Eka Tkeşelaşvili: Ekoloji problemlər təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün aktualdır

Ekoloji təhdidlər yalnız Cənubi Qafqaz regionu üçün deyil, eyni zamanda bütün planet üçün səciyyəvidir.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu COP-31 çərçivəsində Azərbaycan pavilyonunda su təhlükəsizliyinə həsr edilmiş sessiyanın moderatoru - Gürcüstanın sabiq xarici işlər naziri və baş nazirin keçmiş müavini Eka Tkeşelaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycanın ortaq su resursları, xüsusən Kür çayı mövcuddur:

"Bu çayda su səviyyəsinin azalması, eləcə də qarşılaşdığı ekoloji çətinliklər birgə müzakirə edilməli olan məsələlərdir. Qara dəniz Rusiya-Ukraynaya müharibəsi nəticəsində ağır durumdadır. Hazırda dənizdəki hərbi tullantıların həcmini nəzərə aldıqda şəraitin nə dərəcədə çətin olduğu aydın görünür. Bunu fəlakət kimi xarakterizə etmək istəməzdim, lakin bu ciddi problem aradan qaldırılmadıqca Qara dənizlə əlaqədar nikbin perspektivlərdən söhbət açmaq çox müşküldür".

Eka Tkeşelaşvili bildirib ki, regional tərəfdaşlıq bu problemlərin həllinə konstruktiv töhfə verə bilər:

"Məsələn, hazırda Azərbaycanın irəli sürdüyü böyükmiqyaslı layihə mövcuddur. Bu sahədə əməkdaşlıq yalnız Azərbaycan dövləti ilə məhdudlaşmır, beynəlxalq özəl sektor da bu prosesə cəlb olunub. Təbii ki, Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsini nəzərdə tuturam. Məqsəd bu suyu həm sənaye sahəsində, həm də əhalinin tələbatının ödənilməsində istifadə etməkdir".

Sabiq nazir yaşıl iqtisadiyyatın artıq bütün dövlətlər üçün günün tələbi olduğunu da diqqətə çatdırıb:

"Biz öz ölkələrimizdə iqlim dəyişikliklərinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini müşahidə edirik. Bu problemlərin aradan qaldırılması uzunmüddətli strategiya tələb edir. Əsas hədəf regionumuzda və bütövlükdə dünyada yaşayan insanların, xüsusilə gələcək nəsillərin həyatını daha proqnozlaşdırıla bilən və etibarlı etməkdir. Övladlarımızın və bizim hansı dünyada yaşayacağımız sualı birbaşa bununla bağlıdır. Yaşıl iqtisadiyyat bu kontekstdə son dərəcə əhəmiyyətli, hətta prioritet istiqamətlərdən biridir".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 09 noyabr, 2026 / 11:56
Batabat yaylağına qar yağır 08 noyabr, 2026 / 11:16