Noyabrın 7-də Parisdə gəncləri dəstəkləyən və artan yaşayış qiymətlərinə qarşı şüarlar altında daha bir kütləvi nümayiş keçirilib.
Report" xəbər verir ki, bu barədə "Le Parisien" yerli qurumlara istinadən məlumat yayıb.
Paytaxt polis prefekturasının məlumatına görə, Respublika meydanından Millət meydanına doğru keçirilən yürüşdə təxminən 46 min nəfər iştirak edib. Aksiya əsasən insidentsiz keçib. Lakin yürüşün sonunda nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz və işıq-səs qumbaralarından istifadə ediblər.
İctimai asayişin qorunması üçün Fransa üzrə təxminən 70 min polis və jandarm xidmətə cəlb olunub.
Paris və ətraf ərazilərdə polis 5,8 mindən çox yoxlama aparıb, 15 nəfəri saxlayıb. Ölkənin digər şəhərlərində də saxlanılanlar olub. Nant şəhərində qadağan olunmuş əşyalar və materiallar daşıyan beş nəfər polis tərəfindən tutulub.
Eyni zamanda, "Sarı jiletlilər" hərəkatı ölkə üzrə 100-ə yaxın aksiya keçirib. Parisdə hərəkatın bir neçə üzvü Konkord meydanında qadağan olunmuş toplantı keçirməyə cəhd göstərdiklərinə görə saxlanılıb.