Ukraynada baş verən hadisələr İGB-nin tikintisini sürətləndirib

Azərbaycan təbii qazını Bolqarıstana nəql edilməsini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) tikintisi fəal şəkildə davam edir.

“Report”un İGB-nin idarəedici ICGB Konsorsiumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, boru kəmərinin xətti üzrə işlər yekun mərhələdədir, yerüstü qurğuların tikintisi uğurla davam etdirilir və blok armaturların tikintisi üzrə işlərin 50 %-i artıq başa çatıb. Bu, ICGB rəhbərliyinin Bolqarıstan və Yunanıstan ərazisində qaz kəmərinin bütün marşrutu boyunca apardığı iki günlük yoxlama zamanı müəyyən edilib.

Məlumata görə, martın ortalarına qədər kəmərin xətti hissəsinin tamamlanması nəzərdə tutulur: “Blok siyirtmələrin tikintisi üçün lazım olan bütün siyirtmələr gətirilib və onların quraşdırılması davam edir. Marşrutun 75 %-i üçün hidrosınaqlar başa çatıb ki, bu da layihənin xətti hissəsində işin son mərhələsidir. EPC podratçısı bütün hidrosınaqların, o cümlədən blok klapanların ən geci aprelin ortalarına qədər tamamlanacağını təxmin edir. Bundan sonra Komotini yaxınlığındakı qaz ölçmə məntəqəsi podratçı üçün əsas diqqət mərkəzində olmalıdır”.

ICGB-nin Yunanıstan və Bolqarıstan üzrə icraçı direktorları Teodora Georgieva və Konstantinos Karayannakos bildiriblər ki, fevralın sonuna qədər marşrutun Bolqarıstan hissəsi üçün bütün tədarüklər, o cümlədən gecikmiş avadanlıqların çatdırılması başa çatıb: “Ukraynada baş verən hadisələri və Bolqarıstana enerji təchizatının diversifikasiyasına artan ehtiyacı nəzərə alaraq, biz podratçı “Avax” şirkətindən öhdəliklərini mümkün qədər tez yerinə yetirməsini xahiş etdik”.

Onların sözlərinə görə, bütün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət idarələrarası işçi qrupu yaradılıb. Qrup IGB layihəsinin kommersiya fəaliyyətinə başlamazdan əvvəl prosedurların inzibati müddətlərinin optimallaşdırılması variantları üzərində işləyəcək: "Biz boru kəmərinin iyulun 1-nə təhvil verilməsi üçün son tarixə nail olmaq üçün əlimizdən gələni edirik. Mümkün olduqda inzibati müddətlərin azaldılması üçün institusional yardıma görə minnətdarıq, lakin tikinti podratçısı üçün mayın sonundan gec olmayaraq öhdəliklərini yerinə yetirməsi son dərəcə vacib olaraq qalır”.

Yoxlama zamanı müəyyən edilib ki, Stara Zaqora yaxınlığındakı qazölçmə məntəqəsinin tətbiqi ilə bağlı mühüm irəliləyiş əldə olunub və onun hazırlıq səviyyəsi 80 % təşkil edir. Yunanıstana çatdırılmada gecikmələrə görə Komotini yaxınlığındakı qaz ölçmə məntəqəsi daha erkən icra mərhələsindədir və 50 % tamamlanıb. Haskovo yaxınlığında dispetçer mərkəzinin tikintisi üzrə işlər davam etdirilir. Burada tikinti işlərinin 80 %-i başa çatıb və zəruri nəzarət və idarəetmə avadanlığının quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin bu ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

Digər xəbərlər