Fransa Senatı 2027-ci ilin büdcə layihəsində nəzərdə tutulan tədbir olan pensiyaçılar üçün 10 faizlik vergi güzəştinin tamamilə ləğv edilməsinə qarşı çıxıb.
"Report"un Avropa bürosunun məlumatına görə, Senat vergi üstünlüyünün tamamilə ləğvi əvəzinə, onun azaldılmasını təsdiqləyib.
Diqqətçəkən məqam odur ki, buna təkcə solçu və ifrat sağçı fraksiyalar deyil, həm də əvvəllər hökumətlə razılaşmalar çərçivəsində bu tədbiri dəstəkləyən mərkəz-sağçı "Respublikaçılar" (LR) və "Mərkəzçi İttifaq" (UC) qruplarının bəzi nümayəndələri də qarşı çıxıblar.
Nəticədə hökumətin yeni bir problemi yaranıb - gözlənilən büdcə daxilolmaları planlaşdırılandan 1,5 milyard avro az olacaq. Fransa kabineti baza pensiyalarının artırılması xərclərini kompensasiya etmək üçün əlavə gəlir əldə etmək məqsədilə güzəştin ləğvinə ümid edirdi.
Bundan bir neçə gün əvvəl Senat 2027-ci il üçün bütün baza pensiyalarının indeksləşdirilməsini təsdiqləyib. İndi isə vergi çıxılmasının tam ləğvindən imtina bu qərarın maliyyələşmə mənbəyini açıq saxlayır.
Dövlət hesabları naziri David Amyel səsvermənin nəticələrini şərh edərək, yaranmış büdcə probleminə diqqət çəkib. O bildirib ki, qanun layihəsinin parlamentin hər iki palatası tərəfindən gələcək müzakirəsi zamanı həll yollarının axtarışı davam etdirilməlidir.