Azərbaycanın məişət maye qazı istehsalçısının xalis mənfəəti 12 % azalıb

“Məişət Maye Qaz” QSC 2021-ci ili 2,408 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 11,5% azdır.

Ötən il “Məişət Maye Qaz”ın gəlirləri 29,518 (əvvəlki ilə nisbətən 17,3% çox), xərcləri 26,508 milyon manat (21,8% çox), mənfəət vergisi ödəmələri isə 602 min manat (11,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Məişət Maye Qaz”ın aktivləri 24,155 milyon manat olub ki, bu da illik müqayisədə 4,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,5% azalaraq 16 milyon manata düşüb, balans kapitalı isə 20,2% artaraq 8,155 milyon manata çatıb.

Xatırladaq ki, “Məişət Maye Qaz” 1959-cu ildən fəaliyyət göstərən Maye Qazın Nəqli və Təchizi üzrə İstehsalat Birliyinin bazasında 1997-ci ildə yaradılıb, 1999-cu ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 3,111 milyon manatdır. Şirkət məişət maye qazının istehsalı, saxlanması, nəqli, satışı, eləcə də təzyiqlə sıxılmış tutumların təmiri, şəhadətləndirilməsi və sınağı ilə məşğuldur.

Digər xəbərlər