Bessentlə He Lifen ABŞ və Çin arasındakı ticarətə dair məsələləri müzakirə ediblər

Çin Dövlət Şurası Baş nazirinin müavini He Lifen, ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir videokonfrans rejimində iki ölkə arasında əsas ticari-iqtisadi məsələləri müzakirə ediblər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

"Tərəflər qarşılıqlı maraq doğuran əsas ticari-iqtisadi məsələlərin konstruktiv müzakirəsini aparıblar. Əsas diqqət iki dövlət başçısının Pekin və Vaşinqtondakı görüşləri zamanı əldə etdikləri razılaşmaların həyata keçirilməsinə, eləcə də ikitərəfli ticari-iqtisadi məsləhətləşmələrin yekunlarına yönəldilib", - media bildirib.

Həmsöhbətlər əməkdaşlığı genişləndirmək və mövcud fikir ayrılıqlarını müvafiq şəkildə həll etmək üçün ikitərəfli ticari-iqtisadi məsləhətləşmələr mexanizmindən daha da səmərəli istifadə edilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, danışıqların iştirakçıları ikitərəfli ticari-iqtisadi əlaqələrin davamlı, sabit və müsbət inkişafına kömək etmək niyyətində olduqlarını təsdiqləyiblər.

Hazırda iki ölkə arasında Çin Sədri Si Cinpinin Vaşinqtona səfərindən sonra 2026-cı ilin sentyabrında uzadılmış ticarət barışığı qüvvədədir.

Digər xəbərlər