Maksim Medvedev: "Millidə meydana çıxan hər futbolçu liderlik keyfiyyətlərini nümayiş etdirməlidir"

Azərbaycan millisində meydana çıxan hər futbolçu liderlik keyfiyyətlərini ortaya qoymalıdır.

Bunu "Report"a açıqlamasında milli komandanın sabiq futbolçusu Maksim Medvedev deyib.

37 yaşlı keçmiş oyunçu yığmanın hazırkı çıxışını və UEFA Millətlər Liqasının turnir cədvəlindəki mövqeyini dəyərləndirib:

"Ümumi götürsək, çıxış tam sabit görünmürdü. Hansısa matçda çox yaxşı oynayırdılar, digərində isə potensialdan bir qədər aşağı təsir bağışlayırdılar. Milli komandalarda belə hallara tez-tez rast gəlinir. Son illər yığma o qədər də baxımlı futbol nümayiş etdirməsə də, bu gün lider pilləsində qərarlaşmağı mütləq uğurlu nəticə saymaq lazımdır. Hazırda komanda yaxşı mövqedədir və buna sevinməliyik. Daha çox xal da toplamaq olardı, bundan pis nəticə də qeydə alına bilərdi. İndi ortada bir vəziyyətdəyik. Növbəti səfər görüşü çətin keçə bilər. Futbolçular baş məşqçinin tapşırıqlarını yerinə yetirsələr, yığcam oynasalar, keçidlərə önəm versələr, əllərinə düşən imkanlardan yararlansalar və bəxt də tərəfimizdə olsa, yerlərini qoruyub yaxşı nəticə ilə qayıdacaqlar".

O, kollektivdə ən çox çatışmayan cəhətin meydanda liderlik məsuliyyəti olduğunu bildirib:

"Oyunçular dərk etməlidirlər ki, hər biri milli komandada liderlik keyfiyyətlərini nümayiş etdirməlidir. İndi baxırıq ki, meydanda cəmi iki-üç nəfər özünü belə aparır. Bunu 11 futbolçunun hamısı etsə, həm oyun, həm də nəticələr fərqli olacaq. Lider olmaqla sadəcə yaxşı çıxış etmək tam fərqli anlayışlardır. Kimsə qol vura, top ala və ya dəqiq ötürmə verə bilər. Amma elə vaxt olur ki, oyunun alınmır, buna baxmayaraq, danışığın və davranışınla komandanı bir yumruq kimi birləşdirməyi bacarmalısan. Məşqçi matç zamanı meydanda olmur, ona görə də kollektivi oyunçular idarə etməlidirlər. Tək bir kapitan kifayət etmir".

Keçmiş futbolçu Emin Mahmudovun yığmadan gedişindən sonra ciddi boşluq yaranacağını vurğulayıb:

"Məncə, Emin millidən münasib vaxtda getmədi. Gənc oyunçular var və komandada lider çatışmazlığı hiss olunur. Hazırda təcrübəli futbolçulardan Bədavi Hüseynov qalıb, sabah o da gedəcək və bundan sonra 100 faiz ciddi boşluq yaranacaq. Düzdür, 28-29 yaşlı oyunçularımız var. Mahir Emreli, Elvin Bədəlov, qapıçılar Şahruddin Məhəmmədəliyev və Emil Balayev əvvəlki nəsli görmüş futbolçulardır, onlar hələ nə isə edə bilərlər. Amma bu yaşda olanlar artıq özlərini lider kimi hazırlamalı, səhv edəndə ruhdan düşməməli və komandanı arxasınca aparmağı bacarmalıdırlar".

Sabiq kapitan gənc oyunçuların intizamsızlığının gələcək üçün təhlükə yaratdığını sözlərinə əlavə edib:

"Komandadakı 21-22 yaşlı futbolçuların oyuna yanaşması və düşüncələri məni şoka salır. Bu yaşda olan oyunçu məşqə gecikir, bəzən ümumiyyətlə gəlmir, hətta oyuna qoruyucu götürmədən çıxır. Belə halları görəndə istər-istəməz narahatlıq yaranır. Düşünürsən ki, görəsən, 5 ildən sonra bu futbolçular necə olacaqlar? Onlar hələ tam peşəkarlaşmayıblar. Rəşad Sadıqov kimi futbolçu ilə birgə oynamışam. Kapitan kimi komandanı necə idarə etdiyinə baxıb öyrənirdik və nəsildən-nəslə bu ənənə ötürülürdü. İndiki gənclər isə böyüklərə baxıb öyrənmirlər, eyni tapşırığı onlara hər həftə təkrarlamaq lazım gəlir. Paltardəyişmə otağında və yemək zamanı qulaqlıq taxmaq, musiqi dinləmək yığışdırılmalıdır ki, futbolçu diqqətini yalnız matça yönəltsin. Düşünürəm ki, 15-16 yaşlılardan ibarət milli komandaların hər birində təcrübəli sabiq futbolçular yer almalı, onlara intizamı və liderliyi indidən aşılamalıdırlar. Əks halda, beş-altı ildən sonra yığmada ciddi problemlərlə üzləşəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində keçirdiyi 4 matçdan sonra 8 xalla C Liqasının 2-ci qrupunu lider kimi tamamlayıb.

Digər xəbərlər