Kolumbiyada silahlı şəxslər tərəfindən saxlanılan 30 girov azad edilib

Kolumbiyanın Kartaxena şəhərində "Éxito de La Castellana" mağazasında bir qrup silahlı şəxs tərəfindən saxlanılan 20 girov 16 saatdan sonra azad edilib.

"Report" xəbər verir ki, bu barədə Kolumbiya mediası məlumat yayıb.

Girovların azad edilməsi əməliyyatı zamanı xüsusi təyinatlı dəstənin əməkdaşları cinayətkarlardan bir neçəsini ələ keçirməyə müvəffəq olublar, onlardan birinin öldürüldüyü bildirilir. Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının bir yüksəkrütbəli əməkdaşı yaralanıb.

Ölkə Prezidenti Abelardo de la Espriella bildirib ki, cinayətkarlar əslində zirehli yük maşınını qarət etmək niyyətində olublar və anbar mühafizəsi tərəfindən qəfil yaxalandıqdan sonra insanları girov götürüblər.

Bir neçə mağazanın və idman zalının yerləşdiyi kompleksdə cinayətkarlar 30-a yaxın insanı girov götürüblər. Danışıqların və taktiki yerləşdirmənin ilk saatlarında 5-i yaşlı qadın olmaqla 10 nəfərin azad edilməsinə nail olunub.

Fövqəladə vəziyyətlə əlaqədar ordu bölmələrinin, "Sijin" dəstələrinin, Boqotadan olan xüsusi təyinatlıların dəstəyi ilə 500-dən çox hüquq-mühafizə orqanı əməkdaşının genişmiqyaslı səfərbərliyi həyata keçirilib, həmçinin pilotsuz uçuş aparatları və helikopterlərlə mühasirəyə alınmış ərazi üzərində daimi uçuşlar təşkil edilib.

Digər xəbərlər