Yunanıstanın dövlət sektoru işçiləri və özəl sektorun bir neçə həmkarlar ittifaqı əməkhaqlarının artırılması və dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması tələbi ilə ümummilli tətil keçiriblər.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Ümummilli tətil bütün ölkə üzrə nəqliyyatın fəaliyyətində fasilələrə səbəb olub - adalara bərələrin hərəkəti, eləcə də metronun səhər və axşam reysləri dayandırılıb.
Bundan başqa, dənizçilərin, nəqliyyat və telekommunikasiya sahələrinin işçilərinin tətilə qoşulması səbəbindən bəzi regional hava limanlarında uçuşlar dayandırılıb.
Yunanıstanın dövlət sektorunun ən böyük həmkarlar ittifaqı olan ADEDY tərəfindən təşkil edilən bu tətil ölkədə borc böhranı zamanı ləğv edilmiş illik mükafatların bərpasına, eləcə də səhiyyə və təhsil xərclərinin artırılmasına yönəlib.
Məktəb müəllimlərindən xəstəxana həkimlərinə qədər bütün dövlət qulluqçularının tətilə dəstək nümayişləri keçirmək üçün bu gün paytaxt Afinanın və digər şəhərlərin küçələrinə çıxacağı gözlənilir.