Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar

COP31-ə hazırlıq prosesinin ilk günündən Türkiyə komandası ilə birgə fəaliyyətə başlanılıb və bu istiqamətdə azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar.

Bu fikirləri "Report"un Türkiyə bürosuna Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda deyib.

M.Babayev Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in sədri Murat Kurumun prosesdə Azərbaycanın COP29 təcrübəsindən geniş istifadə olunacağı fikirlərini yorumlayarkən bildirib ki, konfrans çərçivəsində ən vacib məqamlardan biri Azərbaycanın dəstəyi ilə 200-ə yaxın üzv ölkə arasında razılığın əldə olunacağı və ortaq kompromisə gəlinəcəyidir.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin yekun qərarların qəbul edilməsinə razılıq verməsi prosesin uğuru üçün həlledici əhəmiyyət daşıyır: "Bununla yanaşı, COP31 çərçivəsində praktiki proqramların hazırlanması və onların icrasına yönəlmiş qərarların qəbul edilməsi əsas hədəflərdən biridir. Gündəlikdə duran mühüm istiqamətlərə elektrikləşmə prosesi, istixana qazı emissiyalarının azaldılması və təmiz enerjiyə keçid daxildir".

M.Babayev, eyni zamanda, COP29-un davamı olaraq Antalyada da maliyyə məsələsinin müzakirə mərkəzində yer alacağını deyib.

"Planlaşdırılan iqlim proqramlarının həyata keçirilməsi üçün maliyyə resurslarının cəlb edilməsi, bu prosesdə beynəlxalq maliyyə institutlarının, böyük bankların və özəl sektorun fəal iştirakının təmin olunması nəzərdə tutulur.

Türkiyə tərəfi ilə sıx dialoq və əməkdaşlıq mühiti mövcuddur ki, bu da birgə əməkdaşlığın daha effektiv və operativ şəkildə həyata keçirilməsinə imkan verir".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 09 noyabr, 2026 / 11:56
Batabat yaylağına qar yağır 08 noyabr, 2026 / 11:16