Liviya təyyarə qəzasını araşdırmaq üçün Ankaraya mütəxəssislər göndərəcək

Liviya Milli Razılıq Hökuməti Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmada iştirak etmək üçün Türkiyəyə texniki qrup göndərəcək.

"Report" xəbər verir ki, bu barədə ölkənin Ali Dövlət Şurasının ikinci müavini Musa Fərəc məlumat verib.

"Texniki qrup bu səhər araşdırmada iştirak etmək üçün Ankaraya gedəcək", - deyə o, bildirib.

Onun sözlərinə görə, Tripolidə yerləşən Milli Razılıq Hökuməti hadisənin bütün təfərrüatlarını araşdırmaq üçün xüsusi komissiya yaradıb.

Qeyd edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.

Öz növbəsində Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib.

Digər xəbərlər