Bu ilin yanvar-mart aylarında Azərbaycanda neftin emalı 1,7 milyon ton təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-mart ayları üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, neftin emalı 2022-ci ilin müvafiq dövrünə nisbətən 140 min ton və ya 6,25 % çoxdur.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.