Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1,8 milyon ton neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-aprel ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2024-cü ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 0,4 mln ton və ya 18,2 % azdır.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə neftin emalı 2,2 milyon tona yaxın təşkil edib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.