Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes Oliver Blankonu ölkənin xarici işlər və beynəlxalq ticarət naziri təyin edib.
"Report"un "Venezolana de Television" telekanalına istinadən məlumatına görə, bu barədə Rodriqesin açıqlamasında bildirilir.
"Beynəlxalq münasibətləri daha da gücləndirmək üçün Oliver Blankonu Venesuela Bolivar Respublikasının xarici işlər naziri təyin etmək qərarına gəldim. Yeni komandanın islahatları davam etdirəcəyini və bütün ölkələrlə əməkdaşlıq və dostluq münasibətlərinə əsaslanaraq Venesuelanın beynəlxalq mövqeyinin bərpasına töhfə verəcəyini gözləyirəm", - o bildirib.
Rodriqes həmçinin keçmiş xarici işlər naziri Feliks Plasensiyanın Prezident Administrasiyasında Beynəlxalq İşlər İdarəsinin rəhbəri təyin olunduğunu açıqlayıb.
F.Plasensya Böyük Britaniyada diplomatik nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinin əsas məqsədi Venesuelanın İngiltərə Bankında saxlanılan qızıl ehtiyatlarının qaytarılması olacaq.