Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə konsert və qəbul keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinin tarixi memarlıq abidələrindən biri olan "Bosniya və Herseqovina Hərbçilər Evi"ndə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə təntənəli bayram konserti və qəbul təşkil olunub.

"Report"un Balkan bürosu xəbər verir ki, tədbir Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən təşkil edilib.

Mərasimdə Bosniya və Herseqovina hökumətinin nümayəndələri, diplomatik korpusun təmsilçiləri, hərbi attaşelər, EUFOR tərkibində xidmət keçən türk batalyonunun zabit və əsgərləri, ictimaiyyət nümayəndələri və bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən bəhs edərək bildirib ki, xalqımız bu qələbəni təxminən 30 il gözləyib və ona doğru uzun illər ərzində inamla addımlayıb.

Diplomat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər yalnız hərbi qələbə deyil, həm də regionun gələcəyini dəyişdirən, sülhə, dostluğa və qarşılıqlı anlaşmaya yeni ümidlər yaradan tarixi hadisədir.

Səfir 1987-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarının nəticəsində başlayan münaqişənin ölkəmizin ərazilərinin işğalı və yüz minlərlə insanın öz doğma yurdlarından didərgin düşməsi ilə nəticələndiyini xatırladıb.

Münaqişənin dinc yolla həlli üçün uzun illər aparılan beynəlxalq səylərin nəticəsiz qaldığını diqqətə çatdıran Vilayət Quliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatdığını qeyd edib.

Vilayət Quliyev Zəfər Gününün Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiram və Azərbaycan hərbçilərinə minnətdarlıq günü olduğunu bildirib.

Səfir Azərbaycanın tarixi Qələbəsinin Cənubi Qafqazda sülh, sabitlik və regional əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini də diqqətə çatdırıb. Azərbaycan-Ermənistan sərhədində artıq uzun müddətdir atəş səslərinin eşidilmədiyini, sərhədlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında delimitasiyası və demarkasiyası istiqamətində işlərin aparıldığını qeyd edən diplomat regionun gələcəyinin sülh və qarşılıqlı anlaşma üzərində qurulmasının vacibliyini vurğulayıb.

Vilayət Quliyev çıxışında Türkiyənin regionda sülh və sabitliyin təmin olunmasındakı roluna, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə də toxunub. Xüsusilə EUFOR missiyası çərçivəsində Bosniya və Herseqovinada xidmət edən türk hərbçilərinin iştirakını və fəaliyyətini qeyd etmək istərdik. Onların bu ölkədəki xidmətləri Türkiyənin regionda sülh və təhlükəsizliyə verdiyi töhfənin, eləcə də Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərinin bariz nümunəsidir.

Tədbir bədii hissə ilə davam edib, Azərbaycan musiqisinin zəngin ənənələrini və ifaçılıq məharətini nümayiş etdirən sənətçilər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Digər xəbərlər