Ukraynanın Energetikaya Dəstək Fondu oktyabrda ümumi məbləği təxminən 200 milyon avro olan energetika avadanlıqlarının tədarükü üzrə 90 müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal "X" sosial şəbəkəsindəki səhifəsində yazıb və bildirib ki, bu, fond yaradılandan bəri ən yüksək aylıq göstəricidir.
Şmıqal qeyd edib ki, 2026-cı ildə fond iş tempini xeyli sürətləndirib və bunun sayəsində energetika şirkətləri Rusiya Federasiyası ilə müharibə zamanı zədələnmiş infrastrukturu daha tez bərpa etmək imkanı qazanıblar.
Onun sözlərinə görə, ilin əvvəlindən ümumi məbləği 515 milyon avro olan 660 müqavilə bağlanıb. Bununla yanaşı, Fondun yarandığı gündən bəri imzaladığı müqavilələrin ümumi dəyəri 1,32 milyard avronu ötüb.
Alınan avadanlıqların siyahısına güc transformatorları, yarımstansiyalar üçün avadanlıqlar, texnika və yaşayış məntəqələrinin elektrik, istilik və qaz təchizatının bərpası üçün zəruri olan digər kritik vacib komponentlər daxildir.