Azərbaycanın COP31-də "Dialoq Dəhlizi" mövzusuna həsr olunmuş pavilyonu açılıb

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycanın "Dialoq Dəhlizi" mövzusuna həsr olunmuş Pavilyonunun açılışı olub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Heydər Əliyev Mərkəzi ilə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn pavilyon Bakıdakı COP29-da "Həmrəylik Evi" və Belendəki COP30-da "İrs Zalı" ənənəsini davam etdirərək beynəlxalq əməkdaşlıq və dialoq üçün platforma rolu oynayır.

Ümumi sahəsi 244 kvadratmetr olan pavilyon Azərbaycanı həm fiziki "yaşıl enerji" infrastrukturu, həm də qlobal dialoq qovşağı kimi təqdim edir. Ekspozisiyada Mərkəzi Asiyanın bərpa olunan enerji resurslarını Avropanın enerji tələbatı ilə birləşdirən dörd "yaşıl enerji" dəhlizi projesi – Xəzər regionunu Qara dəniz vasitəsilə Avropaya bağlayan sualtı kabel, Mərkəzi Asiya marşrutu, eləcə də Türkiyə, Gürcüstan və Bolqarıstandan keçən xətlər nümayiş etdirilir.

Eyni zamanda, Yaşıl Enerji Zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa olunan enerji layihələri, ölkənin ilk şəbəkə miqyaslı batareya saxlanma sistemi, Xəzər dənizinin biomüxtəlifliyi və nəsli kəsilməkdə olan Xəzər suitisinin mühafizəsi üzrə birgə təşəbbüslər pavilyonda geniş yer alır.

Qeyd edək ki, Xəzər suitisi bu il ilk dəfə pavilyonun rəsmi maskotu kimi təqdim olunub.

İki həftə davam edəcək konfrans çərçivəsində Pavilyonda 40-dan çox tədbir, dialoq və ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Proqrama Masdar, ACWA Power, BP, Dünya Bankı, Asiya İnkişaf Bankı, AIIB, EBRD, UNEP, Yaşıl İqlim Fondu və FAO kimi tərəfdaşlarla yanaşı, İDEA da daxil olmaqla qeyri-hökumət təşkilatları fəal töhfə verəcək.

Tədbirlərdə Qazaxıstan və Özbəkistanla "yaşıl enerji" tərəfdaşlığı, təmiz hidrogen, enerji keçidi, Xəzər dənizində su əməkdaşlığı və özəl sektorun maliyyələşdirilməsi məsələləri müzakirə olunacaq.

Türkiyənin ev sahibliyi, Avstraliyanın isə danışıqlara rəhbərliyi ilə keçirilən və 200-dən çox ölkənin nümayəndə heyətini bir araya gətirən COP31 noyabrın 9-dan 20-dək davam edəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 09 noyabr, 2026 / 11:56
Batabat yaylağına qar yağır 08 noyabr, 2026 / 11:16