün qədər onları hər bir matça qalib, mübariz, döyüşkən və özünəinamlı ruhda kökləməyə çalışırıq. Güclü komandaların futbolundan misallar gətirərək yetirmələrimizə izah edirik ki, əsla həvəsdən düşmək olmaz, mübarizəni davam etdirməliyik. Bugünkü qarşılaşmada da həm ilk üç xalımızı qazanmağa, həm də daha əzmkar çıxış etməyə səy göstərəcəyik. Edmond Klaus AFFA-nın Texniki Departamentinə rəhbər təyin edildikdən sonra hesabdan və nəticədən asılı olmayaraq, bütün görüşlərə qələbə və hücum futbolu oynamaq üçün çıxırıq. Bu matç da istisna deyil, bütün planlarımızı qələbə üzərində qurmuşuq".
O, fərdi səhvlərin komandaya baha başa gəldiyini və seçmə mərhələdən əvvəl geniş seleksiya aparıldığını söyləyib:
"İrlandiya yığması ilə görüşdə, xüsusilə birinci hissədə həddindən artıq yaxşı oynadıq, sadəcə qol çatmadı. Lakin oyunçuların fərdi texniki-taktiki səhvləri ucbatından gərəksiz yerə toplar buraxırıq və psixoloji cəhətdən oyundan "qopuruq". Seçmə mərhələlər üçün təxminən bir ay əvvəl Klausun rəhbərliyi ilə geniş seleksiya keçirdik. Həmin prosesdə digər yığmalarımızın məşqçiləri, Klausun məsləhətçisi Arif Əsədov, veteran futbolçular Yaşar Vahabzadə, Bəxtiyar Musayev və köməkçiləri, eləcə də skaut bölmələri iştirak etdilər. Azərbaycan daxilindəki bütün klublarda çıxış edən gəncləri görmək imkanı əldə etdik və düşünürəm ki, ən yaxşılarını heyətə cəlb etmişik. Bir nüans da var ki, futbolçularımız ilk növbədə öz komandalarında beynəlxalq təcrübəni daha çox yaşamalıdırlar. Çünki millidə o qədər də vaxtımız olmur, 3-5 gün məşq etdikdən sonra beynəlxalq qarşılaşmaya çıxırıq. Buna görə də oyunçular klublardan daha hazırlıqlı gəlməlidirlər ki, biz də yığmada yaxşı iş görə bilək".
Qeyd edək ki, 2026/2027 mövsümündə UEFA U-19 Avropa çempionatının B liqası üzrə II seçmə mərhələsində mübarizə aparan Azərbaycan millisi ilk iki görüşdə Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə uduzub. Yığma növbəti matçını bu gün Bakı vaxtı ilə saat 19:00-da Belqrad şəhərində yerləşən "Vojdovats" stadionunda Farer adaları komandasına qarşı keçirəcək.