Zelenski Rubio ilə danışıqların təfərrüatlarını açıqlayıb - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ dövlət katibi Marko Rubio Münxendə Ukraynanın enerji obyektlərinə Rusiyanın zərbələrinin nəticələrini və sülh danışıqlarının gedişini müzakirə ediblər.

"Report" xəbər verir ki, Zelenski bu barədə öz teleqram kanalında yazıb.

"Mən (Rubionu - red.) cəbhədəki vəziyyət, Rusiyanın zərbələri və enerji sisteminə hücumların nəticələri barədə məlumatlandırdım. Qışın soyuğunda insanların həyat təhlükəsizliyi və bizim davamlılığımızı gücləndirmək barədə danışdıq", - paylaşımda qeyd olunub.

Zelenskinin sözlərinə görə, onlar diplomatik prosesi və Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Kiyev, Vaşinqton və Moskva arasında üçtərəfli görüşləri də ətraflı müzakirə ediblər.

"Cenevrədə planlaşdırılan danışıqların nəticəli olması vacibdir və mən ABŞ-yə konstruktiv yanaşmaya görə təşəkkür edirəm. Addımların ardıcıllığı məsələsinə də toxunduq. Təhlükəsizlik təminatları və iqtisadi bərpa məsələlərində irəliləyişin olması vacibdir", - Ukrayna lideri yekunlaşdırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qeyri-rəsmi görüş keçiriblər.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Rubio fevralın 14-də konfransda çıxış edərkən Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq istəyib-istəmədiyinin hələ aydın olmadığını bildirib.

Daha əvvəl Zelenski Rubio ilə görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışıqları aparacağını da açıqlayıb.

Digər xəbərlər