Trans-Adriatik Qaz Boru Kəməri (TAP) İtaliya və Azərbaycan arasında əlaqələri gücləndirib, ancaq enerji sahəsində əməkdaşlıq üçün başqa imkanlar da mövcuddur.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliyanın “Agenzia Nova” nəşrinə müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, Azərbaycan ənənəvi olaraq İtaliyanın əsas neft təchizatçılarından biridir: “Bundan əlavə, 2020-ci ilin dekabrında TAP-ın işə salınmasından sonra ölkə İtaliyanın ikinci ən böyük qaz təchizatçısına çevrilib".
Onun sözlərinə görə, enerji əməkdaşlığının uğurlu inkişafı “Saipem”, “Maire”, “Technip” və digər aparıcı İtaliya şirkətləri sayəsində mümkün olub: “Onlar uzun illərdir SOCAR və digər yerli şirkətlərlə sıx tərəfdaşlıq şəraitində sektorun inkişafında iştirak edirlər”.
"Beləliklə, Azərbaycan İtaliyanın strateji enerji tərəfdaşıdır. Ancaq Azərbaycan və Cənub Qaz Dəhlizinin digər iştirakçıları ilə qarşılıqlı əlaqə potensialı hələ də əhəmiyyətlidir. Bu, aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında təsdiqlənib", - səfir vurğulayıb.
Onun sözlərinə görə, İtaliya və Azərbaycan arasında enerji əməkdaşlığı yalnız karbohidrogen sektoru ilə məhdudlaşmır: “Belə ki, İtaliyanın “Ansaldo Energia” şirkəti Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının modernizasiyası üzrə böyük layihə həyata keçirir. Genuyada istehsal olunan dörd qaz turbini rəsmi olaraq yaxın vaxtlarda stansiyada istismara veriləcək. Bu da ölkənin elektrik enerjisinə olan tələbatının 20 %-dən çoxunu təmin edəcək”.
Diplomat bildirib ki, bərpa olunan enerji mənbələri sahəsi böyük maraq doğurur. Onun sözlərinə görə, Azərbaycan hökuməti COP29 çərçivəsində qəbul edilmiş beynəlxalq öhdəliklərə uyğun olaraq bu sahəyə əhəmiyyətli resurslar yatırmaq niyyətindədir.
Səfir əlavə edib ki, COP29 çərçivəsində bir neçə İtaliya şirkəti də iqtisadiyyatın və enerji təchizatı mənbələrinin şaxələndirilməsi prosesinə dəstək vermək üçün azərbaycanlı tərəfdaşları ilə ticarət sazişləri imzalayıb: “Digər şirkətlər bərpa olunan enerji sahəsinə daxil olmaq imkanlarını nəzərdən keçirirlər”.
Eyni zamanda, diplomat vurğulayıb ki, Turin Politexnik Universiteti bir layihə hazırlayıb: “Bu layihə Azərbaycanın iqlim dəyişikliyinə qarşı dayanıqlığını gücləndirməyə, torpaqların deqradasiyasının nəticələrini aradan qaldırmağa, həmçinin ölkənin bioyanacaq sənayesinin inkişafına kömək etməyə yönəlib”.